İslam Oyunlarının biletləri neçəyədir?

İslam Oyunlarının biletləri neçəyədir?
  07 Fevral 2017    Oxunub:3145
"Bakı 2017" İslam Həmrəyliyi Oyunlarına biletlərin satış tarixi bəlli olub.
AzVision.azxəbər verir ki, 4-cü İslam Həmrəyliyi Oyunlarına biletlər 19 mart 2017-ci iltarixindən satışa çıxarılacaq.

"Bakı 2015" Avropa oyunlarında olduğu kimi, əhalinin bu mötəbər idman tədbirindən yüksək zövq alması məqsədi ilə, İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi biletləri münasib və əlverişli qiymətlərlə satışa çıxaracaq.

İki (2) manatdan başlayacaq qiymətlər əhalimizə 10 gün ərzində paytaxtımızda baş tutacaq idman yarışlarını rahat şəkildə izləməyə və oyunlardan zövq almağa imkan yaradacaq.

Ümumilikdə oyunlar zamanı, 20 idman növü üzrə 500.000-dən artıq biletin satışa çıxarılması nəzərdə tutulur.
İdman həvəskarları izləmək istədikləri yarışlara biletləri baku2017.com rəsmi veb-saytından və şəhərin müxtəlif yerlərində açılacaq 12 satış məntəqəsindən əldə edə biləcəklər.

Biletlərin satışa çıxarılacağı əsas ticarət mərkəzlərinə Park Bulvar, Gənclik və 28 Mall -Ticarət Mərkəzləri daxildir. Bunula yanaşı, oyunların keçiriləcəyi 16 idman obyektində də biletlərin satış köşkləri açılacaq.

IV İslam Həmrəyliyi oyunlarının baş icraçı direktoru, Gənclər və idman naziri Azad Rəhimov oyunlara 100 gündən də az bir vaxt qaldığı bu müddət ərzində görülən işlərdən söz açarkən qeyd edib ki, qarşıda duran əsas məqsəd əhalimizə unudulmaz bir idman tədbirini nümayiş etdirməkdir. Azad Rəhimov: “ Şəhərimizin demək olar ki, hər yerində bilet satışının təşkili, əhalimizin bu mötəbər idman yarışına marağının artmasına və sevdikləri idman növünü rahat şəkildə seyr etmələrinə şərait yaradacaq. Bizim üçün önəmli faktorlardan biri, əhalinin bilet əldə etməsində rahatlığını təmin etməklə bərabər, eyni zamanda biletlərin qiyməti baxımından da onların məmnunluğudur.”

Bütün 190 idman sessiyaları üçün nəzərdə tutulmuş biletlərin qiyməti 2-5 AZN civarında dəyişəcək. 16 yaşına kimi bütün gənc nəsli 13 idman arenasında güzəştli biletlərdən yararlanmağa səsləyir, belə ki, idman sessiyalarının əksəriyyətinə onlar pulsuz buraxılacaq.. 2-16 yaşlı uşaqlar üçün Heydər Əliyev adına arena, Milli Gimnastika arenası və Tofiq Bəhramov adına stadionlara təyinatlı biletlərin qiyməti 1 AZN, digər idman obyektlərində keçiriləcək yarışlara isə biletlər pulsuz olacaq.

Möhtəşəm Bakı Olimpiya Stadionu dünyanın hər yerindən açılış və bağlanış mərasimlərini izləmək üçün təşrif buyuracaq qonaqları qəbul edəcək. Açılış mərasiminə biletlərin qiyməti 20-200 AZN civarında, Bağlanış mərasimi üçün isə 10-100 AZN arası dəyişəcək.

Nəzərinizə çatdıraq ki, Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının biletləri ilə bağlı son yenilikləri rəsmi vebsaytın müvafiq bölməsindən əldə edə bilərsiniz.

Bakı 2017 İslam Həmrəyliyi Oyunları 2017-cu il may ayının 12- 22 tarixlərində Bakı, Azərbaycanda keçiriləcək İslam dünyasını birləşdirən maraqlı, multi-idman tədbiridir.

İslam ölkələrindən gələn idmançılar yarışın 10 günü ərzində öz ölkələrini 20 müxtəlif idman növləri üzrə 24 kateqoriyada (Atletika və Para Atletika, Su İdmanı Növləri - Suya tullanma, Su idman növləri — Üzgüçülük, Su İdmanı Növləri -Vaterpolo, 3x3 Basketbol, Futbol, İdman gimnastikası, Bədii gimnastika, Uşu, Stolüstü Tennis, Həndbol, Cüdo və görmə qabiliyyəti olmayanlar üçün cüdo, Yunan-Roma güləşi, Sərbəst güləş, Atıcılıq, Tennis, Voleybol, Boks, Zorxana, Karate, Taekvondo, Ağır atletika) Bakıda yerləşən 16 müasir yarış məkanında təmsil edəcəklər.

Azərbaycanın paytaxtı Bakı şəhəri 2013-cü ilin iyulunda Ciddədə İslam Həmrəyliyi İdman Federasiyasının (ISSF) Baş Assambleyasında Oyunların ev sahibliyinə layiq görülmüşdür.

İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərmanı ilə yaradılıb. Fərmana əsasən, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyeva dördüncü İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin Sədri təyin edilmişdir. Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi (AİHOƏK) İHİF ilə birgə Oyunları təşkil edəcək.

Eldar Tanriverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti