Bizə Lavrovun təklifi lazım deyil - Operativ şərh

Bizə Lavrovun təklifi lazım deyil - Operativ şərh
  17 Yanvar 2017    Oxunub:5253
Bu gün Moskvada keçirilən mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı ciddi mesaj verib. XİN rəhbəri münaqişənin həllinə dair bir sıra sənədlərin mövcud olduğunu xatırladıb. Bildirib ki, Qarabağın yekun statusunun müəyyənləşdirilməsi şərti və işğal olunmuş ərazilərin sülh yolu ilə azad olunması tələbi hər zaman qüvvədə qalır.

“Qarabağın yekun statusunun müəyyən edilməsi şərti ilə işğal olunmuş ərazilərin azad edilməsi tələbi qüvvədə qalır. Bu, təkcə Azərbaycanın daxili işinin mövzusu deyil. Münaqişənin hələ gərgin zamanında BMT Təhlükəsizlik Şurasında qəbul edilən və atəşkəs elan olunmasını tələb edən qərarlar qəbul edilib. Atəşkəs elan olunduqdan sonra Rusiya və ATƏT-in vasitəçiliyi ilə güc tətbiq edilməməsi şərti ilə işğal olunmuş ərazilərin azad olunması tələbi qüvvədə qalır. Bu şərt Dağlıq Qarabağın yekun statusunun müəyyən edilməsi zamanı da keçərlidir”,- deyə Lavrov Bakı və İrəvana səslənib.

Lavrov nə demək istəyir?

XİN rəhbəri bu çıxışı ilə açıq-aşkar deyir ki, münaqişənin həlli ilk növbədə Qarabağın statusunun müəyyənləşdirilməsindən asılıdır. Yəni, Qarabağın statusu təyin olunmalı, sonra torpaqların işğaldan azad olunması məsələsi gündəmə gələ bilər. Lavrovun bu bəyanatı Azərbaycan dövlətinin Qarabağ strategiyasına tamamilə ziddir. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, torpaqlarımız işğaldan azad olunmadan hansısa statusdan söhbət gedə bilməz.

”Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi şərti və işğal olunmuş ərazilərin sülh yolu ilə azad olunması tələbi hər zaman qüvvədə qalır” - Lavrovun təklif etdiyi həll variantı birbaşa ermənilərin mövqeyini ifadə edir, hətta Sarkisyanın çıxışlarından belə fərqlənmir. Sözsüz ki, bu, düşmənin yenə təmas xəttində fəallaşmasına, daha böyük toqquşmalara gətirib çıxara bilər. Bu baxımdan Lavrovun Qarabağ çıxışı təhlükəli siyasi təxribatdan başqa bir şey deyil.

Bundan öncə də müxtəlif dairələr tərəfindən Lavrovun təklifini təkrarlayan fikirlər səsləndirilib. Rəsmi Bakı bununla bağlı qəti mövqeyini ifadə edib və dünyanın diqqətinə çatdırıb ki, Azərbaycan əvvəl status, sonra torpaqların işğaldan azad olunması təklifi ilə birmənalı şəkildə razı deyil və bu, müzakirə mövzusu ola bilməz.

Rusiya Ermənistanın işğal siyasətini dəstəkləyir?

Rusiya XİN rəhbərinin çıxışı Qarabağ danışıqlarını zərbə altına qoyur. Nəzərə alsaq ki, Qarabağ münaqişəsinin həlli regionun təhlükəsizliyi və stabilliyi üçün vacib məsələdir. O zaman ermənilərin Rusiyaya arxayınlaşaraq yeni təxribatlara əl atması regionda vəziyyətin kritik həddə çatacağından xəbər verir.

Azərbaycanın təklif etdiyi həll variantı əvvəlcə atəşkəsin təmin olunması, sonra işğal altındakı torpaqların qaytarılması, qaçqın və məcburi köçkünlərin geri qayıtması və bundan sonra statusla bağlı referendum keçirilməsindən ibarətdir. İşğala son qoymaq nyiyətində olmayan Ermənistan tərəfi Lavrovun təklif etdiyi kimi “paket həll” variantının üzərində dayanır. Bu da münaqişənin nizamlanmasının yubanmasına səbəb olur və olacaq.

Danışıqlar prosesinin dalana dirəndiyi bir vaxtda Lavrovun ermənipərəst mövqe sərgiləməsi Azərbaycanın münaqişənin həlli ilə bağlı yeganə yolunun (müharibə variantı) qaldığını göstərir.

Xatırladaq ki, prezident İlham Əliyev Nazirlər Kabinetinin yanvarın 10-da keçirilən iclasında Dağlıq Qarabağ münaqişəsi ilə önəmli fikirlər səsləndirib. Ali Baş Komandan çıxışında bildirib ki, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır.

“Status-kvonun dəyişdirilməsi işğalçı qüvvələrin torpaqlarımızdan çıxarılması deməkdir. Budur, münaqişənin həlli yolları. Bunun başqa yolu ola bilməz. Azərbaycan heç vaxt öz torpağında ikinci qondarma erməni dövlətinin yaranmasına icazə verməyəcək. Azərbaycan heç vaxt bu vəziyyətlə barışmayacaq. İşğalçı rejim, Ermənistan rəhbərliyi bunu nə qədər tez dərk etsə, bu, onlar üçün o qədər də yaxşı olacaq”.

Prezident çıxışında bir daha işğalçı Ermənistanın və onun havadarlarının diqqətinə çatdırıb ki, Azərbaycan heç bir halda işğalla barışmayacaq: “Aprel döyüşləri həm bizim parlaq qələbəmizdir, həm bir daha Azərbaycan dövlətinin gücünü göstərdi, həm də bir daha göstərdi ki, biz heç vaxt bu vəziyyətlə barışmayacağıq. Biz bütün təxribatlara layiqli cavab verəcəyik. Eyni zamanda, illər boyu Ermənistan tərəfindən yaradılmış mif tamamilə darmadağın edildi. Xaricdən silahlar, pullar, digər yardımlar olmasa, onlar bir həftə ərzində bizim qabağımızda duruş gətirə bilməzlər. Bunu özləri də etiraf edirlər. Biz bunu çoxdan bilirdik”.

Elvin Abdulqədirov
AzVision.az



Teqlər:  





Xəbər lenti