Avropa Komissiyası önündə Xocalı mitinqi keçirildi - FOTOLAR

Avropa Komissiyası önündə Xocalı mitinqi keçirildi -  FOTOLAR
  25 Fevral 2017    Oxunub:2264
Brüsseldə, Avropa Komissiyasının mənzil-qərargahı önündə “Xocalıya ədalət!” şüarı altında mitinq keçirilib.

Aksiyanı Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) Belçika-Azərbaycan Dostluq Cəmiyyəti ilə birgə təşkil edib.

Mitinqdə çıxış edən Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib ki, azərbaycanlılar iki əsrdən artıqdır ermənilərin etnik təmizləmə və soyqırımı siyasətinə məruz qalırlar. Ermənistanın XX əsrdə reallaşdırdığı siyasət də məhz buna hesablanıb. Məqsəd bəllidir, Qafqazda türk varlığına son qoymaq. Xocalı soyqırımı da belə bir mənfur xislətdən irəli gələrək törədilib. Bu soyqırımı bəşəri cinayətdir. Bura toplaşmaqda məqsədimiz insanlıq əleyhinə olan cinayət əməllərinə dünya ictimaiyyətinin diqqətini çəkməkdir. Xocalı soyqırımı “Genosid cinayətlərinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada göstərilən müddəalara tam uyğundur.

Ə.Amaşov Xocalı faciəsinin dünya mediasının gündəminə çatdırılması sahəsindəki işlərin daha da intensivləşdirilməsinin vacibliyini bildirib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev çıxışında ölkəmizin Xocalı faciəsinin tanıdılması istiqamətində apardığı məqsədyönlü və ardıcıl işlərdən söz açıb. O bildirib ki, Ermənistanın Azərbaycana qarşı soyqırımı və terror siyasətinin mahiyyətinin dünya birliyinə çatdırılması ölkəmizin xarici siyasətində mühüm vəzifə kimi müəyyənləşdirilib. Bu işdə xaricdəki səfirliklərimiz və diaspor təşkilatlarımızın da üzərinə mühüm missiya düşür. Qafar Əliyev onu da deyib ki, Xocalıda dinc əhaliyə, ahıllara və uşaqlara qarşı törədilmiş amansız qətliamlar müasir dünya düzəninin dinc və birgəyaşayış qaydalarına kökündən vurulan zərbədir. Bu cür dəhşətli faciəni həyata keçirənlərin hələ də məsuliyyətə cəlb olunmamaları insanlıq adına utancverici haldır və bu qətliam bütün dünyada soyqırımı kimi qəbul olunmalıdır. Azərbaycan xalqı məhz bunu gözləyir. İnanırıq ki, doğrudan da bir gün hamı Xocalıda törədilən faciəyə ədalətlə yanaşacaq və dünya birliyi bunu soyqırımı aktı kimi qəbul edəcək.

Mətbuat Şurası İdarə Heyətinin üzvü, ATXƏM-in sədri İlham İsmayıl çıxışında bildirib ki, dünya Xocalı həqiqətləri barədə müfəssəl məlumata malik olmalıdır. Dünya anlamalıdır ki, XX əsrdə törədilmiş bu dəhşətə laqeyd münasibət, günahkarların cəzasız qalması ümumən bəşəriyyət üçün böyük təhdidlərə yol açan mənzərə formalaşdırır. Biz buna qarşı olduğumuzu bildirmək üçün bura toplaşmışıq. Beynəlxalq birlikdən Xocalıya ədalət tələb edirik. Hər kəs bilsin və dərk etsin ki, Xocalı faciəsi bütövlükdə dünya tarixinin ən qanlı səhifələrindəndir. Ermənilər bütün dünyada özlərini soyqırımına məruz qalan məzlum xalq kimi təqdim edirlər. Lakin artıq bütün dünyada hər kəs anlamağa başlayıb ki, ermənilər əslində Azərbaycan torpaqlarında özlərinə dövlət qurublar, azərbaycanlılara qarşı bir neçə dəfə soyqırımı törədiblər. Lakin bu gün bir çox aparıcı dövlətlər bu həqiqətləri bilsələr də, təəssüf ki ikili standart yanaşmalarla məsələlərə siyasi don geydirir, türk dünyasına təzyiq etmək üçün erməni yalanlarına haqq verməyə çalışırlar.

“Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli çıxışında Xocalı faciəsinin beynəlxalq hüquq tərəfindən soyqırımı cinayəti aktı kimi tanınmasının yetərincə hüquqi əsaslarının olduğunu diqqətə çatdırıb. Mövcud istiqamətdə Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlərin faydalı nəticələr verdiyini deyən E.Mirzəbəyli müxtəlif diaspor və lobbi təşkilatlarımızın, ictimai birliklərimizin prosesə dəstək anlamında reallaşdırdığı tədbirlərin də vacibliyini diqqətə çatdırıb. Bu baxımdan keçirilən mitinqin əhəmiyyətini önə çəkib. Elçin Mirzəbəyli bildirib ki, Xocalı soyqırımı ilə bağlı çoxlu sayda videomateriallar, fotofaktlar var. Bütün bunlara baxmayaraq beynəlxalq ictimaiyyətin Xocalı soyqırımına hələ də tam ciddi yanaşmaması və ikili standartlardan çıxış etməsi təəssüf doğurur. Lakin biz dünyadakı reallıqları bilirik. Bu reallıqlara uyğun da Azərbaycan dövləti müvafiq addımlar atır. Erməni lobbisinin ciddi təzyiqləri, Ermənistanın himayə olunması fonunda “Xocalıya ədalət!” kampaniyası çərçivəsində son illər ərzində kifayət qədər iş görülüb.

Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi ermənilərin son yüz il ərzində Azərbaycan torpaqlarında etnik təmizləmə siyasəti yürüdərək bir neçə dəfə soyqırımı aktları törətdiklərini bildirib. “Bu mənfur siyasətin nəticəsi olaraq, XX əsrin sonunda insanlıq ayıbı olan Xocalı faciəsi yaşanıb”, - deyən A.Dəmirçi rəhbərlik etdiyi cəmiyyətin Azərbaycan həqiqətlərinin Belçika cəmiyyətində təbliğinə dair gerçəkləşdirdiyi işlər barədə geniş məlumat verib.

Mitinqdə Azərbaycan və türk diaspor təşkilatlarının nümayəndələri, tələbələr və yerli sakinlər iştirak ediblər. ATXƏM-in icra katibi, “Birlik” jurnalının baş redaktoru İlqar İlkin, Türk Gent Ocağının qurucu başqanı Recep Tuncer Sarı, Hollandiya Azərbaycan Evinin rəhbəri İlhan Aşkın və başqaları Xocalı soyqırımının dünyaya tanıdılmasına yönələn tədbirlərin mütəşəkkilliyinin faydalı cəhətlərinə diqqət çəkiblər.

Qeyd edək ki, Ə.Amaşov fevralın 22-dən 28-dək Belçikada səfərdədir. Səfərin ilk günündə o, Genk şəhərində “Xocalı soyqırımı – 25 il” adlı fotosərgidə iştirak edib. Həmçinin Genk şəhərində “Qafqazda barışın önündəki əngəllər - Qarabağın işğalı” mövzusunda toplantıya qatılıb.

Deputat fevralın 23-də Belçika parlamentinin üzvləri Vəli Yüksəl, Şevket Temiz, Hasab Köyuncu və senator Bridjit Qrousvel ilə görüşüb.







AzVision.az


Teqlər:





Xəbər lenti