Milli Şurada yeni krizis

Milli Şurada yeni krizis
  21 Avqust 2013    Oxunub:1094
4 təsisçi təşkilat 21 avqusta təklif olunan sessiyaya və yeni vahid namizəd təklifinə konsensus vermədi.

Demokratik Qüvvələrin Milli Şurasındakı qaynaqlara istinadən xəbər yaymışdıq ki, sabah Şuranın növbədənkənar sessiyası çağrıla bilər. Bu zaman gündəlikdə olacaq əsas müzakirə mövzusunu da göstərmişdik. Ehtiyat vahid namizəd və onun müəyyən olunması. Bu məsələ ilə bağlı müsavat.com-a məlumat verilmişdi ki, professor Cəmil Həsənli, onunla aparılan danışıqlardan sonra Milli Şuranın yeni vahid namizədi olmağa razılaşıb.
Görünən bu idi ki, Milli Şura rəhbərliyi demokratik düşərgəni və özlərini saldıqları problemi fərq edərək, sürətli hərəkətlərə keçiblər; yaranmış situasiyadan mümkün ola biləcək optimal çıxış yolu arayırlar.

Lakin 20 avqust saat 19 radələrində gələn xəbərlər onu göstərir ki, vəziyyət heç də sadələşməyə doğru getmir- daha da mürəkkəbləşir. Belə ki, Milli Şuranın ən azı 4 təsisçi təşkilatı 21 avqust sessiyasını boykot etməyə qərar verib. “EL” hərəkatının rəhbərlərindən biri olan Zəfər Quliyev musavat.com-a deyib ki, onun təmsil olunduğu təşkiltın üzvlərinin 99 faizi 21 avqust sessiyasının keçirilməsinə qarşıdır. Çünki “EL” hərəkatı MŞ-nin 19 avqust tarixli sessiyasında cəmi 1 səs üstünlüyü ilə qəbul olunan məlum qərara qarşıdırlar. Z. Quliyev dedi ki, onlar ACP, ALP və KXCP ilə də əlaqə saxlayıblar və bu 4 təşkilat həm yeni vahid namizəd, həm də sabahkı fövqəladə sessiya mövzusunda ortaq qərar veriblər: “Biz sessiyanın keçirilməsini istəmirik və Rüstəm İbrahimbəyovun vahid namizədliyini dəstəkləyirik. Hesab edirik ki, MŞ-nin 19 avqust sessiyasında qəbul olunan qərar yanlışdır və buna görə də həmin qərarın həyata keçməsi yönümündə hər hansı bir addıma dəstək verməyəcəyik”.
Bütün bunların da anlamı budur ki, artıq Milli Şurada ciddi, həm də az qala geriyədönməz fikir ayrılıqları yaranıb və bu səbəbdən də ortaya çıxan dalan vəziyyətinin bugünlərdə həll olunacağı çətin olacaq. MŞ təsisçilərindən 4 təşkilat ortaya atılmış təşəbbüsləri boykot etmək qərarı verib. Bu da o deməkdir ki, sabaha təyin olunan sessiya baş tutmaya bilər.
Yaranmış vəziyyətlə bağlı musavat.com Müsavat Partiyasının başqanı İsa Qəmbərin də fikirlərini alıb. İ. Qəmbər qısa bir açıqlama ilə çıxış edib və bunları deyib: “Müsavat üçün önəmli olan Milli Şuranın, demokratik düşərgənin seçkilərdə iştirakının təmin olunmasıdır. Buna görə də Müsavat üzvləri ötən sessiyadakı reytinq səsverməsində həm ehtiyat vahid namizəd, həm də əsas namizəd konsepsiyasına səs veriblər. Vahid namizəd ideyası bir səs fərqi ilə üstün gəldiyi üçün hazırda Müsavat Partiyası bu ideyanın gerçəkləşməsinə çalışır və bunun üçün də Milli Şuranın sessiyasının mümkün qədər tez keçirilməsini təklif edir. MŞ-nin seçkidə iştirakı ilə bağlı yekun qərar qəbul etməsi üçün sadəcə bir neçə günlük zaman qalıb... ”

Yerdə qalan təşkilatların sessiya keçirməkdə israrlı olub - olmayacağı sabah günün yarısına qədər məlum olacaq. Qeyd edək ki, AXCP də sessiyanın sabah keçirilməsində və Cəmil Həsənlinin yeni vahid namizəd olmasında maraqlıdır.
İstənilən halda, MŞ ətrafında yaranmış vəziyyət bütün demokratik düşərgəni çıxılmaza və qeyri-müəyyənliyə salıb. Görünən də budur ki, MŞ-nin bəzi rəhbərləri vəziyyətdən çıxmaq üçün atılan addımları boykot edərək, durumu daha da ağırlaşdırırlar.
(musavat.com)



Teqlər:  





Xəbər lenti