“Valideynlərim bu sənətə gəlməyimi istəmirdilər” - Xalq artisti

“Valideynlərim bu sənətə gəlməyimi istəmirdilər” - Xalq artisti
  01 Mart 2017    Oxunub:8083
“Özümə baxanda həmişə səhv tapırdım. Deyirdim ki, gərək bunu belə etməzdim”
Xalq artisti, Bakı Xareoqrafiya Akademiyasının prorektoru Təranə Muradova AzVision.az-ın əməkdaşı ilə həmsöhbət olub.

-Necəsiniz? İşləriniz necə gedir?

-Yaxşıyam. İşlərimiz qaydasında gedir. Bakı Xareoqrafiya Akademiyasının xarici əlaqələr üzrə prorektoru kimi fəaliyyət göstərirəm. Akademiyada yeni tələbələrimizi böyük səhnə üçün hazırlayırıq.

-Opera və Balet Teatrının tamaşlarının izləyicisi kimi sizi burada tez-tez görürük...
-Azərbaycan baletinin Leyla Vəkilova, Qəmər Almaszadə, Tamilla Şirəliyeva, Mədinə Əliyeva, Kamilla Hüseynova kimi tarixi var. Uşaqlıqdan mən baleti sevirəm . Buna görə də teatrın tamaşalarını ardıcıl izləməyə çalışıram. Bu, mənim sənətimdir. Bakı Xareoqrafiya Akademiyasında səhnəmiz üçün böyük sənətkarların hazırlanmasında əlimizdən gələni edirik. Akademiyanın tələbələrini böyük səhnələrdə görəcəyimizə ümid edirik. İndi müasir dövürdür. Müasir rəqsə akademiyamızda böyük diqqət var.

-Azərbayacanlı qızların baletə gəlişi ilk vaxtlar heç də asan olmayıb. Ailələr öz qızlarının balerina olmasını istəmirdilər. Qızlarımz indi də belə problemlə qarşılaşırlarmı?

-Bir çox balerinaların bu sənətə gəlmə tarixi bir-birinə bənzəyir. Mənim də valideyinlərim bu sənətə gəlməyimi istəməyiblər. Ancaq məndə səhnəyə, sənətə sevgi böyük idi. İndi Azərbaycan üçün böyük işlər görməyə, klassik baletin inkişafına çalışırıq. Valideyinlər daha da müasirləşiblər. Əksəriyyət baletə, rəqsə yaxşı baxır.

Balerinanın səhnə ömrü qısa olur. Bəlkə də bu səbəbdən çox adam uşağını bu sənətə qoymaq istəmir. Onlar 35-37 yaşında səhnədən ayrılmalı olurlar. Ancaq balet gözəl sənətdir.

Hər dövrdə ümumi dəyişikliklər olur. İncəsənətdə böyük dəyişikliklər baş verir. Ümid edirəm ki, akademiyamızda Leyla xanım kimi balerinalar yetişəcək. Çalışırıq ki, uşaqlarımız səhnəyə öyrəşsinlər. “Yeddi gözəl” baletini tələbələrimizin ifasında səhnəyə hazırlayırıq.

Milli şöbədə də böyük tamaşalar hazırlanır. Azərbayacana tanınmış xareoqrafları, tanınmış balerinalarını bura dəvət edirik. Belə dəvətimiz əsasında akdemiyanın klassik şöbəsində aprel ayında ustad dərsləri keçiriləcək.

-Tamaşaları izləyirsiniz. İzləyə -izləyə fikirləşirmisiniz ki, hansısa elementi mən başqa cür edə bilərdim?

-Mütləq. Həmişə professional nöqteyi-nəzərdən baxanda fikirləşirəm bunu mən belə edərdim və s. Özümə baxanda həmişə səhv tapırdım. Deyirdim ki, kaş, bunu başqa cür edərdim. Əgər rəqqasədə, balerinada bu olmasa, onlar inkişaf etməyəcəklər. Balet tamaşası çox çətin peşədir. Onu izləyəndə uşaqlığımı yada salıram. Həmişə fikirləşirdim ki, bunlar havada necə uçurlar. Ancaq indi mən bilirəm ki, baleti, milli rəqslərimizi ifa etmək necə gözəl bir işdir.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti