ABŞ-ın 69-cu dövlət katibi - Tillerson kimdir? (ARAYIŞ)

ABŞ-ın 69-cu dövlət katibi - Tillerson kimdir? (ARAYIŞ)
  02 Fevral 2017    Oxunub:12807
Xəbər verdiyimiz kimi, ABŞ Senatı Reks Tillersonun dövlət katibi postuna namizədliyini təsdiqləyib. Tillerson ABŞ-ın sayca 69-cu dövlət katibi olub.

AzVision.az xəbər verir ki, Reks Tillerson 23 mart 1952-ci ildə Texas ştatının Uiçito-Fols şəhərində anadan olub. O, ABŞ-ın Oklohama və Texas ştatlarında böyüyüb. 1975-ci ildə Ostində yerləşən Texas Universitetində mühəndis işi fakültəsində təhsil alıb. O, “ExxonMobil” şirkətində karyerasına başlayıb, 1980-ci ilin ortalarında korporasiyanın qaz departamentində biznesin inkişafı xidmətinə rəhbərlik edib.

2006-ci ildən şirkətin direktorlar şurasının sədri və baş icraçı direktoru işləyib. ABŞ prezidenti Donald Tramp dövlət katibi vəzifəsinə onun namizədliyini irəli sürən andan “ExxonMobil” şirkətindən ayrılıb.



Məlumat üçün bildirək ki, 2011-ci ildə “ExxonMobil” şirkəti İraq Kürdüstanında neft hasilatı üzrə müqavilə imzalayıb. Bununla şirkət İraq qanunlarını pozub və Vaşqintonun hiddətinə səbəb olub.

Tillerson bir neçə on il ABŞ-dan xam neftin ixracına qoyulan qadağının ləğv olunması, həmçinin sıxılmış qazın ixracına dair məhdudiyyətlərin aradan qaldırılması istiqamətində işlər görüb. “Exxon” 2014-cü ildə Tillersonun rəhbərliyi altında 34 milyard dollar dəyərində xalis gəlir əldə edib və 80 milyard dollar vergi ödəyib.

Bundan əlavə korporasiya 2014-cü ildə sanksiyaların tətbiq olunmasına baxmayaraq, Rusiyanın “Rosneft” şirkəti ilə əməkdaşlığı davam etdirib.

“Forbes” jurnalı 2015-ci ilin yekunlarına əsasən Tillersonu dünyanın ən nüfuzlu insanları siyahısında 25-i yerdə göstərib. (2014-cü ildə 20-ci yeri tutub-red).



“The Wall Street Journal” nəşri Tillersonun Rusiya prezidenti Vladimir Putinlə yaxın əlaqələrinin olması barədə məqalə dərc edib. İddialara əsasən Tillerson Putinlə 1990-ci illərdə “Exxon”un maraqlarını Rusiyada təmsil etdiyi vaxt tanış olub. ABŞ-ın sabiq müdafiə nazirinin müavini Con Hamr Tillersonu Henri Kissencerdən sonra Putinlə ən çox əlaqə saxlayan amerikalı adlandırıb.

O, 2012-ci ildə açıq şəkildə bəyan etmişdi ki, qlobal istiləşmə ilə əlaqədar istixana qazları ilə mübarizə aparmaq lazım deyil, onun əvəzinə dünya okean səviyyəsinin artırılması və hava şəraitinin dəyişməsinin nəticələrinin aradan qaldırılması üçün mühəndis-istehkam işləri aparılmalıdır.



Rusiya prezidenti Vladimir Putinin 20 sentyabr 2012-ci ildə imzaladığı sərəncamla Tillerson “Dostluq” ordeni ilə təltif olunub.

Tillerson evlidir. Ailəsi ilə bağlı əlavə məlumata rast gəlinmir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti