BQXK şəhidin nəşinin geri qaytarılmasına çalışır

BQXK şəhidin nəşinin geri qaytarılmasına çalışır
  12 Yanvar 2017    Oxunub:2071
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ötən il dekabrın 29-da Azərbaycan-Ermənistan beynəlxalq sərhədində baş vermiş hadisə zamanı həlak olan azərbaycanlı əsgər Qurbanov Çingiz Salman oğlunun nəşinin qaytarılması ilə bağlı tərəflərlə dialoqu davam etdirir.
Bu barədə AzVision.az-a BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.

Onun sözlərinə görə, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) hakimiyyət orqanları ilə danışıqları iki tərəfli və konfedensialdır.

İ. Hüseynova prosesin yubanmasının səbəblərini açıqlayıb: “Biz başa düşürük ki, Ermənistanda hadisə ilə bağlı istintaq gedir. Buna baxmayaraq, meyit ailəyə mümkün qədər tez qaytarılmalıdır. Biz meyitin təhvil verilməsində neytral vasitəçi kimi yardımçı olmağa hazırıq”.

Qeyd edək ki, Azərbaycan ordusunun əsgəri Qurbanov Çingiz Salman oğlu erməni təxribatının qarşısını alarkən şəhid olub. Onun meyiti düşmən nəzarətindəki ərazidə qalıb.

Meyitin geri qaytarılması ilə bağlı Müdafiə Nazirliyi tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə, ATƏT-in Minsk Qrupuna, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikə rəsmi qaydada müraciət edilib.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti