Azərbaycanın ATƏT-in yeni sədrindən gözləntiləri

Azərbaycanın ATƏT-in yeni sədrindən gözləntiləri
  19 Yanvar 2017    Oxunub:1526
“ATƏT-in hazırki sədri, Avstriyanın xarici işlər naziri Sebastyan Kurts Dağlıq Qarabağ münaqişəsinin həllində fəal olacaqlarını bəyan edib. Biz buna şübhə etmirik”.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mili Məclisin sədr müavini Bahar Muradova deyib.

"Bu fəallıq məsələnin ədalətli həllinə gətirib çıxaracaqmı?! Sebastyan Kurts bu məsələyə töhfə verə biləcəkmi?!” kimi suallara indidən birmənalı şəkildə konkret cavab vermək mümkün deyil", - deyə vitse-spiker vurğulayıb.

“Məsələnin sülh yolu ilə həllinə çalışmaq lazımdır. Bir qayda olaraq, Minsk Qrupu həmsədrləri buna çağırış edir, amma ortada konkret nəticə yoxdur. Fəaliyyətdə olan sədrlər belə çağırışların real əmələ çevrilməsi ilə bağlı fikirlərini bölüşsəydilər, biz ona münasibət bildirə bilərdik. Amma ümumilikdə olaraq, “fəal olacağıq, bu məsələni gündəlikdə saxlamağa çalışacağıq, bu məsələ həll olunmalıdır” kimi çağırışlar fəaliyyətdə olan sədrin üzərinə qoyulan öhdəlikləri yerinə yetirəcəyinə inamı formalaşdırır”.

B.Muradova qeyd edib ki, Azərbaycan hər zaman Dağlıq Qarabağ münaqişəsinin həllinin nəticəsiz qalmasından narahatlığını bildirib: “Əlbəttə ki, biz ATƏT-in Minsk Qrupu həmsədrlərinin qeyri-fəal olduğunu heç zaman söyləməmişik. Onların ümumilikdə fəaliyyəti hər zaman fəal münasibət ortaya qoyduğunu göstərir. Ancaq biz onun nəticələri ilə bağlı narahatlığımızı ifadə etmişik. Bir qayda olaraq, ATƏT-in Minsk qrupu həmsədrləri bölgəyə coxsaylı səfərlər edirlər, sosial şəbəkələrdə məsələyə münasibət bildirir, açıqlamalar verirlər. Bu məsələ zahirən çox fəal görünür. Amma nəticə yoxdur”.

Xatırladaq ki, ATƏT-in yeni sədri -Avstriyanın xarici işlər naziri Sebastyan Kurts Dağlıq Qarabağ münaqişəsinin həllinə Minsk qrupu çərçivəsində dəstəyi davam etdirəcəyini deyib.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti