Teatrdan kütləvi ixtisarlarla bağlı bəyanat

Teatrdan kütləvi ixtisarlarla bağlı bəyanat
  14 Yanvar 2017    Oxunub:2612
Azərbaycan Dövlət Opera və Balet Teatrı xalq artisti, baletmeyster Mədinə Əliyeva ilə bağlı bəyanat yayıb.
“Xalq artisti Mədinə Əliyevanın Opera və Balet Teatrından işdən ayrılması səbəbi haqqında səsləndirdiyi həqiqətdən uzaq olan fikirlərlə tanış olarkən təəccübləndik. Çünki balet artistlərinin teatrı “kütləvi surətdə tərk etməsini” təsdiq etməyə heç bir əsas yoxdur. Mədinə Əliyevanın 14 nəfər balet artistinin teatrdan məcburən uzaqlaşması haqqında məlumatı tamamilə yanlışdır.

Həqiqətdə isə öz yüksək professionallığı ilə fərqlənən balet truppası tam tərkibdə fəaliyyətini davam etdirir və repertuar üzrə tamaşalara hazırlaşır. Kollektivdə ənənəvi olaraq işgüzar əhval-ruhiyyə hökm sürür.

Mədinə Əliyevanın özünün işdən ayrılmasının səbəbi isə onun “gənc aktrisa” adlandırdığı xalq artisti Kamilla Hüseynovanın balet truppasına bədii rəhbər vəzifəsinə təyin olunması ilə qəti surətdə razılaşmamasıdır.

Kamilla Hüseynova uzun illər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı balet truppasının aparıcı səhnə ustası olub. “Zirvə” və “Qızıl Dərviş” mükafatları laureatı, eyni zamanda Prezident mükafatçısıdır. Bir neçə ay öncə - 2016-cı ilin mayında o, “Şəhrizad” baletində Zübeydə rolunun parlaq ifası ilə səhnəsində çıxışlarını başa vurub, hal-hazırda zəngin təcrübəsini gənc, yeni yetişən balet artistlərinə ötürür. Və bu, çox düzgündür. Mədinə Əliyevanın bu vəziyyətlə razılaşmamasına gəlincə, teatr rəhbərliyi məsələ ilə əlaqədar dəfələrlə onunla söhbət aparıb, fəaliyyətini davam etdirməyə çağırıb. Lakin o özü üçün daha düzgün hesab etdiyi qərarı seçib. Öz istəyi ilə teatrdan azad olunmaq haqqında ərizə ilə müraciət edib və rəhbərlik onun arzusunu yerinə yetirib. Bir müddət əvvəl Mədinə Əliyeva Xoreoqrafiya Akademiyasından da öz ərizəsi ilə azad olunub. Təəssüf edirik ki, emosiya və ambisiyalar bəzən arzuolunmaz nəticələrə gətirib çıxarır. Eyni zamanda kiminsə şəxsi istəyini teatrın maraqlarından üstün tutmasını, onları ultimativ şəkildə səsləndirilməsini və yanlış məlumatları yaymasını düzgün hesab etmirik”.

Xalq artisti M. Əliyeva isə AzVision.az-a bildirib ki, teatrda mübarizə apara bilmədiyi üçün işindən ayrılıb. “Orada elə sistem qurulub ki, mənim tək mübarizə aparmağa gücüm qalmadı. Ona görə də işdən çıxdım”.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti