Ermənistanda ictimai-siyasi vəziyyət gərgindir

Ermənistanda ictimai-siyasi vəziyyət gərgindir
  22 Fevral 2017    Oxunub:2015
Ermənistanda ictimai-siyasi vəziyyət gərgindir. Hökumətlə yanaşı, ölkə müxalifətində də fikir ayrılıqları yaranıb. “İrs” partiyasının parlament fraksiyasının rəhbəri Zarui Postancyanın istefası cəmiyyətdə ciddi rezonans yaradıb.
Müxalifətdə olan “İrs” partiyasının liderlərindən biri, deputat Z.Postancyan gözlənilmədən istefa verib. Səbəb kimi partiya prinsiplərinə əməl olunmaması və təşkilatdaxili ideoloji parçalanma göstərilir. Z.Postancyan buna görə partiyadan istefa verdiyini deyib. O, siyasətdən gedəcəyini də bildirib.

“Joxovurd” qəzeti məsələ ilə bağlı ekspertlərin fikirlərini öyrənib. Siyasi analitiklər belə halların yaxşı nəticə verməyəcəyini deyirlər. Çünki hazırda Ermənistanda istər iqtidar, istərsə də müxalifət cəbhəsində parçalanmalar, fikir ayrılıqları hökm sürür. “İrs” və birlik partiyaları, həmçinin keçmiş müdafiə naziri Seyran Ohanyanın parlament seçkilərində birgə iştirakı müxalifətçilər tərəfindən birmənalı qarşılanmayıb.

“İrs” partiyasının sədr müavini Armen Martirosyan bildirib ki, təşkilat kollegiya iclasında Seyran Ohanyan və Vardan Oskanyan ittifaqında birləşməyi qərara alıb. Z.Postancyan isə bunun partiyaya yaxşı heç nə vəd etmədiyini əsas gətirir. Müxalif qüvvələr keçmiş müdafiə və xarici işlər nazirlərinə güvənmirlər. Bunun növbəti oyun olduğu iddia edilir. Ona görə də deputat Z.Postancyan hər hansı blokun əleyhinədir və seçkilərdə iştirak etməyəcək.

Ermənistan vətəndaşları isə hakimiyyət uğrunda çəkişmələrdən yorulublar. Ölkədə tez-tez etiraz aksiyaları keçirilir. Özbaşınalıqlara son qoyulmasını tələb edilən növbəti mitinqi “Təsisçi parlament” ictimai hərəkatının qadınlar birliyi keçirib. Aksiya iştirakçıları rejimin təzyiqlərinə məruz qalan fəalların azadlığa buraxılmasına çağırış ediblər. Ötən ilin iyulunda post-patrul xidməti alayının ərazisini tutmuş silahlı qrupun üzvlərinə çörək aparan Artur Sarkisyanın aclıq aksiyasına başlaması da fəalları hiddətləndirib. Onun vəziyyətinin pis olduğu bildirilir. Nubaraşen təcridxanasının xəstəxanasına yerləşdirilən A.Sarkisyanla yanaşı, digər fəalların da azadlığa buraxılması tələb edilir. (Azərtac)

AzVision.az


Teqlər:





Xəbər lenti