Çoxuşaqlı ailələrlə bağlı layihə müzakirəyə çıxarılır

Çoxuşaqlı ailələrlə bağlı layihə müzakirəyə çıxarılır
  22 Avqust 2013    Oxunub:1090
Azərbaycanda “Çoxuşaqlı ailələrə dövlət yardımı haqqında” qanun layihəsinin tezliklə müzakirəyə çıxarılması planlaşdırılır.
Milli Məclisdən verilən məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanan layihə payız sessiyasının sonuna yaxın müzakirəyə çıxarıla bilər.

Hazırda qanun layihəsi ətrafında müxtəlif dövlət qurumları, o cümlədən Prezident Administrasiyası tərəfindən müzakirələr aparılır. Müzakirələr tezliklə yekunlaşdırılacaq və qanun layihəsi parlamentin müvafiq komitəsinə təqdim olunacaq.

Qanun layihəsində ən maraqlı yeniliklərdən biri çoxuşaqlı ailələrin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlıdır. Bu ailələrə qanunda nəzərdə tutulmayan fondlar hesabına müəyyən mənzillər ayrılacaq. Belə ailələrin mənzil şəraitinin yaxşılaşdırılması üçün onlara Mənzil Məcəlləsində nəzərdə tutulduğu kimi, sosial kirayədən istifadə etmək imkanı yaradıla bilər. Sənədə əsasən, çoxuşaqlı ailələrə veriləcək dəstəyin sosial-iqtisadi və hüquqi tərəfləri əks olunub. Bundan başqa qanun qəbul olunduğu təqdirdə mənzil təminatı və digər məsələlərin necə həyata keçiriləcəyi ilə bağlı digər qanunvericilik aktları qəbul ediləcək.

Layihədə çoxuşaqlı ailələrin sosial ipoteka kreditləri proqramlarından faydalanması da nəzərdə tutulub, amma bu kreditlərin hansı faiz dərəcələri və şərtlərlə veriləcəyi hələlik bilinmir. Bundan başqa, qanun layihəsində rayon və kənd yerlərində yaşayış çox uşaqlı ailələrə dövlət və ya bələdiyyə torpaq fondu hesabına torpaqların ayrılması da nəzərdə tutulub.

Qanun layihəsi qəbul edildiyi təqdirdə ondan uşaqlarının yaşı 18-i keçməyən, 3 və daha uşağı olan ailələr, 2 və daha çox əkiz uşaqları olanlar faydalana biləcək.

Bundan başqa, qanun layihəsində “Qəhrəman ana” statusu da nəzərdə tutulub. Bu status 5 və daha artıq uşağı olan qadınlara veriləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti