Volqoqraddan Azərbaycana təşəkkür

Volqoqraddan Azərbaycana təşəkkür
  21 Avqust 2013    Oxunub:1048
Volqoqradda Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan Azərbaycan-Rusiya Dostluq parkını şəhər sakinləri çox yüksək qiymətləndirir, buna görə Azərbaycan dövlətinə və ulu öndərin adını daşıyan Fonda minnətdarlıq edirlər.
AzVision.az AzərTAc-a istinadən xəbər verir ki, Bakının Qaradağ rayonunun dəstəyi ilə yaradılacaq parkda aparılan təmir işləri barədə Volqoqradın "Birinci" televiziya kanalı süjet hazırlayıb.

Volqoqradın "Birinci" televiziya kanalının aparıcısı qeyd edib ki, mərkəzi mədəniyyət və istirahət parkının ərazisində cari ilin sentyabrında müasir park istifadəyə veriləcək.

Kanalın aparıcısı qısa müddət ərzində burada həyata keçirilən abadlıq-quruculuq, təmir-bərpa işlərindən məmnunluqla bəhs edir. Bildirilir ki, bu layihənin icrasına cari ilin iyununda Volqoqradda keçirilən dördüncü "Rusiya-Azərbaycan: Regionlararası dialoq-2013" forumu çərçivəsində başlanılıb.

Süjetdə Rusiya Federasiyasının Prezidentinin xarici ölkələrlə regionlararası və mədəni əlaqələr idarəsinin rəisi Vladimir Çernovun bu parkın salınmasına görə minnətdarlığı təqdim edilir. Azərbaycan tərəfinin bu layihənin reallaşmasına göstərdiyi hərtərəfli dəstək süjetdə dəfələrlə vurğulanır.

Qeyd edilir ki, çox qısa müddətə burada genişmiqyaslı işlər görülüb.

Mərkəzi mədəniyyət və istirahət parkının direktoru Andrey Jarkov vurğulayıb ki, bu çox yaxşı başlanğıcdır və bu cür layihələr davamlı olmalıdır. İki ay müddətinə aparılan abadlıq işləri zamanı burada daş divar hörülüb, qazonlar salınıb, suvarma sistemi yaradılmış, elektrik sistemi qurulub.

"Əfqan icması" cəmiyyətinin rəhbəri Nezamuddin Bahavi isə deyib ki, bu ərazidə apreldə olanlar indi inana bilmirlər ki, burada bu cür işlər görülüb. O, diqqətə çatdırıb ki, Azərbaycan tərəfinin yaratdığı bu park şəhərin ən gözəl istirahət mərkəzlərindən biri olacaqdır.

Yaxın həftələrdə inşaatçılar parkda nadirliyi ilə seçiləcək dörd metrlik fəvvarə inşa edəcəklər. Burada, həmçinin Qız qalasını təcəssüm etdirən abidə, səhnə, uşaq meydançaları, ailəvi kafe və digər zəruri obyektlər olacaqdır. Ailəvi kafedə milli xörək və şirniyyatlarımız təqdim ediləcəkdir.

Volqoqrad sakinləri bu cür layihəni çox yüksək qiymətləndirirlər. Şəhər sakini Tatyana Nikolkina bildirir ki, 31 ildir burada yaşayır və bu parkın salınması kimi gözəl layihə hələ görməyib.

Digər sakinlər də qeyd edirlər ki, parkda bütün yaş təbəqələrindən olan insanların istirahəti üçün maksimum şərait yaradılacaq. Tikinti işləri zamanı arxitektorlar azərbaycanlıların da qəhrəmanlıqla iştirak etdiyi "Stalinqrad döyüşü" mövzusuna xüsusi yer ayırmışlar. Parkın yenilənmiş sahəsində bununla bağlı böyük xiyaban salınacaq.

"Volqoqrad veteranları bu cür xiyabanın salınmasını birmənalı olaraq yüksək səviyyədə qarşıladılar", - deyən Volqoqradın Veteranlar Şurasının sədri Aleksandr Strukov Stalinqraddakı və ümumi Qələbənin əldə edilməsində Sovetlər Birliyinin bütün xalqlarının zəhmətinin olduğunu vurğulayır.

4 noyabr - Xalqların Birliyi Günü Volqoqradda yaşayan bütün icmaların nümayəndələrinin burada ağac əkməsi nəzərdə tutulur. "Dostluq evi" Gənclərin Layihələri Təşkilatının rəhbəri Yekaterina Kozaçkova həmin gün bütün icmaların nümayəndələrini ağacəkmə kampaniyasına qoşulmağa çağırır.

Volqoqrad sakinləri əmindirlər ki, burada çox gözəl və müasir bir park yaradılacaq və onlar Azərbaycan tərəfinin bu addımının digərləri üçün nümunə olduğunu qeyd edirlər.


Teqlər:





Xəbər lenti