İran ABŞ-a xəbərdarlıq etdi: `Bu, müsəlmanlara təhqirdir`

İran ABŞ-a xəbərdarlıq etdi: `Bu, müsəlmanlara təhqirdir`
  29 Yanvar 2017    Oxunub:4118
Rəsmi Tehran ABŞ prezidenti Donald Trampın İran və digər müsəlman ölkələrinin vətəndaşlarının ölkəyə girişinə qadağa qoyulmasına dair qərarına eyni tədbirlərlə cavab verəcək.

Bu barədə İran Xarici İşlər Nazirliyinin dünən yaydığı bəyanatda bildirilir. Bəyanatda deyilir ki, hökumət böyük İran xalqını daxildə və ölkə hüdudlarından kənarda qorumaq məqsədilə Amerika hökumətinin qısamüddətli və ortamüddətli qərarlarını diqqətlə təhlil etdikdən sonra konsulluq, hüquqi və siyasi səviyyələrdə müvafiq addımlar atacaq. Bu məhdudiyyətlər ləğv olunanadək hökumət vətəndaşların hüquqlarını qorumaq üçün tədbirlər görəcək.

Qeyd olunub ki, İran hökuməti Amerika xalqına hörmət edir və onu ABŞ administrasiyasının aqressiv siyasətindən ayırır. ABŞ administrasiyasının bu addımı bütün İslam dünyası üçün açıq təhqirdir.

Xatırladaq ki, ABŞ-ın yeni Prezidenti Donald Trampın imzaladığı fərmana əsasən, qaçqınların qəbulu 120 gün, Suriya qaçqınlarının qəbulu qeyri müəyyən müddətə, İran, İraq, Suriya, Sudan, Yəmən, Liviya və Somali vətəndaşlarının ölkəyə girişi isə 90 gün müddətinə dayandırılıb. (Azərtac)

AzVision.az


Teqlər:  





Xəbər lenti