ASAN Radio `Formula 1`in media tərəfdaşı oldu - FOTO

ASAN Radio `Formula 1`in media tərəfdaşı oldu - FOTO
  10 Yanvar 2017    Oxunub:4093
“Formula 1”-in Azərbaycandakı promouteri Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ilə ASAN Radio arasında informasiya və digər əlaqəli sahələrlə bağlı əməkdaşlığa dair memorandum imzalanıb.

AzVision.az-ın məlumatına görə, memorandumu BŞH-nın marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai ilə ASAN Radionun direktoru Emin Musəvi imzalayıb.

Tərəflər ölkə ictimaiyyətinin Azərbaycanda keçirilən “Formula 1” yarışı haqqında məlumatlandırılması istiqamətində tərəfdaşlıq qurmaqdan böyük məmnunluğunu bildiriblər.



BŞH-nın sözçüsü Nigar Arpadarai ASAN Radio ilə qurulan əməkdaşlığın yeni imkanlar yaratdığını deyib: “Bu gün biz “ASAN xidmət”lə olan əməkdaşlığımızı daha da genişləndiririk. Bu xidmətin tərkibində fəaliyyət göstərən ASAN Radio ilə qurduğumuz yeni əməkdaşlıq bizə 2017-ci ilin yayında Bakıda baş tutacaq ikinci “Formula 1” yarışı haqqında ölkə ictimaiyyətini daha ətraflı şəkildə məlumatlandırmağa imkan yaradacaq”.

Emin Musəvi isə qeyd edib ki, ASAN Radio Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə əməkdaşlığa başlamaqdan qürur hissi keçirir: “Bu memorandumla ASAN Radio mötəbər yarışın eksklüziv radio tərəfdaşı statusunu qazanır. Xüsusi vurğulamaq istərdim ki, dünya miqyaslı bu cür tədbirlərdə informasiya tərəfdaşı olmaqla ASAN Radio Azərbaycanın dünyaya tanıdılmasında da müstəsna rol oynayacaq”.



Memoranduma əsasən, ASAN Radio dinləyici auditoriyasını əməliyyat şirkətinin fəaliyyəti haqqında mütəmadi şəkildə məlumatlandıracaq və bununla əlaqədar çarxlar hazırlayaraq radioda yayımlayacaq. ASAN Radio BŞH-nın keçirəcəyi tədbirlərdə informasiya tərəfdaşı kimi çıxış edəcək və “Formula 1 2017 Azərbaycan Qran Prisi zamanı əməliyyat şirkətinin fəaliyyətinə dair informasiya dəstəyi göstərəcək.

Anar Kəlbiyev
Foto: Elvin Abdulla

AzVision.az


Teqlər:  





Xəbər lenti