Ombudsman beynəlxalq qurumları köməyə çağırdı

Ombudsman beynəlxalq qurumları köməyə çağırdı
  23 Avqust 2013    Oxunub:1280
`Moldovalı ombudsman xanım Qriqoriu Aurelianın Ermənistan tərəfindən təhdid, təzyiq və terror hədələlərinə məruz qalması ilə bağlı məsələyə heç bir beynəlxalq qurum laqeyd qalmamalıdır.`

AzVision xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova bildirib.

Onun fikrincə, Moldovalı ombudsman xanım Qriqoriu Aurelianın Ermənistan tərəfindən təhdid, təzyiq və terror hədələlərinə məruz qalması ilə bağlı Azərbaycan ilk növbədə dünya birliyinə müraciət etməlidir:

"Azərbaycan da, Ermənistan da, Moldova da həm Avropa Şurası, həm ATƏT-in, həm də BMT-nin üzvləridir. Ona görə də heç bir beynəlxalq qurum buna laqeyd qalmamalıdır."

Ombudsmanın sözlərinə görə, sentyabrın 2-5-də Kiyev şəhərində Avropa Birliyinin təşkilatçılığı ilə Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində böyük bir tədbir keçiriləcək: "Mən orada bu məsələni qaldıracam ki, tərəfdaşlıq ən əvvəl qarşılıqlı etibara, qarşılıqlı dəstəyə əsaslanmalıdır. Əgər biz bunu praktik olaraq həyata keçirmiriksə, belə müzakirələrin nə mənası var?! Elə bir münaqişə varmı ki, o yalnız bir dövlətə aid olsun? Ona görə də Moldovalı ombdusman Qriqoriu Aurelianın Ermənistan parlamentində qaldırdığı məsələ, elə Dağlıq Qarabağ məsələsi, Moldovadakı Prednestrovye məsələsi də bu qəbildəndir."

Ombudmsnın fikincə, təkcə xanım Aurelianı bir şəxs kimi müdafiə etmək deyil, hərçənd o da bir məqsəddir, ümumiyyətlə ictimai rəydə bir dönüş yaratmaq lazımdır ki, hamı ümumbəşəri, tanınmış dəyərlərə, BMT-nin sülh, inkişaf siyasətinə riayət etsin. Bundan bir dövlət, bir xalq deyil, hamı bəhrələnəcək.

Elmira Süleymanın fikrincə, ümumiyyətlə vəziyyətdən çıxış yolu Ermənistanın öz əqidəsini dəyişməsindən keçir:
" Ermənistan hökuməti və xalqı artıq öz əqidəsini dəyişməlidir. Artıq dərk etməlidirlər ki, bu münaqişə nə qədər uzansa da, bunun sonu sülhdür. Nə qədər uzansa da, bunun sonu torpaqların qaytarılması, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasıdır. Bu isə təkcə Azərbaycana yox, Ermənistana da xeyirlidir, regiona da xeyirlidir, bütün düyyaya bir xeyirdir. Dövlətlərin siyasətində belə bir dönüş əmələ gəlsə, bu bütövlükdə davamlı inkişaf üçün böyük dəstək olacaq."(trend)


Teqlər:  





Xəbər lenti