Avropa Parlamentinin yeni sədri seçilib - Yenilənib

Avropa Parlamentinin yeni sədri seçilib - Yenilənib
  18 Yanvar 2017    Oxunub:3251
Avropa Parlamentinin (AP) Strasburqda keçirilən plenar sessiyası çərçivəsində baş tutan səsvermənin dördüncü turunun nəticələrinə əsasən AP-nin yeni sədri vəzifəsinə Avropa Xalq Partiyasının nümayəndəsi, 63 yaşlı italiyalı Antonio Tayani seçilib.
“RİA Novosti” xəbər verir ki, bu barədə Avropa Parlamentinin sədri vəzifəsini tərk edən Martin Şults bildirib.

Martin Şults Almaniyada bu il keçiriləcək parlament seçkilərində iştirak etmək məqsədi ilə noyabrda qeyd olunan vəzifədən istefa verəcəyini elan edib.

***

Avropa Parlamentinin sədr vəzifəsinə iddialı altı namizəd səsvermənin üçüncü turunda qələbə üçün lazımi səsləri toplaya bilməyiblər.

Bu barədə Avropa Parlamentinin hazırkı rəhbəri Martin Şults bildirib. Beləliklə, mövcud qaydalara əsasən dördüncü – sonuncu tur keçiriləcək. Bu tura isə əvvəlki səsvermə vaxtı ən böyük səslərin sayını almış iki namizəd çıxacaq.

Qeyd edək ki, bu şəxslərdən biri Avropa Xalq Partiyasının fraksiyasını təmsil edən deputat Antonio Tayanidir. O, 291 səs toplayaraq üçüncü turun nəticəsinə görə lider mövqeyini saxlayıb. A.Tayaninin rəqibi isə İtaliyanın təmsilçisi, Avropa Parlamentində "Sosialistlərin və Demokratların Proqressiv ittifaqı" fraksiyasına başçılıq edən Canni Pitella olacaq. C.Pitella üçüncü turda 198 səs toplayıb.

Əgər dördüncü turda da qalib müəyyənləşməsə, mövcud qaydalara əsasən iki namizəddən yaş üzrə daha böyüyü qurumun sədri seçiləcək. Qeyd edək ki, Tayaninin 63, Pitellanın isə 58 yaşı var. Səsvermənin dördüncü turu Bakı vaxtı ilə saat 00:00-da keçiriləcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti