Kral II Abdulla: `İstərdim İlham Əliyev dəstəyimi hiss etsin`
Prezident İlham Əliyevin Kral Abdullah ilə görüşlərini məmnunluqla xatırladığını deyən Hacı Allahşükür Paşazadə belə görüşlərin xalqları daha da yaxınlaşdırdığını vurğuladı. Azərbaycanda dinə qayğının bir dövlət siyasəti səviyyəsinə çatdığını bildirən Şeyxülislam bunun sübutu kimi son illər görülən işlər, inşa edilən məscid və mədrəsələr, digər dinlərin daşıyıcılarının qayğılarının qarşılanması barədə məlumat verdi. Hacı Allahşükür Paşazadə Ammanda keçirilən nüfuzlu konfransı yüksək qiymətləndirməklə yanaşı növbəti belə tədbirin Bakıda təşkil edilməsini təklif etdi.
Kral bəyan etdi ki, Azərbaycanda müxtəlif dinə qail olanların birgə yaşaması, dinc əməkdaşlıq etməsi dünyanın bütün müsəlman dövlətlərinə nümunə ola bilər. Söhbətin bu yerində görüşdə iştirak edən Şahzadə Qazi Azərbaycan məscidlərində müxtəlif məzhəbli dindarların bir yerdə ibadət etdiyini xatırlatdı, bu məlumat II Abdullahı xoş bir heyrətə saldı. Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə bu gün dünyada, xüsusilə Misirdə müsəlmanların bir-birinin qanını axıtdığını məyusluqla qeyd etdi, bildirdi ki, eyni qibləyə namaz qılanlarn bir-birini kafir adlandıraraq qətlə yetirməsinin qarşısını almaq üçün dünyanın bütün nüfuzlu insanları birləşməlidir.
Kral Abdullah bu fikri təsdiqlədi və bildirdi ki, o bu yolda bütün imkanlarından istifadə edəcək. Sonda isə Hacı Allahşükür Paşazadə yaxın zamanlarda istifadəyə veriləcək möhtəşəm məscid kompleksinini açılışında iştirak etmək üçün İkinci Abdullahı Azərbaycana dəvət etdi. Kral bu dəvəti məmnuniyyətlə qəbul etdi və bildirdi ki, o, Azərbaycana məscid komleksinin açılışından daha tez, Prezident seçkilərinə qədər gəlmək istərdi. “İstərdim ki, dostum və qardaşım Prezident İlham Əliyev mənim dəstəyimi hiss etsin. Mən əminəm ki, Azərbaycan xalqı doğru seçim edəcək və İlham Əliyevi özünə yenidən rəhbər seçəcək”.
Görüşün sonunda Hacı Allahşükür Paşazadə və Kral II Abdullah bir birlərinə xatirə hədiyyələri bağışladılar.
Teqlər: