Sülh Platformasının xaricdə ilk təqdimatı keçirilib

Sülh Platformasının xaricdə ilk təqdimatı keçirilib
  24 Fevral 2017    Oxunub:1851
Vyana Universitetində “Cənubi Qafqazda sülh üçün perspektivlər” adlı beynəlxalq konfrans təşkil olunub.
AzVision.az Azərtac-a istinadən xəbər verir ki, Vyanada fəaliyyət göstərən Azərbaycan Akademik Birliyinin təşkil etdiyi konfransda elmi dairələrin təmsilçiləri, Vyana Universitetinin tələbələri, diplomatik korpusun və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan tarix elmləri doktoru İnanç Atılqan dünyada sülhün bərqərar olmasına çalışan çoxlu sayda böyük şəxsiyyətin, pasifist və sülh üzrə Nobel mükafatı laureatlarının təhsil aldığı Vyana Universitetində, ümumiyyətlə Avropanın mədəniyyət, ədəbiyyat və sülh paytaxtı Vyanada belə bir toplantının keçirilməsindən məmnunluğunu ifadə edib. O, Avstriya yazıçısı, sülh üzrə Nobel mükafatı laureatı, “Silahları endirin!” adlı kitabı ilə bütün dünyada məşhur olan Berta von Suttner və digər şəxsiyyətlərin dünyada sülh naminə göstərdiyi fəaliyyəti xatırladıb.

Avropa Şurasının sabiq baş katibi Valter Şvimmer çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərarlar, şəxsən özünün fəaliyyəti dövründə münaqişənin nizamlanması istiqamətində görülən işlərdən danışıb. O, Cənubi Qafqazda bütün xalqların, eləcə də Azərbaycan və erməni xalqlarının dinc və birgə yaşamalı olduğunu bildirərək, vurğulayıb ki, bu birgəyaşayışın təmin olunması üçün göstərilən bütün sülh təşəbbüsləri dəstəklənməlidir.

Sonra tədbirdə Ermənistan-Azərbaycan Sülh Platformasının xaricdə ilk təqdimatı olub. Platformanın həmtəsisçiləri və onu dəstəkləyənlər – hüquq müdafiəçisi və yazıçı Vahe Avetyan, “Dilarə Əliyeva adına Qadın Hüquqları Cəmiyyəti” İctimai Birliyinin sədri Novella Cəfəroğlu, İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri Səidə Qocamanlı, ictimai fəal Erik Xaçaturov bu təşəbbüsün yaranması və daha öncəki cəhdlər barədə məlumat verərək bu platformanın qarşıya qoyduğu məqsədlərdən danışıblar.

Qeyd edilib ki, bu təşəbbüsün məqsədi hər iki ölkədə vətəndaş cəmiyyətinin sülh prosesinə cəlb olunması, Dağlıq Qarabağ münaqişəsinin gələcək nəsillərə ötürülməməsi və hər iki xalq arasında sülh və dinc birgəyaşayışın yollarını tapmaqdan ibarətdir. Həmçinin vurğulanıb ki, sülh prosesində yalnız iki xalqın iştirakı yetərli deyil, bu sülhün həqiqətən də bərqərar olmasını istəyən dövlətlər əməli şəkildə bu prosesi dəstəkləməlidirlər. Bu prosesdə, həmçinin beynəlxalq təşkilatların və hər iki ölkənin diasporunun vətəndaş cəmiyyətlərinin yaxınlaşması üçün səy göstərməlidirlər. İştirakçılar Ermənistan və Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini, münaqişənin həlli üçün BMT-nin müvafiq qətnamələri və Avropa Şurasının 1416 saylı qətnaməsinin icra edilməli olduğunu bildiriblər. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində heç kimin qalib gəlmədiyini diqqətə çatdıran çıxışçılar regionda sülhün bərqərar olması üçün işğal olunmuş torpaqların azad edilməsinin, qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına geri qayıtmasının vacib şərt olduğunu bildiriblər.

Ermənistan-Azərbaycan Sülh Platformasının həmkoordinatoru Orxan Nəbiyev gənclərin platformaya münasibəti və qarşıda duran əsas hədəflər barədə məlumat verib. Qeyd edilib ki, platformanın təqdimatı və sülh prosesinə dəstək göstərənlərin sıralarını genişləndirmək, yeni fikir və impulsların qazanılması üçün yaxın gələcəkdə Avropanın müxtəlif şəhərlərində görüş və toplantılar keçiriləcək.

Çıxışlardan sonra məruzəçilər dinləyiciləri maraqlandıran sualları cavablandırıb, mövzu ətrafında diskussiya aparılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti