Milli Şura - ya son saatlar, ya da son şans..

 Milli Şura - ya son saatlar, ya da son şans..
  23 Avqust 2013    Oxunub:975
Yeni Müsavat qəzetinin baş redaktoru Rauf Arifoğlu Milli Şuranı kəskin tənqid edən yazı ilə çıxış edib. AzVision.az yazını təqdim edir.

Yeni vahid namizəd olmasa, bu gündən sonra Şura da olmayacaq
İctimai qınaq, içəridən olan təhdidlər öz işini gördü. Milli Şuradakı “sabotaj dəstəsi” geri çəkildi və vaxtı uzatmaq, müxalif düşərgəni seçkidən tam yayındırmaq taktikasından imtina etdi. Üzdə görünən budur - həm də yayılan xəbərlər onu göstərir ki, MŞ bu gün Rüstəm İbrahimbəyov problemindən azad oluna bilər.
Onun yerinə dəyərli alimimiz Cəmil Həsənlini özünün vahid namizədi kimi seçsə, bu qurumun Azərbaycan siyasətinə vurduğu zərbə qismən təsirsizləşmiş olardı.
Lakin ciddi narahatlıqlar sürməkdədir. İndi məlum olur ki, Şura rəhbərliyindəki şərti olaraq “sabotaj dəstəsi” adlandırdığımız qurum, israrla “Ya İbrahimbəyov, ya da İbrahimbəyov” hayqıranda onun üzvləri bilirlərmiş ki, bu variantın gerçəyə çevrilmə imkanı yoxdur; hətta bilirlərmiş ki, hörmətli ağsaqqalın sənədləri Rusiya Miqrasiya Xidməti tərəfindən qəbul olunmayıb. Buna baxmayaraq, “...danışmışıq, proses sürətlənib, bu gün sabah məsələ həll olunacaq, İbrahimbəyov qayıdacaq” deyə, MŞ üzvlərini, cəmiyyəti aldadırlarmış. İndi içəridən daha çox da Milli Şura üzvləri olan gənclər təşkilatının basqısı və Rusiya Miqrasiya Xidmətindən verilən məlum açıqlama bu dəstəni çıxılmazda qoydu, geri çəkilməyə vadar etdi. Lakin sürprizlər yenə ola bilər.
Milli Şura adlı qurumu saya salıb, onun işində bir dəfə də olsa iştirak etməyən hörmətli Lalə Şövkət xanıməfəndinin əlamanı Əvəz Temirxan qalxıb desə ki, bu qurum R. İbrahimbəyova görə yaradılmışdı, o olmadısa, bunu saxlamağa gərək yoxdur və s., bu zaman kimsə təəccüblənməməlidir. O cümlədən, Rəsul Quliyevin əlamanı olan Sülhəddin Əkbər cinahından, “4-lərin” yerdə qalan iki komponentindən də sürprizlər ola bilər. “Nə olursa olsun, hakimiyyət namizədinin - İlham Əliyevin qarşısına müxalifətdən ciddi bir iddiaçı çıxmasına imkan verilməsin! Xüsusi ilə, İsa Qəmbərin namizədliyi məsələsinə hər cür maneçilik törədilsin”. Bugünə qədər bu qrupun fəaliyyətinin mahiyyətində bu tapşırıq dayanıb. Müsavat başqanına olan münasibət bir ara AXCP-ni də “sabot çetesinə” yaxınlaşdırmışdı. Lakin elə ki, Müsavat başqanı konstruktivlik və çeviklik göstərərək, “yeni ziyalı vahid namizəd” təklifini irəli sürdü, AXCP əvvəl bu təklifə “...rədd olunur” başlıqları atdı, sonra qəfildən “bunu ilk mən söylədim”, xətti yürüdərək, onu mənimsədi və kursu dəyişdi... İndi Müsavat və AXCP-nin mövqeləri bir-birinə çox yaxındır. Əgər “sabotajçılar” bundan daha artıq zərbə vurmasalar, bu mövqe Milli Şuranın yaşam pasportuna çevrilə bilər. Əks halda, bu zərərli qurumu buraxıb da, Müsavat və AXCP-nin birliyi əsasında yeni blok qurmaq lazım gələcək.
Cəmil Həsənli layiqli ziyalılarımızdan, alimlərimizdən və cəsarətli hərəkat liderlərindən biridir. Onun seçilməsi olduqca uyğundur və hörmətli Cəmil bəy, əlində güc olarsa, həm situasiyanı, həm də ölkəni dəyişdirmək zəkasına sahib olan şəxsiyyətdir.

Bu baxımdan, Moskvadakı müxalifət patronu R. İbrahimbəyov gərək özünün namizədliyi üçün nə etməli idisə, ondan daha artığını C. Həsənli üçün etsin. Yox, əgər hörmətli kino-dramaturq bu dəfə də sürpriz edib, vahid namizəd olaraq fərqli bir ad çəksə, bu, artıq Azərbaycan müxalifətinə sui-qəsd kimi qəbul olunacaq.
****
Saatlar sonra ölkə siyasətində ciddi dəyişiklik yaradacaq qərar veriləcək. İstənilən variantda, bugünə qədər olan dəngələr dəyişəcək.
Bunu yaxşılığa, müsbətə doğru dəyişmək üçün MŞ təsisçilərinin son bir şansı var. Onlar Azərbaycanın müxalifət institutuna son 20 ildə hakimiyyətinin vura bilmədiyi zərbəni vurdular, gözdən saldılar, xalqın ümidləri ilə oynadılar. Bu xətti bundan belə də davam etdirsələr, Azərbaycana, həm də özlərinə yazıq olacaq. Hələ məlum deyil ki, düşərgəyə bu qədər zaman qeyb etdiriblər, imza toplamaq, onları qaydasınca MSK-ya çatdırmaq mümkün olacaqmı?
****
Azərbaycan müxalifətinin əlində olan və xaricdən yayın yapan internet və s. tv-lər də qəfildən, deyilənə görə, “müvəqqəti” susub. Milli Şuranın mühacir fəalları od püskürürdülər, indi püskürmürlər... Hətta Rüstəm İbrahimbəyov özü
son aylarda hakimiyyətin ünvanına birsə dənə də radikal, kəskin ifadə işlətməyib...
****
Belə bir məqamda, Milli Şurada birləşən müxalif güclər vəziyyətdən çıxış kimi lider dəyişikliyinə gedirlər. Azərbaycan tarixində ilk, analoqu olmayan, yəqin ki, heç zaman da olmayacaq, olaylara şahidlik etməkdəyik. İnanmaq istərdim ki, bu siyasi dəlləklik böyük “qanaxma” ilə müşayiət olunmayacaq...



Teqlər:  





Xəbər lenti