MSK-dan İlqar Məmmədovla bağlı yeni - AÇIQLAMA

MSK-dan İlqar Məmmədovla bağlı yeni - AÇIQLAMA
  24 Avqust 2013    Oxunub:995
2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyin irəli sürülməsinin təsdiq edilməsi ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş 19 avqust 2013-cü il tarixli 1305 saylı müraciətə baxılma müddətinin uzadılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərar qəbul edib.

Komissiyanın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan İlqar Eldar oğlu Məmmədovun namizədliyinin irəli sürülməsi barədə müraciət 2013-cü il avqustun 19-da Mərkəzi Seçki Komissiyasına daxil Qanunvericiliyin tələblərinə əməl edilmədən İ.E.Məmmədov tərəfindən göndərilməsi ehtimal edilən sənədlər düzgün rəsmiləşdirilmədiyindən və həmin sənədlərdə müəyyən səhv və pozuntular olduğundan namizədliyin irəli sürülməsinin namizədliyi irəli sürülmüş şəxsin iradəsinə uyğunluğunun yoxlanılması, habelə yol verilmiş qüsurların aradan qaldırılması məqsədilə müraciət daxil olan gün, yəni 19 avqust 2013-cü ildə təxirəsalınmadan dərhal sürətli poçt xidməti vasitəsilə İ.E.Məmmədovun saxlanıldığı istintaq təcridxanasına göndərilib.

Göndərilmiş sənədlərdə yol verilmiş qüsurlar qismən aradan qaldırıldıqdan sonra iddiaçı tərəfindən notarial qaydada təyin edilmiş səlahiyyətli nümayəndə tərəfindən 23 avqust 2013-cü il, saat 17.50-də Mərkəzi Seçki Komissiyasına təqdim olunub.

Namizədliyin irəli sürülməsinin təsdiq edilməsinin mümkünlüyünün yoxlanılması məqsədilə Mərkəzi Seçki Komissiyası tərəfindən aparılmış araşdırma başa çatmadığından və hazırda buna dair təsdiqedici qərarın qəbul edilməsi qeyri-mümkün olduğundan, lakin bu hal digər namizədlərdən fərqli olaraq məhdud imkanlara malik olan istintaq təcridxanasında saxlanılan şəxsin maraqları ilə bağlı olduğundan Azərbaycan Respublikası Konstitusiyasının və seçki qanunvericiliyinin ruhuna uyğun olaraq Mərkəzi Seçki Komissiyası iddiaçının maraqlarının xeyirinə araşdırma başa çatanadək müddətin uzadılmasını məqsədəmüvafiq hesab edib.

Yuxarıda qeyd edilənləri əsas götürərək Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Konstitusiyasının 56 və 100-cü, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4, 19.14, 28.2, 28.4 və 53-cü maddələrinə əsasən q ə r a r a a l ı r :

1. 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyin irəli sürülməsinin təsdiq edilməsi ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş 19 avqust 2013-cü il tarixli 1305 saylı müraciətə baxılma müddəti uzadılsın.

2. Qərarın surəti maraqlı şəxslərə göndərilsin.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov


Teqlər:  





Xəbər lenti