Emin Millinin `şefi` Qarabağda: Maskalar yırtıldı – TƏHLİL

Emin Millinin `şefi` Qarabağda: Maskalar yırtıldı – TƏHLİL
  21 Fevral 2017    Oxunub:26190
Qarabağdakı işğalçı rejimin dünən keçirdiyi “referendum” adlı siyasi şoudan bir neçə vacib nəticə çıxarmaq olar. Birinci məqam budur: indiyə qədər guya “demokratik” idarəçilik qurduğunu iddia etməyə çalışan hərbi xunta daha bu oyunu davam etdirmək istəmir. Ona görə də, “səsvermə”yə çıxarılan yeni layihə separatçı rejimin başında duran Bako Saakyanın səlahiyyətlərinin 2020-ci ilə qədər uzadılmasını nəzərdə tuturdu.

Yeni “konstitusiya”ya görə, bu il cinayətkar rejimin başçısını qondarma “parlament” seçəcək. Bu, o deməkdir ki, işğal zonasında geniş seçki təşkil etmək üçün Ermənistanın nə imkanı var, nə də buna baş qoşmaq istəyir. İndiki ağır vəziyyətdə durub, bir də işğal zonasında seçki keçirməyə Yerevanda axmaqlıq kimi baxırlar. Ona görə də, məsələni sadə yolla – oyuncaq “parlament”də həll edəcəklər. Bako Saakyan isə utanmadan bunu “Dövlət quruculuğunda irəliyə atılmış addım” adlandırır. Hansı dövlət, hansı irəli, hansı addım?!..

Amma əsas məsələlər “referendum”un özündə yox, onun ətrafında baş verən siyasi oyunlardadır.

Prosesi izləmək üçün Qarabağa gələnlərin sayı cüzi idi – guya 104 nəfərin qatıldığı deyilsə də, reallıqda 30 nəfərdən çox müşahidəçinin kimliyini müəyyənləşdirmək mümkün olmadı. Onların da arasında MDB məkanından demək olar, heç kim yox idi. Bu, o deməkdir ki, Azərbaycanın Lapşin məsələsində prinsipiallıq edib, inadkarlıq göstərməsi öz nəticəsini verib: Artıq çoxları Qarabağa getməkdən ehtiyat edirlər. Çünki heç bir zəmanət yoxdur ki, Qarabağa getsən, əlləri qandallı şəkildə Bakı aeroportunda görüntülənən növbəti şəxs sən olmayacaqsan. Yəni bu məsələdə “Lapşin effekti”ni biz çox qabarıq şəkildə görə bildik.

Qarabağa gedənlər isə birbaşa erməni şəbəkəsilə işləyən adamlar idilər ki, onlardan ikisinin haqqında xüsusi danışmağa ehtiyac var.

Birincisi sizin də yaxşı tanıdığınız Yaromir Ştetinadır. Yadınıza düşmədisə, kiçik bir xatırlatma edim: Fevralın 6-da Avropa Parlamentində Azərbaycan əleyhinə keçirilən dinləmə yadınızdadırmı? Emin Millinin başda oturduğu, Xədicə İsmayılın isə “Skype” vasitəsilə qatıldığı məşhur dinləmə... Bax, onu həmin bu Yaromir Ştetina təşkil etmişdi!



Bircə dəqiqə, cənablar... Həmin dinləmədə Emin Milli nə demişdi? Demişdi ki: “Hakimiyyət mediası bizim ermənilər tərəfindən maliyyələşdirildiyimizi iddia edəcək, amma siz onlara inanmayın...” Yaxşı, əgər sizi ermənilər maliyyələşdirmirsə, onda tədbirinizi təşkil edən, əsas iştirakçılardan biri olan şəxsin – Yaromir Ştetinanın Qarabağda nə iti azmışdı? Əgər o, qatı ermənipərəst deyilsə, hansı məqsədlə qanunsuz “referendum”u izləməyə gedir, cinayətkar qurumun “parlament”inin rəhbərliyi ilə görüşür? Bunu necə izah edəcəksiniz?

Bu, kartların açıldığı, maskaların düşdüyü məqamdır! Qeyd edək ki, erməni şəbəkəsinin üzvü olduğu dünən tam şəkildə təsdiqini tapan Yaromir Ştetinanın Emin Millinin həyat və yaradıcılığındakı rolu təkcə Avropa Parlamentində dinləmələrin təşkili ilə məhdudlaşmır. O, Meydan TV-nin əsas maliyyəçilərindən və koordinatorlarından biridir. Beləliklə, son aylarda “Meydan”ın niyə açıq ermənipərəst yazılar yayımlaması da aydınlaşır. Daha dəqiqi, onsuz da aydın idi, indi isə tam şəkildə sübuta yetirildi!

Avropa Parlamentinin Çexiyadan olan üzvü görəsən, əvvəlcədən bilibmi ki, bu səfəri ilə öz adamını – Emin Millini olduqca pis vəziyyətdə qoyur? Yəqin ki, bilib, sadəcə olaraq, variantı qalmayıb: Axı o, sadəcə olaraq, erməni diasporunun pulları ilə Emin Millinin arasında adi halqadır, bir növ Meydan TV-nin kassiridir. Yəni özü də buyruq quludur – bəy dedi getməlisən, deməli, getməlisən! “Bəy” isə erməni diasporudur.



İndi biz böyük həvəslə Emin Millinin cavabını və izahatını eşitməyə hazırıq: Sizi maliyyələşdirən, sizinlə bir yerdə Avropa Parlamentində Azərbaycana qarşı dinləmələr təşkil edən Yaromir Ştetina Qarabağ “parlamenti”nin cinayətkar rəhbərliyi ilə niyə, hansı adla görüşməli idi? Bundan sonra yenə də bizi “ermənilər maliyyələşdirmir” deməyə sifətiniz olacaqmı? Olacaqsa, onda sizin sifətiniz “dövlət quruculuğunda irəliyə atılmış addım”dan danışan Bako Saakyanın sifətindən heç nə fərqlənmir!

Digər avrodeputat Frank Engelə gəlincə, o da erməni şəbəkəsinin açıq və fəal üzvlərindən biridir: Özünü çəkinmədən Belçika parlamentində "Dağlıq Qarabağ Respublikası Dostluq Qrupu"nun rəhbəri kimi təqdim edir. Təkcə bu fakt hər şeyi anlamaq üçün kifayətdir. Erməni diasporundan aldığı pulların təsirilə Engel hər yerdə deyir ki, Qarabağın “vətəndaş cəmiyyəti” ilə Avropa Birliyi arasında əlaqələrin qurulmasına çalışır. Azərbaycana qarşı təşkil olunan əksər tədbirlərdə də həmişə yuxarı başda oturur.

Beləliklə, Qarabağda “referendum” təşkil edən hərbi xunta əslində istəmədən də olsa, Erməni şəbəkəsinə böyük zərbə vurdu: onların əsas media aktivlərindən olan Meydan TV ifşa edildi, bir neçə ermənpərəst deputatın maskası yırtıldı, əlaqələri üzə çıxdı. Nə deyə bilərik, davamı gəlsin...

Vüsal Məmmədov

AzVision.az


Teqlər:





Xəbər lenti