`Beynəlxalq vəziyyət gərginləşib` - Azərbaycan XİN
Baş verən iğtişaşlar və gərginliyin fonunda Azərbaycanın həyata keçirdiyi xarici siyasət fəaliyyəti uğurlu daxili siyasətimizi tamamlayaraq, konstruktivliyi, bərabərhüquqlu dialoqa açıqlığı, eləcə də sülh və əməkdaşlığın təşviqi kimi məqsəd və məramları ilə fərqlənib. Müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünü hər sahədə əldə etdiyi yüksək nailiyyətlərlə qeyd edən ölkəmiz regional lider mövqelərini daha da möhkəmləndirib, daxil olduğu geosiyasi məkanda maraqların tarazlığının təmin edilməsi, mehriban qonşuluq münasibətlərinin təşviqi və qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində səylərini artırıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin V Bakı Beynəlxalq Humanitar Forumun rəsmi açılış mərasimində qeyd etdiyi kimi, “düzgün iqtisadi siyasət, cəmiyyətdəki əmin-amanlıq, sabitlik, qonşularımızla xoş münasibətlər və beynəlxalq təşəbbüslərimiz bu gün Azərbaycanı dünyada sabitlik və inkişaf məkanı kimi səciyyələndirir”.
Əldə olunmuş bu sabitlik və inkişafın etibarlı dayaqlarına əsaslanan Azərbaycanın xarici siyasət fəaliyyəti Azərbaycanın ərazi bütövlüyünün bərpası, ikitərəfli və çoxtərəfli beynəlxalq əməkdaşlıq müstəvisində mövqelərimizin gücləndirilməsi, milli maraqlarımıza xidmət edən irimiqyaslı beynəlxalq layihələrin həyata keçirilməsi, multikulturalizm və sivilizasiyalararası dialoqun təşviq edilməsi kimi prioritet istiqamətlərə yönəlib".
Vurğulanıb ki, XİN-in fəaliyyətinin əsas hədəfi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməsinə yönələn beynəlxalq səylərin artırılmasından ibarət olub: "2016-cı il də bu məqsədlərə cavab verən bir sıra mötəbər beynəlxalq təşkilatların qərarları ilə səciyyəvi olub".
Eldar Tanrıverdiyev
AzVision.az