Prezidentin Tehran səfəri: Nəticələr və gözləntilər

Prezidentin Tehran səfəri: Nəticələr və gözləntilər
  06 Mart 2017    Oxunub:4550
Prezident İlham Əliyev martın 5-də İran İslam Respublikasında rəsmi səfərdə olub. Səfər çərçivəsində ölkə başçısı İran prezidenti Həsən Ruhani, İranın Ali Rəhbəri Seyid Əli Xameneini ilə görüşlər keçirib.

Ölkə başçısı Ruhani ilə birgə mətbuata bəyanatla çıxışında deyib ki, İran-Azərbaycan əlaqələri təkcə xalqlarımız üçün deyil, bütün region üçün önəmlidir. Azərbaycan prezidenti, həmçinin qonşu İrana Dağlıq Qarabağ münaqişəsinin həllinə dair sərgilədiyi mövqeyə görə təşəkkür edib.

“Bizim əlaqələrimiz qədim tarix, mədəniyyət və ortaq din əsasında qurulub. Biz bu möhkəm təməl əsasında gözəl əməkdaşlıq qurmuşuq. Siyasi əlaqələrimiz yüksək səviyyədədir, bütün beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan ərazi bütövlüyü, suverenliyi əsasında həll olunması istiqamətində mövqeyinə görə İran İslam Respublikasına minnətdarlığımızı bidirmək istəyirik. Bu mövqe beynəlxalq prinsiplərə, qanuna və ədalətə əsaslanır. Hər bir ölkənin ərazi bütövlüyü toxunulmazdır”.

İran prezidenti Həsən Ruhani isə vurğulayıb ki, Azərbaycan-İran münasibətləri dostluğa və qardaşlığa əsaslanan strateji münasibətlərdir. Ruhani ümid edir ki, Dağlıq Qarabağ münaqişəsi danışıqlar yolu ilə həllini tapacaq.



“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, ölkə başçısının İran səfəri uğurlu olub: “İran-Azərbaycan münasibətlərinin tarixində bu cür yüksək dinamika xatırlamıram. Dövlət başçıları arasında çox sıx təmas yaranıb. Ortada böyük layihələr var. Astara-Astara dəmiryol layihəsi bitmək üzrədir. Sınaqlar keçirilir. Hətta Azərbaycan Astaradan Rəştə qədər olan dəmiryolunun tikintisi üçün İrana 500 milyon dollar kredit verib. İran da Azərbaycanda müəyyən yatırımlar həyata keçirir. Buna Neftçalada avtomobil zavodunun tikintisini və Pirallahıda dərman zavodunun inşasına başlanılmasını göstərə bilərik. SOCAR İrandakı layihələrə maraq göstərir. Hətta mümkündür ki, İranla neft və qaz hasilatı ilə bağlı müştərək müəssisə yaradılsın. Məlumatlara görə, Qəbələ ilə Urmiya arasında təyyarə reysi açılacaq. Ticari-iqtisadi, enerji sahələri ilə bağlı iki ölkə arasındakı əməkdaşlıq, siyasi təmaslar üst səviyyədədir”.

Politoloq təəssüflə qeyd edib ki, İran Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini birbaşa dəstəkləmir: “Prezidentlərin görüşündə İran dövlət başçısı cəmi bir cümlə işlətdi ki, İran Qarabağ münaqişəsinin sülh yolu ilə həllini arzulayır. Doğrusu, biz İran prezidentindən və dini liderindən başqa ifadələr eşitmək istəyərdik. Necə ki, bu ifadələri Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı rəsmiləri dilə gətirir. İran mövqe bildirə bilərdi ki, işğal altındakı torpaqlar boşaldılmalıdır. Həmçinin Qarabağdakı məscidlərin dağıdılmasını pisləyə bilərdilər. Tsəssüf ki, bu tip açıqlamalar görmürük. Buna rəğmən İranla əməkdaşlığı genişləndirməyə ehtiyac var”.

E.Şahinoğlu hesab edir ki, bir müddətdən sonra İranın Dağlıq Qarabağ münaqişəsinə baxışı dəyişə bilər: “Azərbaycan prezidenti İlham Əliyevdən əvvəl İrana iqtisadi inkişaf naziri Şahin Mustafayev getmişdi. Çox əlamətdar hald idi ki, Şahin Mustafayev iranlı həmkarı ilə görüşləri Güney Azərbaycanın şəhərlərində keçirmişdi. Eyni zamanda başqa bir maraqlı hadisə də baş verdi. Şahin Mustafayev helikopterlə sərhəddə gəldi və Araz çayı üzərində tikilən bəndi müşahidə etdi. Hətta erməni işğalçılarının əlindəki Xudafərin kəndinə baxdı və işğalı pisləyən açıqlama verdi. Burada su elektrik stansiyası tikiləcəksə, İran tərəfindən işlərə başlamaq asandır. Azərbaycan tərəfi isə işğal altındadır. Bu mənada inşaata başlamağın iki yolu var. Ya biz bu torpaqları sürətlə işğaldan azad etməliyik, ya da İran imkan versə, bu ölkə üzərindən Araz çayını keçib öz tərəfimizdə inşaata başlaya bilərlər. Yəni, İrandakı müəyyən bir təbəqə Ermənistanın işğalçı siyasətindən narahatdır. Ona görə də İranda siyasi situasiya dəyişsə, İran-Ermənistan münasibətlərinə təsir göstərərək Azərbaycana birmənalı dəstək tələb edə bilərlər. Düşünürəm ki, bu gün uzaqda deyil”.



Politoloq Fikrət Sadıqov isə bildirib ki, son zamanlar Azərbaycan Prezidenti İlham Əliyev və iranlı həmkarı Həsən Ruhani arasında keçirilən 8 görüş ikitərəfli münasibətlərin inkişafı baxımından müsbət göstəricidir: “Prezidentin Tehrana səfəri zamanı enerji, nəqliyyat layihələri müzakirə olunub. Şimal-Cənub nəqliyyat dəhlizi artıq start götürüb. Burada həm Azərbaycan, həm İran fəal iştirak edir. Eyni zamanda dövlət başçılarının görüşündə belə bir qərara gəldilər ki, terrorizmə qarşı, regional təhlükəsizlik istiqamətində birgə tədbirlər görülməlidir. Burada mövqelər yaxın, bir çox hallarda üst-üstə düşür. Reallıqdır ki, İrandan Azərbaycanın ərazi bütövlüyünü tanınması ilə bağlı ifadələri eşitdik. Bu, bizim üçün önəmlidir. Ermənistanla əməkdaşlıq edən dövlət eyni zamanda Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa və bunu rəsmi şəkildə səsləndirirsə, Azərbaycanın maraqlarına cavab verən addımdır”.

F.Sadıqov deyib ki, İran istəsə, Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistana təzyiq edə bilər: “Burada İranın xarici siyasətində atdığı addımlardan bir çox məsələlər asılıdır. İranın Ermənistanla müəyyən münasibətləri var. İrana islam həmrəyliyi çərçivəsində bizimlə yaxınlıq etsə, maraqlarımıza cavab verən addımlar ata bilər. Bu baxımdan Ermənistana müəyyən təzyiqlər edə bilər. Çünki, biz də terrorçuluqla mübarizə aparırıq. Hər iki dövlət regionun təhlükəsizliyində maraqlıdır. Burada bizim yaxın olmağımız, bir-birimizin mövqeyini koordinasiya etməkdən çox şey asıldır. Əminəm ki, prezident İlham Əliyev görüşlər zamanı bir sıra məqamları qabarıq şəkildə ortaya qoyub. Bunu ictimai xadimlər, diplomatlar, tanınmış şəxslər gündəmdə saxlamalıdır. Bu məsələdə İranla daimi şəkildə təmasda olmalıyıq. Çox istəyərdik ki, İslam həmrəyliyi çərçivəsində İran Azərbaycanın maraqlarını daha qabarıq müdafiə etsin və işğalçı Ermənistana təzyiqlər etsin”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Prezident   İran   Səfər   Tehran  





Xəbər lenti