İbrahimbəyovun Rusiya vətəndaşlığından çıxarılması gələn ilə qalır
AzVision.az xəbər verir ki, virtualaz.org saytı məsələ ilə bağlı daha dəqiq məlumat əldə etmək üçün Rusiya Federal Miqrasiya Xidmətinin Mətbuat Xidməti ilə əlaqə saxladı və Rüstəm İbrahimbəyovun həqiqətən də vətəndaşlıqdan imtina edib-etmədiyini dəqiqləşdirmək qərarına gəldi. Federal Miqrasiya Xidmətinin mətbuat xidmətinin əməkdaşı Zalina Vladimirovanın verdiyi məlumat isə təəccüblü oldu:
“Rüstəm İbrahimbəyov avqustun 13-də Rusiya vətəndaşlığından imtina etmək barədə müraciət edib və sənədlərinin baxılması üçün ondan alınması barədə qəbz verilib”.
Son günlərə qədər bu barədə danışmaq istəməyən Milli Şura sədri həmin qəbzi artıq Bakıya göndərib. Qəbz Eldar Namazovdadır. Maraqlıdır ki, artıq bir neçə aydır ki, Milli Şuranın vahid namizədi elan olunmuş Rüstəm İbrahimbəyovun hələ may ayından Rusiya dövlətinə müraciət edərək vətəndaşlıqdan imtina etməsi gözlənilsə də Milli Şura sədri bu prosesi yubadaraq avqustun 13-də ərizə yazıb və ona ümid bəsləyən Milli Şura üzvlərini, habelə prezident seçkilərində hazırkı hakimiyyətə alternativ görmək istəyən yüz minlərlə elektoratı aldadıb.
Rusiya Federal Miqrasiya Xidmətinin mətbuat xidmətinin əməkdaşı Zalina Vladimirovanın verdiyi digər sensasiyalı məlumat isə Rüstəm İbrahimbəyovun ABŞ-da daimi yaşayış izninin olmasıdır. FMX əməkdaşının sözlərinə görə, Rüstəm İbrahimbəyovun quruma təqdim etdiyi sənədlər arasında ABŞ-da daimi yaşayış izni verən sənədin olmasıdır ki, bu da Milli Şura sədrinin ABŞ dövləti qarşısında da ayrıca öhdəliyinin olmasından xəbər verir. Zalina Vladimirovanın verdiyi məlumata görə, Rüstəm İbrahimbəyovun vətəndaşlıqdan imtina edilməsi prosesi 2014-cü ilin birinci rübünə qədər uzana bilər. Səbəb isə sənədlərin gec təqdim edilməsi və ABŞ-da daimi yaşayış izninin olmasıdır ki, bunun üçün Rusiya tərəfi ABŞ-a xüsusi sorğu göndərərək, Rüstəm İbrahimbəyovun daimi yaşayış izninin ləğv edilməsini tələb edəcək.