Mədəniyyət naziri şri-lankalı həmkarı ilə görüşüb

Mədəniyyət naziri şri-lankalı həmkarı ilə görüşüb
  03 May 2024    Oxunub:625
Mədəniyyət naziri Adil Kərimlinin Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində daha bir görüşü Şri-Lankanın buddha sasana, din və mədəniyyət işləri naziri Vidura Viçramanayake ilə baş tutub.
Mədəniyyət Nazirliyindən AzVision.az -a verilən məlumata görə, nazir Azərbaycanın mədəniyyətlərarası dialoqa verdiyi töhfələrdən bəhs edib, bu il altıncı dəfə gerçəkləşən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətini vurğulayıb.

Nazir həmçinin bu il ölkəmizin daha bir qlobal əhəmiyyətli tədbirə – BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyini diqqətə çatdırıb. Bunun beynəlxalq birliyin Azərbaycanın ətraf mühit və iqlim dəyişikliyi məsələlərinə göstərdiyi həssas münasibətinə verilən qiymət olduğunu deyib.

Nazir Vidura Viçramanayake Forumun yüksək səviyyədə təşkilinə və nümayəndə heyətlərinə göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib.

Söhbət zamanı mədəni irsin qorunması sahəsində əməkdaşlıqla bağlı müzakirə aparılıb. Ölkəsinin mədəni irsin qorunması ilə bağlı zəngin ənənələrə malik olduğunu deyən Şri-Lanka naziri bu sahə üzrə təcrübələrini Azərbaycanla bölüşə biləcəklərini diqqətə çatdırıb.

Vidura Viçramanayake Azərbaycanın mədəniyyət nazirini Şri-Lankaya rəsmi səfərə dəvət edib.

AzVision.az


Teqlər: Mədəniyyət-Nazirliyi   Şri-Lanka   görüş  





Xəbər lenti