Etdiyi yaxşılığın toruna düşdü… - Əfsanəvi balerinamızın həyatından bilinməyən məqamlar (MÜSAHİBƏ)

Etdiyi yaxşılığın toruna düşdü… - Əfsanəvi balerinamızın həyatından bilinməyən məqamlar (MÜSAHİBƏ)
  06 Fevral 2017    Oxunub:17853
"Balet hüdudları bilinməyən bir ümmandır. Özü də bu ümman əynində ağ paçka, çəhrayı triko olan, hava kimi yüngül bir balerina qızın ağır əməyinin nəticəsidir".

Bu dəfəki müsahibəmizdə bu ümmanda bir günəş kimi parıldayan ilk azərbayacanlı balerina Qəmər Almaszadədən danışmışıq. Onun həyat yolu, mili Azərbayacan baletininin yaranmasında əvəzsiz zəhməti haqqında bizimə balerinamızın adını daşıyan qardaşı nəvəsi Qəmər Almaszadə söhbət edib.

- Ailəmiz rəqsə, musiqiyə, incəsənətə bağlı olub. Babam Ənvər Almaszadə 55 il Opera və Balet Teatrında rəssam kimi fəaliyyət göstərib. Nənəm Ella Almazova da balerina olub. Atam Çingiz Almaszadə bəsətkar kimi uzun illər S.Vurğun adına Rus Dram Teatrında işləyib. Orada səhnə əsərlərinə musiqi bəstələyib və ya musiqi parçalarının seçimi ilə məşğul olub.

Qəmər xanımın baletə gəlişi heç də asan olmayıb. İlk vaxtlar ulu babam qızının balerina olması ilə barışmayıb. Təsəvvür edin, ciddi, əsl müsəlman kişinin qızı gedib baletlə məşğul olur. Bu, o dövr üçün qəbul olunan bir şey deyildi. Qəmər xanım ilk vaxtlar atasına deyib ki, guya gimnastika ilə məşğul olur. Anası ona dəsətək olurmuş. O, atasını yola gətirib ki, idman sağlamlığa xeyirlidir. Ulu babamızın isə heç nədən xəbəri olmayıb. Məsələnin üstü açılanda Qəmər xanım atasının sərt reaksiyası ilə qarşılaşıb. Balaca bacısı Ədilə xanmın da baletə getməsi evdə ikinci bir narazılığın yaranmasına səbəb olub. Müsəlman ailəsindən iki qızın baletlə məşğul olması o dövr üçün normal sayılmırdı. Ancaq Qəmər xanım atasının yaratdığı maneəni keçib və məqsədinə çatıb.

Bir faktı da qeyd edim ki, azərbaycanlı qızın balerina olması ilə barışmayan müsəlman kişiləri hətta bir dəfə silahdan ona atəş də açaraq, dabanından yaralamışdılar.



- Qəmər xanıma qədər ailəsindən, nəsildən kimsə rəqslə, musiqi ilə məşğul olmuşdumu? Bu istedad, bacarıq haradan qaynaqlanırdı?

- Yox, ondan əvvəl nəsildə, ailədə rəqsə, baletə maraq göstərən olmayıb. Onun anası tatar qızı olub. Adı Mariya imiş, dəyişdirib Məryəm edib. Xarici görünüşünə görə azərbaycanlılara çox oxşayıb. Uşaq olanda Qəmər xanıma həyətdə “tatar balası” deyirmişlər. Düzdür, bu, onun bir az xətirinə dəyirmiş. Anası evdə onu Tamara çağırırmış. Yəqin ki, Qəmər adına uyğunlaşdırıb. Atası isə çəkməçi idi. Onun böyük ayaqqabı mağazası olub. İmkanlı ailə olublar. Onların 3 yerdə evləri var idi. Sovet hakimiyyəti zamanı bir hissəsi əllərindən alındı. SSRİ dağılandan sonra həmin evləri yenidən geri almaq mümkün oldu. Atası həyatının sonrakı illərini bağ təsərrüfatında işləyib. Bağçılığı çox gözəl bacarırmış.



Göründüyü kimi, Qəmər xanıma qədər heç kimin ailədə rəqslə əlaqəsi olmayıb. Sadəcə olaraq, Qəmər xanım baletə o qədər vurulub ki, onu öyrənmək qərarına gəlib. Qonşusu Şura adlı qız ona rəqsə getdiyini, orada balet öyrəndiyini deyib. Həmin vaxt məşğələlərin qiyməti 7 rubl imiş, Qəmər xanımın isə 6 rublu varmış. O, pedaqoqun yanına gəlib və deyib ki, mənim pulum bu qədərdir. Müəllimə isə çox təccüblənir ki, azərbaycanlı, müsəlman qız balet öyrənmək istəyir. Deyib, buyur, 6 rubla gəl.



- Özü həmin günləri necə xatırlayırdı? Uşaqlığı ilə bağlı bizim bilmədiyimiz hansı xatirələri sizinlə bölüşüb?

- Anası və atası onu çox sevirmişlər. Atası onu `mənim sarışınım` çağırırmış. Ailədə 4 uşaq olublar. Qardaşı Mürsəl İkinci Dünya Müharibəsində həlak olub. Bacısı Ədilə xanım da balerina olub. 28 yaşında vərəm xəstəliyindən vəfat edib. Hər iki bacı məşhur balerina Qalina Ulanovanın anası Mariya Romanovanın sinfində oxuyub. Qəmər xanım və babam Ənvər bəy çox yaxın olublar, bir teatrda işləyiblər, bir yerdə qastrollarda olublar. Gün ərzində 5 dəfə bir -birlərinə zəng edirdilər. Bacı-qardaş arasında ideal münasibət olub. Ənvər bəy Valentin Serovanın şagirdinin şagirdi idi.



- Həyat yoldaşı, bəstəkar Əfrasiyab Bədəlbəyli ilə tanışlığı, aralarındakı güclü sevgi haqqında nəsə danışırdımı?

- Əfrasiyab Bədəlbəyli ilə tanış olanda onun 16 yaşı var imiş. Əfrasiyab bəy ondan 7 yaş böyük olub. Qəmər xanım ona deyib ki, çox ciddi ailəsi var, Əfrasiyab bəy ya valideyinlərini onlara elçi göndərməlidir, ya da görüşə bilməzlər. Bundan sonar Əfrasiyab bəy onlara elçi göndərib, Qəmər xanımla evlənib. Onlar arsında çox güclü sevgi olub. Əfrasiyab bəy “Qız qalası” baletini Qəmər xanıma həsr edib. Əsas partiyanın ilk ifaçısı da Qəmər xanım olub.

Əfrasiyab Bədəlbəyli ilə birlikdə təhsillərini davam etdirmək üçün indiki Sankt-Peterburqa gediblər. Qəmər xanım A.Vakanova adına Leninqrad Xoreoqrafiya Məktəbinə daxil olub Əfrasiyab bəy isə konservatoriyanın bəstəkarlıq şöbəsində təhsil alıb. 1936-cı ildə ali məktəbi bitirib, Bakıya qayıdıblar.



Əfrasiyab Bədəlbəyli

- Düzdürmü ki, Qəmər xanım və Əfrasiyab bəyin Sankt-Peterburqda təhsil almalarına Mircəfər Bağırov yardımçı olub? Eşitdiyimə görə, o, Bağırovun qəbuluna gedib və bildirib ki, Sankt-Peterburqda təhsil almaq istəyirlər, ancaq maddi durumları buna yol vermir…

- Dəqiq deyə bilmərəm. Onu bilirəm ki, əgər Qəmər xanım bir şeyi istəyirdisə, o iş baş tutmalı idi. O, Bağırovun da, Stalinin da yanında olub, istəyini deyə bilərdi. Onun Zərifə Əliyeva ilə çox yaxşı münasibəti olub. Heydər Əliyev də Qəmər xanımı çox sevirdi. Onun yubileyi ilə əlaqədar elə böyük gül buketi göndərtmişdi ki, biz bilmirdik onu necə qapıdan içəri keçirdək…



- Əfrasiyab bəyi və Qəmər xanımı ideal cütlük hesab etmək olardı… Niyə evlilikləri sona qədər davam etmədi?

- Çox təssüf ki, Qəmər xanımın birinci hamiləliyi uğurlu olmayıb. Bundan sonar daha uşaq istəməyib. Əfrasiyab bəy isə əksinə, uşaq istəyirmiş.Yəqin ki, ailənin dağılmasına səbəb bu olub. Ancaq onların arsında olan dostluq, mehribanlıq sona qədər davam edib.

Əfrasiyab bəy Qəmər xanımdan sonra Yevgeniya adlı bir qadınla evləndi. Həmin xanımın oğlu onu “ata” çağırırdı. Buna baxmayaraq, Qəmər xanımla son günə qədər əlaqəsini kəsməyib. Onlar bir-birlərinin evinə qonaq gedir, nəyisə müzakirə edirdilər. Mən boşananlar arasında belə mehribanlıq, dostluq, sevgi görməmişdim…



- O, İraq Xalq Rəqsləri Ansamblını qurmaq üçün Bağdada dəvət olunmuşdu. Maraqlıdır, ərəb dilini bilirdimi?

- Bəli, öyrənmişdi, qeydlərini ərəb dilində yazırdı. Qeyd edim ki, Qəmər xanım tək İraqda deyil, Nepalda da rəqsin, baletin inkişafına kömək etmişdi. Ona orada medal vermişdilər.

- Eşitdiyimə görə, dəblə geyinməyi, xarici görnüşünə diqqət yetirməyi sevən qadın imiş…

- Qəmər xanım qəşəng geyinməyi çox sevirdi. Onun dərzisi fransız idi. Ən son materialları, modaları sifariş verirmiş. O, evdə həmişə hündürdaban çəkmələrdə gəzirdi. Hətta qonaq gedəndə də özü ilə geyinməyə hündürdaban nəsə götürürdü. Gözəlliyinə həmişə qiymət verirdi. Ən bahalı ətirləri alardı. Bir dəfə hansısa ölkədə satıcı deyib ki, bu ətir sizin üçün çox bahalıdır. Cavabında Qəmər xanım bildirib ki, onun üçün bahalı ətir yoxdur, neçəyə satsalar, alacaq.



O, eyni zamanda gözəl ev xanımı idi, qonaq çağırmağı çox sevirdi. Teatrda həmişə şampanı, kürüsü, yaxşı konfetləri olurdu. Teatrın axrıncı mərtəbəsində kabineti var idi. Həmişə qonaqlı-qaralı olurdu. Arkadi Raykin, Vitali Vulf onun qonaqları olublar. Niyazi, Bülbül, hamısı bir ailə kimi idilər… Maya Plisetskaya Qəmər xanım rəhmətə gedəndə teleqram göndərmişdi.

- Eşitdiyimə görə, evdə mülayim, şən insan olsa da, dərslərdə çox tələbkar, ciddi imiş…

- Mən iki il Bakı Xoreoqrafiya Məktəbində oxumuşam. Onun dərslərini görmüşəm. O, dərsdə başqa adam olurdu. Mən elə qəribə gəlirdi ki, bizim Tamara necə tapşırıq verir, ciddi və tələbkar olur ... Hamı onu dinləyirdi, hörmət edirdi.



- Həyatının son illərində nə işlə məşğul olurdu? Baletdən uzaq qalmaq yəqin, onu darıxdırırdı...

- 90-cı illər baletdə güclü böhran yaranmışdı. Opera və Balet Teatrında işləyən qeyri-azərbaycanlıların çoxu çıxıb getmişdilər. Balet sahəsində bir durğunluq əmələ gəlmişdi. Qəmər xanım isə həmişə Opera və Balet Teatrına gedib-gəlirdi. Həm vərdiş etmişdi, həm də əlaqəni itirmək istəmirdi. Son iki ili heç nə etmədi. Özünün qayğısına qalırdı, istirahət edirdi. Günün çox hissəsini evdə olurdu, ac itləri, pişikləri yemləyirdi… Çox xeyirxah adam idi.

Hardasa kimsəsiz, ac uşaq görərdisə , mütləq onları evinə gətirib yedizdirərdi, qayğılarına qalardı. Ancaq təəssüf ki, bu cür xeyirxahlıqlar həmişə qarşılıqlı olmur.

Xeyirxahlıq göstərdiyi uşaqlar bir dəfə onun evini soyub aparmışdılar. Bu da onun səhhətinə həm fiziki, həm də mənəvi baxımdan pis təsir göstərmişdi. Qəmər xanımın səhhəti əvvəlki kimi deyildi, çox dəyişmişdi.

O, tək yaşayırdı. Ancaq hər gün biz ona baş çəkirdik, yanında köməkçi xanım olurdu. Babamla onun evi çox yaxın idi. Bu hadisədən sonra isə babam, atam və onun həyat yoldaşı da Qəmər xanımın yanına köçmüşdülər.



- Onun adına muzey və ya hansısa mərkəz fəaliyyət göstərirmi?

- 10 il bundan əvvəl Qəmər xanım rəhmətə gedəndə söz vermişdilər ki, Bakı Xoreoqrafiya Məktəbi Qəmər xanımın adını daşıyacaq. Ancaq hələ də bir xəbər yoxdur. Qəmər xanımın 100 illiyi də adına layiq qeyd edilmədi. Bu, bizə pis təsir etdi.

- Sizlərdən kimsə onun yolunu davam etdirirmi?

- Təəssüf ki, davam etdirə bilmədik. Mənim səhhətim sona qədər baletlə məşğul olmağa imkan vermədi. Bacım isə yalnız birinci kursa qədər oxudu, sonra davam etdirmədi.



- Hansı əşyalarını saxlayırsınız?

- Onun nərdi var idi, indi də qalır. Baba ilə həmişə nərd oynayırdı. Məni də öyrətmişdilər. Ulu nənənmizin fincanını, boşqabını, anasından qalma sırğalarını da yadigar kimi saxlayırıq. Sənəti ilə bağlı geyimlərini tarix muzeyinə, məişət geyimlərini isə kasıb adamlara bağışladıq.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti