Rusiya Qafqazda `balaca bir müharibə` istəyir? – TƏHLİL

Rusiya Qafqazda `balaca bir müharibə` istəyir? – TƏHLİL
  19 Yanvar 2017    Oxunub:7664
Məlum olduğu kimi, Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında azərbaycanlı jurnalistin “işğal olunmuş ərazilərdə antiterror əməliyyatlarının başlanacağı və ərazilərin işğalçı qüvvələrdən təmizlənəcəyi təqdirdə, Moskva buna göz yumacaqmı, yoxsa Azərbaycanın daxili işlərinə qarışacaqmı?” sualına cavab olaraq bildirib ki, “Bu, hansısa abstrakt məsələ və yalnız Azərbaycanın daxili işi deyil”. Daha sonra Sergey Lavrov Dağlıq Qarabağla bağlı beynəlxalq müstəvidə aparılan danışıqlardan və atəşkəsin pozulmasının yolverilməzliyindən söz açıb. O, Azərbaycanın işğal altındakı ərazilərinin azad edilməli olduğunu etiraf etsə də, bunun yalnız Daqlıq Qarabağın statusunun müəyyənləşdirilməsindən sonra və yalnız sülh yolu ilə baş tutacağını vurğulayıb.

Moskva açıq şəkildə Bakıya çatdırır ki, öz torpaqlarını azad etmək üçün hərbi yola əl atmasın və əvvəlki tempdə danışıqların davam etməsi daha məqsədəuyğundur. Yəni, bu dəfə Rusiya münaqişə ətrafında status-kvonun saxlanılmasının tərəfdarı kimi çıxış etdi.

Lavrovun bu bəyanatına cavab olaraq, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın ərazi bütövlüyünün dünya dövlətləri tərəfindən tanınması, işğal olunmuş ərazilərin boşaldılmasını tələb edən BMT-nin məlum dörd qətnaməsini, prezident İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı heç bir güzəştin olmayacağı ilə əlaqədar verdiyi bəyanatı bir daha xatırlatsa da, hərbi əməliyyatlara dair mövzuya toxunmayıb.

Dağlıq Qarabağ münaqişəsi ətrafında uzun illərdir ki, beynəlxalq müstəvidə danışıqlar aparılır və Rusiya vasitəçilərdən biri kimi heç bir vaxt Ermənistanın mövqeyini açıq dəstəkləməyib. Moskva məsələyə daha çox neytral mövqedən yanaşmağa üstünlük verib. Lakin son dövrlər baş verən hadisələr və Lavrovun bu bəyanatı onu deməyə əsas verir ki, əgər Azərbaycan öz ərazilərinin azad edilməsi üçün hərbi yola əl atarsa, hərbi əməliyyatların keçirildiyi ərazidən asılı olmayaraq, Moskvanın münaqişəyə müdaxilə etmə ehtimalı istista olunmamalıdır.

Keçən ilin dekabrın 29-da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının səlahiyyətləri bitməkdə olan sədri Nikolay Bordyujanın öz bəyanatında Dağlıq Qarabağı “respublika” adlandırması, ardınca, “KVN”-də qondarma separatçı qurumun respublikasının komandasının yer alması Moskvanın Bakıya bu mənada göstərdiyi dolayı təzyiq kimi də qəbul oluna bilər.

Hazırkı məqamda Rusiyanın Dağlıq Qarabağ münaqişəsi məsələsində erməniyönümlü mövqe sərgiləməsi və Azərbaycanı hərbi əməliyyatlardan çəkindirmək istəməsi nə ilə əlaqədar ola bilər? Və ümumiyyətlə, Moskva niyə Azərbaycanın hərbi yola əl atacağından ehtiyatlanır?

Azərbaycan prezidenti İlham Əliyev hər zaman münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu bəyan edib. Hətta aprel hadisələrindən sonra belə, Rusiyanın baş naziri Dmitri Medvedyevlə görüşündən sonra prezident bəyan etmişdi ki, “Azərbaycan danışıqlar prosesinin tərəfdarıdır. Danışıqlar 20 ildən çoxdur ki, aparılır. Vəziyyətin gərginləşməsində guya Azərbaycanın günahkar olması barədə Ermənistan tərəfindən irəli sürülən bütün ittihamlar tamamilə əsassızdır. Aprelin əvvəlində baş vermiş silahlı toqquşmanın xarakteri onu göstərir ki, bizim genişmiqyaslı hərbi əməliyyatlara başlamaq niyyətimiz yox idi və indi də yoxdur. Biz sadəcə öz mövqelərimizi, öz vətəndaşlarımızın dinc həyatını müdafiə edirdik”.



Burada iki əsas ehtimal irəli sürülə bilər: Birincisi, keçən ilin aprel ayında münaqişə zonasında baş vermiş hərbi əməliyyatlardan sonra Rusiya ilə Azərbaycan arasında işğal olunmuş ərazilərin boşaldılması ilə bağlı razılaşmanın olması ehtimalıdır. Həmin vaxt, məhz Rusiya tərəfinin aktiv müdaxiləsindən sonra Azərbaycanın hərbi qüvvələri işğal olunmuş ərazilərdə Ermənistan hərbi qüvvələrinə qarşı hücumu dayandırdı və yenidən atəşkəs bərqərar olundu. Bundan sonra Rusiyanın aktiv vasitəçiliyi ilə yenidən intensiv danışıqlar başlandı. Aprel ayının 8-də Bakıya səfər etmiş Rusiyanın baş naziri Dmitri Medvedyev prezident İlham Əliyevlə apardığı danışıqlardan sonra bəyan etdi ki, “Danışıqların, sülh yolu ilə nizamlamanın heç bir alternativi yoxdur. Buna görə biz, əlbəttə, atəşin dayandırılmasını alqışlayırıq. Ümid edirik ki, bu atəşkəs davamlı, uzunmüddətli xarakter daşıyacaq, danışıqların yenidən başlanması və son illərdə formalaşmış yanaşmalar çərçivəsində irəliləmək, tərəflərin mövqelərini yaxınlaşdırmaq, kompromislər axtarmaq üçün etibarlı təməl olacaq”.

Kremlə yaxınlığı ilə seçilən politoloq Sergey Markov isə aprelin 15-də APA-ya verdiyi müsahibəsində bildirdi ki, “Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi istiqamətində, Kazan prinsipləri əsasında planın icrasına yaxın vaxtlarda start veriləcək. Bu prinsiplərə əsasən Ermənistan Dağlıq Qarabağ ətrafındakı rayonlardan öz qoşunlarını geri çəkməlidir. Azad olunmuş ərazilərə Azərbaycan əhalisinin yerləşdirilməsi uzun müddət sürə bilər, ancaq ilin sonuna kimi beş rayon Azərbaycana geri qaytarılacaq”.

Ancaq bundan bir neçə ay sonra, həmin Markov “moscow-baku” portalına verdiyi müsahibədə qeyd edir ki, “Münaqişənin gərginləşməsi bağlı qapılar arxasında fəal danışıqlara gətirib çıxardı. Danışıqlar masasında Kazan formulu var idi, ancaq Ermənistan daxili siyasi səbəblər üzündən onun reallaşdırılmasına hazır deyildi. Rusiya və Ermənistan prezidentlərinin 10 avqust görüşündən sonra Dağlıq Qarabağ tənzimlənməsi yenidən dondurulma mərhələsinə keçirilməyə başlandı. Azərbaycan rəhbərliyi seçim qarşısında qoyulub – ya aprel hadisələrini təkrarlamaq, ya da diplomatik təşəbbüsləri fəallaşdırmaq”.

Yuxarıda qeyd olunanları da nəzərə alsaq, ehtimal etmək olar ki, münaqişənin həlli ilə bağlı Kazan prinsiplərinə riayət olunması və Azərbaycanın beş rayonun boşaldılmasına Rusiya artıq razı deyil. Ermənistanyönümlü addımlar atmaqla isə Bakıya dolayı yolla işarə edir ki, əgər hərbi yola əl atarsa, Moskva da Yerevanın tərəfində münaqişəyə qoşula bilər.

İkinci versiya kimi isə, Rusiyanın Dağlıq Qarabağ ətrafında spekulyasiyalara əl atmasını Amerikaya müəyyən mesajlar vermək cəhdi kimi yozmaq olar. Belə ki, Moskvanın əsas məqsədinin Amerikanı Corc Buşun dövründə olduğu kimi, “terrorla mübarizə” adı altında özü ilə əməkdaşlığa cəlb etmək olduğunu nəzərə alarsaq, yeni prezident Donald Trampla da eyni düsturla çalışmaq niyyəti istisna edilməməlidir. Rusiyanın Suriyada fəal olaraq hərbi əməliyyatlara qoşulması və bu yolla Yaxın Şərqdə müəyyən mövqe əldə etməsi, paralel olaraq, “şiə ittifaqı”na dəstək göstərməsi ABŞ-ı məcburi əməkdaşlığa sövq etmək istəyilə bağlıdır. Hazırda Suriyada Rusiyanın dəstəyilə şiə qüvvələr müəyyən qədər möhkəmlənib və onlara müqavimət göstərən yeganə regional qüvvə olan Türkiyə ilə razılıq əldə olunub.



Rusiyanın Türkiyədəki səfiri Karlovun qətlindən sonra prezident Vladimir Putin bəyan etdi ki, terrorizmə qarşı mübarizə gücləndiriləcək. Bu bəyanatdan sonra, Rusiyanın səfirin qətlindən bəhanə kimi istifadə edərək, Suriyada hərbi əməliyyatları daha da genişləndirəcəyi ehtimal olunurdu. Lakin hadisədən bir müddət sonra, Qara Dəniz üzərində Suriyaya uçan Rusiyanın Tu-154 təyyarəsinin qəzaya uğraması və nəticədə 47 nəfərin həlak olmasından sonra Moskvanın terrorizmlə mübarizə ilə bağlı hədələyici bəyanatları azalmağa başladı. Təbii ki, bu məsələdə ictimaiyyətdə müharibə əleyhinə formalaşan mənfi rəy öz təsirini göstərməyə bilməzdi. İqtisadi böhranla bağlı sosial rifahın pisləşdiyi bir məqamda ictimai rəyin Suriyadakı müharibə səbəbilə hakimiyyətə qarşı yönəlməsi Kreml üçün arzuolunmaz haldır.

Ancaq bununla belə, Rusiyanın Suriyadakı fəallığının azalmasına təsir edən digər bilinməyən faktorlar da ola bilər. Suriyada atəşkəs haqqında razılıq əldə etmiş, Ukraynada nisbi sakitliyə nail olmuş Rusiya düşünə bilər ki, Qafqazda kiçik miqyaslı müharibə onun üçün iqtisadi cəhətdən o qədər də ağır olmaz, Rusiyada ictimaiyyətin reaksiyasi mənfi olsa da, ümumilikdə siyasi reytiqlərə ciddi təsir göstərməz. Həmçinin Qafqaz regionunda ciddi iqtisadi maraqları olan Qərb Rusiya ilə danışıqlara sövq edilməklə yanaşı, iqtisadi-siyasi suverenlik qazanmış Azərbaycan da ondan asılı vəziyyətə düşər.

Türkiyəyə gəldikdə isə, Ankara Suriya məsələsində Moskva ilə razılığa gəldiyi üçün müvəqqəti olaraq Qafqaza müdaxilə edə bilmir. Türkiyə Moskva ilə işbirliyinə girdiyini Qərbə nümayiş etdirməklə Ağ Evin yeni sahibinin gözündə öz qiymətini qaldırmağa çalışır.

Eləcə də Moskva Trampın gəlişinə hazırlaşır və ona təzyiq göstərmək üçün kartlarının sayını artırmaqla məşğuldur. Trampın Yaxın Şərqdə hansı addımı atacağını, Rusiya ilə münasibətlərdə hansı istiqamətə üstünlük verəcəyini əvvəlcədən demək mümkün olmasa da, əgər respublikaçıların ənənəsinə uyğun olaraq, Suriyada müharibəyə başlarsa, Rusiya ABŞ-a qarşı hərbi qarşıdurmaya getməyəcək. Buna nə Rusiyanın iqtisadi imkanları, nə də, iqtisadi tənəzzüllə bağlı hakimiyyətin aşağı düşən siyasi reytinqi imkan verir. Ona görə, Rusiya hər ehtimala qarşı indidən Qafqazda böyük iqtisadi maraqları olan Amerikaya Qarabağ kartını göstərməyə çalışa bilər.

Tofiq Əsgərov
AzVision.az


Teqlər:  





Xəbər lenti