Milli Şuranın `içinə edənlər`

  23 Avqust 2013    Oxunub : 397
Milli Şuranın `içinə edənlər`
Hə, başladılar da yenə. Bu, onu ittiham edir, o da bunu. İqtidaryönlü jurnalistlər, media qurumları qalıb bir qıraqda, bunlar özləri bir-birini didirlər. Adamın ürəyi dözmür, istəyirsən ki, aralarına girib, deyəsən: “Bəsdirin, bir-birinizi nöşün qırırsınız, eldən-obadan, avrodan-rubldan ayıbdır.” Vallah, adam baxır, yazığı gəlir. 5-10 manata görə bu nə hay-küydür? Qardaş payı kimi öz aranızda bölün.
Milli Şura elə biabırçı aqibətlə üzləşib ki, Kərbəlayı İsmayılın sözü olmasın, heç Yadullanın müsibəti belə olmamışdı. Azər Ayxanın dediyi kimi, “Milli Şuranın içinə edənlər” doğrudanmı, inanırdılar ki, bu qoxu qırağa çıxmayacaq? Bunlar istədikləri hər şeyi edəcəklər və camaat da inanacaq? Təbii ki, onlar özləri də bunu bilirdilər ki, kimsə inanmayacaq. Sadəcə, axıra kimi gedə bilməməyin, əqidəsizliyin, dostu yolda satmağın (burada istər-istəməz Nizami Gəncəvinin “Sirrlər xəzinəsi” əsərindəki Xeyir və Şər yada düşür) nəticəsi zatən bu olur.

Mən belə başa düşdüm ki, Milli Şuranın hazırkı başbil(məyən)ənləri seçkidə ümumiyyətlə, iştirak etmək istəmir. Hansı biabırçılığa düşəcəklərini bildikləri üçün belə oyun çıxarıblar. Axırda desinlər ki, vahid namizəd axtarırdıq özümüz üçün, seçkiyə hazırlaşmağa vaxt qalmadı.

Kimə gəlirsiniz? Guya bilmirik də, həmişə axırda uşaq cığallığıyla “mən sizinlə oynamıram”,” mən küsmüşəm” deyə gözünüzün yaşını axıdırsınız. Bu dəfə tam fərqli olacağına inanıram. Çünki seçki başlamaq üzrədir, sanki bunların xəbəri yoxdur. Mənə elə gəlir ki, sonda seçkinin vaxtının müxalifətdən gizlədildiyi barədə danışacaqlar. İnanın ki, bunu da deyərlər.

“Yeni Müsavat” qəzetinin baş redaktor müavini Azər Ayxan öz müxalif yoldaşlarını ittiham edərək, hazırkı hakimiyyətin xalq tərəfindən dəstəkləndiyini boynuna alıb: “Davam edin, cavabınızı alacaqsınız. Amma ən gözəl cavabı sizə xalq və tarix verəcək. Xalq zatən sizə cavabını bu saçma sapan siyasətinizə dəstək verməməklə, sizin yanınızda olmamaqla verir. 2003-də Azərbaycan xalqı sizə öz net mövqeyini bildirdi. Proses hələ də davam edir. Tarix də sizə öz layiqli cavabını verəcək. Xalqın və tarixin lənətini qazanmaq yolunda sizə uğurlar. Xatırladaq ki, 2003-cü il seçkilərində İlham Əliyev digər namizədlərə böyük üstünlüklə qalib gələrək prezident seçilib”.

Düzü onlarda da günah yoxdu, axı hər kəs onların qabiliyyətlərini görüb. Onlar heç bələdiyyə seçkilərində vahid namizəd tapa bilmirlər, o ki, qalmışdı prezident seçkiləri ola. Yəqin ki, onlar yalnız doğulan oğlan uşaqlarına Vahid və Namizəd adları qoya bilərlər.

Həmçinin Milli Şuranın nəinki qələbə ruhunda olması, hansısa uğura belə yaxın olmaması, əslində biabırçı durumda olması məhz müxalifət başbil(məyən)ənləri tərəfindən etiraf olunur: “Milli Şuranın bu cür biabırçı sonluğa gəlib çatmasının günahı bizdədimi?” Bəli, biabırçılığın etirafı var, amma yenə də birgə işlədikləri səhvlərini digər köhnə dostlarının üzərinə atırlar.

Müxalifətin tanınmış jurnalisti deyir ki, AXCP YAP-ın mövqeyini davam etdirir. Belə götürəndə, hamınız YAP-ın bir parçası boydasınız. Sözün əsl mənasında. Bunun o yanı-bu yanı yoxdu. Istəsəniz adları dəyişib belə də qoya bilərsiniz: Yeni Azərbaycan Partiyasının AXCP özəyi, YAP-ın Müsavat təşkilatı və.s. İnanın ki, adları belə seçsəniz bəlkə ətrafınıza bir neçə nəfər toplaşa bildi.

Teqlər: