Rusiya Ombudsmanı Lapşinə görə Azərbaycana müraciət edəcək

Rusiya Ombudsmanı Lapşinə görə Azərbaycana müraciət edəcək
  03 Mart 2017    Oxunub:1485
Rusiyanın insan haqları üzrə müvəkkili Tatyana Moskalkova Azərbaycanda həbsdə olan rusiyalı bloger Aleksandr Lapşinin saxlanma şəraiti ilə tanış olması üçün azərbaycanlı həmkarı Elmira Süleymanovaya müraciət edəcək.
AzVision.az xəbər verir ki, bu barədə Moskalkova RİA Novosti-yə açıqlamasında deyib.

“Risklər zonasında işləyən xüsusi professional təbəqə kimi jurnalistlər xüsusi diqqət və hörmət tələb edir. Belarusdan Azərbaycana ekstradisiya edilən Aleksandr Lapşin məsələsi ilə bağlı mən bəyanatla çıxış etmişdim. Təəssüflər Azərbaycandan olan həmkarlar buna qulaq asmadılar.Azərbaycanlı həmkarımdan xahiş edəcəyəm ki, Aleksandr Lapşinin tibbi köməyə ehtiyacının və saxlanma şəraitindən narazılığının olub-olmaması ilə tanış olmaq üçün ona baş çəksin”, - deyə Moskalkova Ankarada keçirilən dördüncü beynəlxalq ombudsmanlar institutu simpozimunda çıxışı zamanı bildirib.

Qeyd edək ki, Azərbaycan Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaqı aparılan cinayət işi üzrə ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan Aleksandr Lapşin Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə təqsirləndirilən şəxs qismində cəlb edilib beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya edilib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Rusiya   Lapşin  





Xəbər lenti