Elnur Hüseynzadə ermənilər tərəfindən saxlanılıb - Yenilənib

Elnur Hüseynzadə ermənilər tərəfindən saxlanılıb - Yenilənib
  02 Fevral 2017    Oxunub:9236
Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyası vətəndaş Elnur Hüseynzadə ilə bağlı araşdırma aparıldığını bəyan edib.

Dövlət Komissiyasından AzVision.az-a bildirilib ki, cəbhənin Talış istiqamətində Ermənistan hərbçiləri tərəfindən saxlanılmış Azərbaycan Respublikasının vətəndaşı, 1995-ci il təvəllüdlü Hüseynzadə Elnur Elman oğlunun azad edilməsi məqsədi ilə aidiyyəti beynəlxalq təşkilatlar məlumatlandırılıb və zəruri tədbirlər görülür.

Məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək

***
(13: 15)

Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova AzVision.az-a bildirib ki, hazırda bu məsələ BQXK tərəfindən diqqətlə izlənilir.

İlahə Hüseynova qeyd edib ki, Elnur Hüseynzadənin əsir düşməsi ilə bağlı məlumat təsdiqini taparsa, BQXK nümayəndələri ona baş çəkəcək, saxlanma şəraiti yoxlanılacaq.

***

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Azərbaycan vətəndaşı Elnur Hüseynzadə ilə bağlı kütləvi informasiya vasitələrində yayılan son məlumatları diqqətlə izləyir.

AzVision.az “news.am”a istinadən xəbər verir ki, bunu komitənin Xankəndindəki nümayəndəliyinin rəsmisi Eteri Musaelyan deyib.

Onun sözlərinə görə, BQXK mandatına uyğun olaraq girov düşmüş şəxsin saxlama şəraitini, onunla necə rəftar olunduğunu müşahidə etmək və ailəsi ilə əlaqə qurmasına imkan yaratmaq üçün tezliklə onunla görüşməyə hazırdır.

Qeyd edək ki, erməni tərəfi Elnur Hüseynzadənin əsir götürüldüyünü bildirib. Onlar iddia edirlər ki, E.Hüseynzadə Azərbaycan ordusunun hərbi qulluqçusudur. Azərbaycan Müdafiə Nazirliyi rəsmi məlumat yayaraq Elnur Hüseynzadənin hərbi qulluqçu olmadığını açıqlayıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti