Milli Şura parçalanma ərəfəsində

Milli Şura parçalanma ərəfəsində
  22 Avqust 2013    Oxunub:1220
Milli Şura bəyanat yayıb. Bəyanatda deyilir ki, qurumun son iki sessiyasında onun üzləşdiyi yeni vəziyyət, yəni prezidentliyə vahid namizəd Rüstəm İbrahimbəyovun seçkidə iştirakı ilə bağlı problemin ortaya çıxması müzakirə edilib və əksəriyyət Milli Şuranın seçkiyə vahid namizədlə getməsi barədə mövqe bildirib.

Bu mövqe 19 avqust tarixli sessiyada keçirilən müzakirələrdə və səsvermədə də özünü açıq şəkildə göstərib. AXCP və Müsavat partiyası, ziyalılar, gənclər, hətta rəhbərləri əks mövqe sərgiləyən digər partiyaların təmsilçiləri də ehtiyat vahid namizəd konsepsiyasını dəstəkləyiblər və hesab ediblər ki, yeni namizəd təcili müəyyənləşməli, Rüstəm İbrahimbəyovun seçkidə iştirakı reallaşmayacağı halda Milli Şura yeni vahid namizədlə seçkidə iştirakını hökmən təmin etməlidir. Bizim mövqeyimizə görə, digər yol, yəni quruma daxil olan təşkilatların öz namizədləri ilə seçkiyə getməsi Milli Şuranın fəlsəfəsinə, prinsiplərinə və məramına uyğun deyil. Eyni zamanda bu yol seçkilərdə uğur vəd etmir və Milli Şuranın özünün mövcudluğunu təhlükə altına salır.

Milli Şura vaxt itirmədən yenidən toplanmalı və ehtiyat vahid namizədin kimliyi barədə qərar verməli idi. Çünki seçkidə iştirakı təmin etmək üçün çox az vaxt qalıb və itirilmiş hər gün bizi uğursuzluğa yaxınlaşdırır. Lakin avqustun 21-də Milli Şuranın gözlənilən sessiyası baş tutmadı və qurumda iştirak edən siyasi partiya rəhbərləri növbəti sessiyanın avqustun 26-da keçirilməsi barədə razılığa gəldilər.

Biz sessiyanın bu qədər ertələnməsini vaxt azlığına və qeyri-müəyyənliyin davam etməsinə görə çox təhlükəli və olduqca riskli hesab edirik. Bu yanlış razılaşmanı müzakirə edərkən qurumun müstəqil üzvlərinin - ziyalıların, vətəndaş cəmiyyəti fəallarının, gənclər təşkilatlarının və hətta bəzi siyasi partiyaların iştirakının təmin edilməməsini də pisləyirik.

Bizlər “El” Hərəkatı, ACP, ALP və KXCP-nin bu məsələdə tutduğu mövqeyi qınayır və anlamırıq. Biz 19 avqust tarixində müxtəlif namizədlərlə seçkiyə getməyə hazır olan və bu məqsədlə hazırladıqları Memorandumu Milli Şurada müzakirəyə çıxaran qüvvələrin sessiyada vahid namizədlə bağlı iradə ilə qarşılaşdıqdan sonra yekun qərarın qəbulunu bir həftə ertələməsinin səbəbinə izah tapa bilmirik. Eyni zamanda, bu günədək mövqelərinin lehinə səsləndirdikləri yeganə arqument kimi bir ehtiyat vahid namizədin irəli sürülməsinin Rüstəm İbrahimbəyovun namizədliyinə kölgə salacağı halda, bir neçə namizədin bunu etməyəcəyi ilə bağlı məntiqini anlamaqda çətinlik çəkirik. Təəssüf ki, bu partiya rəhbərləri konsensusu əsas gətirərək Milli Şuranın seçkidə iştirakı ilə bağlı qeyri-müəyyən və səbəbləri kifayət qədər qaranlıq olan durumu davam etdirir, qurumun yeni vahid namizədinin müəyyənləşməsini əngəlləyirlər.

Bununla belə, həmin qurumları və Milli Şuranın bütün üzvlərini yaranmış durumu gerçəkliklə dəyərləndirməyə və bizim narahatlığı anlamağa çağırırıq. Biz Milli Şuranın növbəti sessiyasının avqustun 26-da keçirilməsini ciddi gecikmə hesab edirik, eyni zamanda həmin gün də qəti qərarın veriləcəyinə əmin deyilik. Xatırlatmaq istəyirik ki, Milli Şuranın yeni vahid namizədi, kimliyindən asılı olmayaraq, Rüstəm İbrahimbəyovun vətəndaşlıq problemi həll olunacağı təqdirdə öz namizədliyini geri götürəcək. Bu halda, özümüzü ağır seytnota salmağın mənası bizim üçün qaranlıqdır.

Biz hesab edirik ki, Milli Şuranın sessiyası təcili çağırılmalı, yeni vahid namizədin müəyyənləşməsinə qərar verilməli, qurumun seçkidə iştirakını sual altına qoyan vəziyyət aradan qaldırılmalıdır.


AzVision.az


Teqlər:  





Xəbər lenti