AŞPA-nın göyçaylı vitse-prezidenti: `Ən böyük arzum çin oldu`

AŞPA-nın göyçaylı vitse-prezidenti: `Ən böyük arzum çin oldu`
  24 Yanvar 2017    Oxunub:9831
Xəbər verdiyimiz kimi Ukrayna Ali Radasının Azərbaycan əsilli deputatı Georgi Loqvinski Avropa Şurası Parlament Assambleyasının vitse-prezidenti seçilib.
AzVision.az- ın məlumatına görə, G.Loqvinski AŞPA-nın Strasburqda keçirilən sessiyasında yekdilliklə bu vəzifəyə layiq görülüb.

O, qələbəsi ilə bağlı təəssüratlarını sosial şəbəkədə bölüşüb: “Bu, beynəlxalq cəbhədə - Strasburqda Ukraynanın növbəti qələbəsidir. Avropa Şurası Parlament Assambleyasının vitse-prezidenti vəzifəsi Ukrayna tarixində beynəlxalq parlament arenasında ən yüksək mövqedir. Bu, mənim üçün böyük şərəf, qürur və məsuliyyətdir. Qeyd etmək istəyirəm ki, bu gün qazandığım uğur ölkənindir.

Yeni vəzifəmdə Ukraynanın ərazi bütövlüyünün bərpa olunması, vətəndaşlarımızın hüquqlarının qorunması istiqamətində səylərimi əsirgəməyəcəm. Sözləri mənim üçün simvol və deviz olan böyük filosof Rambam deyirdi: “İstəklər qarşısında dayana biləcək heç nə yoxdur”.

Mən ilk dəfə 10 il bundan öncə Mustafa Cəmilin köməkçisi və hüquq müdafiəçisi kimi AŞPA-nın iclasının gedişatını eyvandan izləyirdim. O vaxtdan mənim üçün ən böyük məqsəd ölkəm üçün beynəlxalq arenada ən yüksək qələbə qazanmaq olub. Bu gün arzum çin oldu.

Hər kəsə qarşısına çata biləcəyi ən yüksək məqsədlər qoymağı və qələbə zirvələrini fəth etməyi arzulayıram! Biz birlikdə hər şeyə nail ola bilərik”.

Qeyd edək ki, milliyətcə yəhudi olan Georgi Loqvinski əslən Azərbaycanın Göyçay rayonundandır.



İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti