Rəsul Quliyevin adından məktubu Sülhəddin Əkbər yayıb

Rəsul Quliyevin adından məktubu Sülhəddin Əkbər yayıb
  22 Avqust 2013    Oxunub:1325
Avqustun 20-də Açıq Cəmiyyət Partiyasının lideri, eks-spiker Rəsul Quliyevin adından yayılan və sonradan keçmiş parlament sədrinin özü tərəfindən təkzib olunan məktubu hazırlayan və mətbuata ötürən şəxs bu partiyanın sədri Sülhəddin Əkbərdir.

Bu məlumatı ACP-dəki keçmiş rəsulçulardan biri verib. Xatırladaq ki, avqustun 19-da yayılan və müəllifinin R.Quliyev olduğu bildirilən məktubda Milli Şura və Müsavat başqanı İsa Qəmbərlə bağlı bir sıra ittihamlar yer almışdı. Məktubda həmçinin, R.Quliyevin MŞ-in vahid namizədliyinə iddialı olduğu da aydın olurdu.

Lakin çox keçmədən – elə həmin gün eks-spiker bu məktubun ona aid olmadığını bildirərək, yazılanları təkzib etdi. ACP-də S.Əkbərin liderliyini qəbul etməyən və onun idarəçiliyindən narazı qalan mənbənin iddiasına görə, partiyanın sədri Milli Şuranın avqustun 19-dakı sessiyasındakı məğlubiyyətinin ardınca R.Quliyevin adından bu cür məktub yaymaqda maraqlı olub. Saytın partiyadakı qaynağı bildirib ki, S.Əkbəri R.Quliyevin adından belə bir məktub yaymağa bir neçə səbəb vadar edib. Belə ki, iddiaya görə, MŞ-in son sessiyasında səsvermə zamanı uğradığı məğlubiyyəti həzm edə bilməyən S.Əkbər bu məğlubiyyətində əsas pay sahibi olan Müsavat başqanını “vurmaq” istəyib. Bunu öz dili ilə edə bilmədiyi üçünsə lideri R.Quliyevin adından yaydığı məktubda İ.Qəmbər əleyhinə ittihamlar səsləndirib.

Digər tərəfdən, S.Əkbər R.Quliyevi də Milli Şuradan prezidentliyə namizədliyə iddialı şəxslər sırasında göstərmək və qurumda vahid namizədlə bağlı ortaq məxrəc olmadığı görüntüsünü yaratmaq istəyib. Buna görə də mətbuata ötürdüyü məktubda R.Quliyevin dilindən onun MŞ-in vahid namizədi olmaq iddiasını səsləndirib.

R.Quliyevin adından yayılan məktubda diqqətçəkən digər bir məqam isə onun MŞ-in avqustun 19-da qəbul etdiyi yeni vahid namizəd müəyyənləşdirməklə bağlı qərarın kəskin tənqid olunması ilə bağlıdır. Məktubda R.Quliyevin dilindən qeyd edilirdi ki, MŞ nə olursa-olsun, seçkilərə Rüstəm İbrahimbəyovun namizədliyi ilə getməlidir. MŞ-in son sessiyasını narazı halda tərk edənlərin başında S.Əkbərin gəlməsi isə heç kimə sirr deyil. S.Əkbər qurum üzvlərinin yeni vahid namizəd seçməsinə ən çox qarşı çıxan partiya rəhbərlərindən biri idi. Ancaq mətbuata bu barədə heç bir açıqlama verməmişdi. MŞ-in qərarını isə özündən bir neçə dəfə daha ağır siyasi çəkiyə malik və sədri olduğu partiyanın lideri statusunu daşıyan R.Quliyevin dilindən verməklə öz etirazına daha artıq legitimlik qazandırmaq məqsədi güdüb.

Yeri gəlmişkən, sayt onu da bildirir ki, araşdırmalar nəticəsində R.Quliyev adından yayılan məlum məktubun həqiqətən də ACP-yə aid rəsmi e-maildən göndərildiyini aşkarlayıb. Bu məktubu yayan media orqanlarındakı əlaqələri vasitəsilə isə öyrənib ki, məktub həqiqətən də partiya daxilindən sızdırılıb. Bu da ACP-dəki mənbənin, məktubu mətbuata partiyanın sədri S.Əkbərin ötürdüyü ilə bağlı iddiasını gücləndirən əsas səbəblərdən biridir. (aznews)

AzVision.az


Teqlər:  





Xəbər lenti