Generalların tarixi görüşü - Niyə Bakı seçildi?

Generalların tarixi görüşü - Niyə Bakı seçildi?
  16 Fevral 2017    Oxunub:27921
ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəislərinin Birləşmiş Komitəsinin sədri Cozef Danford və Rusiya Silahlı Qüvvələrinin baş qərargah rəisi Valeriy Qerasimov Bakıda görüşəcək. Bu gün baş tutacaq görüşdə Rusiya və ABŞ arasında hərbi sahədə münasibətlərin hazırkı durumu müzakirə olunacaq.

İki böyük dövlətin baş qərargah rəisləri görüş yeri kimi nədən Bakını seçiblər? Görüşdə hansı məsələlər ətrafında müzakirələr aparılacaq?

Politoloq Qabil Hüseynli AzVision.az-a bildirib ki, müzakirələrin əsas mövzusu Suriya və Əfqanıstan problemi olacaq: “Bu görüşdə bir çox məsələlər müzakirə olunacaq. Hesab edirəm ki, müzakirələr təkcə Suriya məsələsi ilə bağlı olmayacaq. Ola bilər ki, gündəmdə duran əsas məsələlərdən birincisi Suriya olsun. Amma, Əfqanıstan məsələsinin də müzakirə olunacağı istisna deyil. Yaxın Şərqdə İŞİD problemi hələ başa çatmayıb. ABŞ İŞİD probleminin həllinə daha miqyaslı şəkildə qoşulmaq niyətindədir. Bu məqsədlə Rusiya ilə birgə hərbi əməliyyat planını müzakirə edəcəklər. Rusiya ilə birgə hərbi əməliyyat aparılmasa, orada döyüşlər zamanı, xüsusilə hava əməliyyatlarının koordinasiya edilməsi məsələsini müzakirə etməlidirlər. Çünki, hər iki tərəfdən, həmçinin Türkiyə və Suriyanın hava qüvvələrinin hərəkəti böyük qarışıqlıq yarada bilər. Bu nöqteyi-nəzərdən qeyd etdiyim məsələlərin müzakirə ediləcəyi gözlənilir”.

Görüş yeri kimi Bakı şəhərinin seçilməsinə gəlincə, politoloq qeyd edib ki, geopolitik cəhətdən Bakı şəhəri həm Suriya, həm də Əfqanıstan üçün ən münasib yerdir: “Sual oluna bilər ki, nə üçün Tbilisi yox, Bakı şəhəri? Çünki, bölgəyə yaxınlığına görə Bakı daha münasibdir. Eyni zamanda Bakı bölgənin lider mərkəzidir. Ən başlıcası isə Bakı dünyanın ən təhlükəsiz şəhərlərindən biridir. Bakının görüş yeri kimi seçilməsi ABŞ-ın təklifidir. ABŞ bu təklifi etməklə təhlükəsiz bir şəraitdə görüşlərin keçirilməsini nəzərdə tutub. Eyni zamanda ABŞ-ın Əfqanıstan siyasətində Bakı vasitəsilə təchizatın təmin edilməsi mühüm yer tutur. ABŞ-ın Əfqanıstanda saxlanılan qoşunlarının təchizatının 80 faizi Azərbaycan vasitəsilə həyata keçirilir. Tramp dönəmində Əfqanıstana yeni qoşun hissələrinin yeridilməsi nəzərdə tutulur.



Bu, Rusiya üçün də əhəmiyyətlidir. Çünki, Rusiyaya yaxın bölgədir. Cənubi Qafqaz həm Suriya, həm də Əfqanıstan əməliyyatlarında hər iki dövlət üçün ən münasib yerdir. Cənubi Qafqazın lider və ən stabil dövləti isə Azərbaycan və paytaxtı Bakı şəhəridir. Bundan başqa Tbilisi Qərbə, İrəvan Rusiyaya yaxın hesab edilir. Bakı isə sabitliyi, neytrallığı, geosiyasi yerləşməsi baxımından belə görüşlərin keçirilməsi üçün hər iki dövlət üçün əlverişli məkandır”.

“İki böyük dövlətin baş qərargah rəislərinin görüşünə ev sahibliyi etmək Azərbaycana nə verəcək” sualına Q.Hüseynli belə cavab verib: “Azərbaycan beynəlxalq münasibətlərdə aktiv rol oynayır və fəal oyunçuya çevrilir. Bakının uzun müddətdir beynəlxalq tədbirlərin, forumların keçirilməsində böyük təcrübəsi var. Digər tərəfdən Bakı həm tarixiliyinə, həm də geostrateji əhəmiyyətinə görə bölgənin ən əhəmiyyətli şəhəridir. Bu görüşlə Bakının bundan sonra da beynəlxalq tədbirlərin keçirilməsi kimi əhəmiyyəti artacaq və sözsüz ki, Azərbaycana müəyyən siyasi dividentlər gətirəcək. Azərbaycan dünyada beynəlxalq görüşlərin keçirildiyi məkan kimi tanınacaq. Ölkəmiz bütün dünyada beynəlxalq münasibətlərin fəal fiqurlarından biri kimi tanınacaq və prestiji yüksələcək”.



“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, bu görüş Moskva ilə Vaşinqtonun Bakıya verdiyi dəyərin göstəricisidr.

“Bu, İkinci Dünya Müharibəsi illərində ABŞ, SSRİ və Böyük Britaniya liderlərinin Tehrandakı zirvə toplantısına bənzəyir. Əlbəttə, iki böyük dövlətin baş qərargah rəislərinin görüş yeri kimi Bakını seçmələri bizim üçün önəmlidir. Bu, Moskva ilə Vaşinqtonun Bakıya verdiyi dəyəri göstərir. Məncə Bakının seçilməsində əlamətdar hadisə ondan ibarətdir ki, generallar Suriyadakı savaşın gedişatını ən yaxın məntəqədə müzakirə etmək istəyiblər. Bu rola İran və İraq yaramır, qalır bircə Azərbaycan. Ankara da görüş yeri kimi seçilə bilərdi, ancaq bu halda amerikalı general Türkiyə-Rusiya ittifaqı ilə üz-üzə qalacaqdı. Azərbaycan isə Suriya mövzusunda neytral ölkədir”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti