“Söhbət alternativ ordudan gedir”

“Söhbət alternativ ordudan gedir”
  01 Fevral 2013    Oxunub:1184
Yanvarın 29-da Bakıda Avrasiya Hərbi Statuslu Hüquq-Mühafizə Qurumları Assosiasiyasının (TAKM) yaradılması haqqında Anlaşma Memorondumunun imzalanması mətbuatda qızğın müzakirələrə səbəb oldu.
Bir sıra media orqanları və bəzi ekspertlər bu mərasimin ortaq türk ordusunun yaradılması istiqamətində əhəmiyyətli addım olduğunu bəyan etdilər. Əlbəttə, ortaq türk ordusu çox gözəl bir ideyadır və bu ideyanın reallaşmağa məhkum olduğu danılmazdır.

“Amma təəssüflər ki, yanvarın 29-da baş verən hadisə tamamilə başqa proseslə bağlıdır”. Bunu “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin direktoru Cəsur Sümərinli AzVision.az-a bildirdi. Onun sözlərinə görə, TAKM abbreviaturasını əslində yaxşı seçiblər və bu, memorandumu imzalayan ölkələrin (Türkiyə, Azərbaycan, Qırğızıstan və Monqolustan) adlarının baş hərfləri olmaqla yanaşı həm də hərbi termin – tağım kimi səslənir. C.Sümərinli qeyd etdi ki, TAKM-ın yaradılmasına dair qərar 2011-ci il iyunun 8-də Ankarada iştirakçı dövlətlərin (Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Monqloustan) Daxili Qoşunlar, Jandarma, sərhəd xidmətləri və başqa müvafiq qurumlarının iştirakı ilə keçirilən toplantıda qəbul edilib. Daha sonra ötən ilin yayında Bakıda TAKM-ın yaradılması istiqamətində son toplantılardan biri keçirildi.
“Əslində son 2-3 il ərzində yaradılması istiqamətində gərgin işlər aparılan, Avropa və Aralıq Dənizi Ölkələri Hərbi Statuslu Polis və Jandarmalar Birliyinə - FİEP-ə (Association of the European and Mediterranean Police Forces and Gendarmeries with Military Status) alternativ olması hədəf olan bir strukturun yaradılmasından söhbət gedir”, - deyə C.Sümərinli bildirdi.
FİEP haqqında arayış verən C.Sümərinli qeyd etdi ki, bu təşkilat 1994-cü ildə 4 dövlətin – Fransa, İtaliya, İspaniya və Portuqaliyanın jandarma birləşmələri tərfindən yaradılıb və hazırda ümumilikdə aşağıdakıları özündə birləşdirir:
- Fransa Jandarması (La Gendarmerie Nationale, France)
- İtaliya Karabinerləri (Carabinieri, Italy)
- Mərakeş Kral Jandarması (La Gendarmerie Royal, Marocco)
- Niderland Jandarması (Koninklijke Marechaussee, The Netherlands)
- Portuqaliya Milli Qvardiyası (Guarda Nacional Republicana, Portugal)
- Rumıniya Jandarması (Gendarmerie, Romania)
- İspaniya Qvardiyası (La Guardia Civil, Spain)
- Türkiyə Jandarması (Jandarma, Turkey)
Bununla yanaşı Argentina Milli Jandarması və Çili Karabinyerləri təşkilata assosiativ üzvdürlər. İordaniya Jandarması (Darak Forces, Jordan) isə təşkilatda müşahidəçi statusundadır. Bir vaxtlar Qətər müşahidəçi statusunda olsa da, bu yaxınlarda oradan çıxıb.
C.Sümərinlinin sözlərinə görə, FİEP-in cəlbediciliyi ondadır ki, bu təşkilat informasiya mübadiləsi, qabaqcıl təcrübənin öyrənilməsi, maddi-texniki bazanın təkmilləşdirilməsi kimi missiyaları yerinə yetirir.
Ekspert bildirdi ki, bir vaxtlar, 2005-2011-ci illərdə Azərbaycanın FİEP-ə qoşulmaq hədəfi vardı. Həmin illərdə üzvlük üçün rəsmən müraciət edilmişdi. Bu müraciətdən sonra Daxili Qoşunların nümayəndələri müvafiq dəvətə əsasən FIEP-in 2005-ci ildə Buxarestdə keçirilən iclasına qatılmışdılar. Bunun ardınca 2006-cı ilin sentyabr ayında FIEP-in dəyərləndirmə qrupu rəsmi səfərlə Azərbaycana gələrək Daxili Qoşunların imkanları və vəzifələri ilə tanış olmuşdu. O zaman Daxili Qoşunlar rəsmilərinin məlumatına görə, Azərbaycanda səfərdə olan təşkilatın qiymətləndirmə qrupu qoşunların hazırlığını yüksək qiymətləndirmişdi. Amma bəzi qanunvericilikdə dəyişikliklərin həyata keçirilməsi zərurəti ortada idi.
“2007-ci ilin oktyabrında FİEP-in toplantısında Azərbaycan Daxili Qoşunlarının bu quruma üzv olması ilə bağlı məsələ müzakirəyə çıxarıldı. Lakin nəticə uğursuz oldu. Sonrakı illərdə də FİEP nümayəndələri Azərbaycan tərəfinin üzvlük müraciəti ilə bağlı dəfələrlə ölkəyə səfər etmişdilər. Amma nəticələr heç də qənətbəxş olmadı”, - deyə C.Sümərinli qeyd etdi.
“Doktrina” JHAM-ın rəhbəri bildirir ki, rəsmi və qeyri-rəsmi açıqlamalara görə, Azərbaycanın FİEP-ə üzvlüklə bağlı iki əsas maneə ortaya çıxlıb:
Birincisi, mətbuatda FİEP-ə üzv ölkələrin və eyni zamanda NATO-nun Azərbaycan Daxili Qoşunlarının sülhməramlı əməliyyatlarda polisə dəstək bölüyünün rabitə vasitələri ilə təchiz edilməsini yubatması barədə məlumatlar yayıldı. Bildirildi ki, Azərbaycan tərəfinin bu məsələni dəfələrlə qaldırmasına baxmayaraq, NATO-ya və FIEP-ə üzv ölkələr bu sahədə Bakıya yardım etməyi ləngidirlər. NATO rəsmiləri bu məsələyə baxacaqlarını bildirsələr də, hər hansı yenilik olmadı. Rəsmi Bakı FİEP-dən gözləntilərinin davam etdiyini bəyan edir.
İkincisi, Azərbaycan tərəfinin FİEP-in tələblərindən irəli gələn bəzi islahatları yerinə yetirməsinə, Daxili Qoşunların əsas sənədlərinin, döyüş nizamnaməsinin, tətbiqi, döyüş üsulları, döyüş düzülüşünün yenidən işlənilməsinə baxmayaraq bir sıra problemlər ortaya çıxdı. Ötən il Daxili Qoşunların komandanı Zakir Həsənov mətbuata açıqlamasında bildirdi: "FİEP-ə üzvlüklə əlaqədar biz müraciət etmişdik. Bəzi çətinliklərimiz vardı. Avropanın jandarm təşkilatlarının fəaliyyəti, qarşısında duran vəzifələrlə bizim fəaliyyətimiz arasında bir az fərq var".
Bu fərq nədən ibarətdir? C.Sümərinli bildirdi ki, FİEP-ə üzv olan ölkələrin Jandarma qurumlarının səlahiyyətinə bir çox hüquq-mühafizə strukturlarının səlahiyyəti daxildir. “Beləliklə, Azərbaycan Daxili Qoşunlarının bu struktura daxil olması üçün onun səlahiyyətlərində bir sıra ciddi dəyişikliklərin aparılması istiqamətində qanunvericiliyə yenidən baxılması gərək olacaqdı”, - deyə o qeyd etdi. “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin əldə etdiyi bir sıra məlumatlara görə, FİEP-ə daxil olmaq üçün Türkiyə Jandarm Qüvvələrinin strukturu, səlahiyyətləri, vəzifələri Azərbaycan Daxili Qoşunlarına tətbiq edilməsi FİEP-ə üzvlük üçün yolu açardı. Bu o deməkdir ki, Azərbaycan DQ üçün minimum aşağıdakı dəyişikliklər olmalı idi:
- DQ-nin daha çox hüquq-mühafizə qurumuna çevrilməsi və bununla bağlı qanunvericilikdə dəyişikliklərin aparılması;
- Ölkədə fəaliyyət göstərən bir sıra hüquq-mühafizə orqanlarının səlahiyyətinin DQ-yə verilməsi;
- Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Konvoy taborunun DQ-nin tabeçiliyinə verilməsi;
- DQ-nin nizamnaməsində, əsas sənədlərində bir sıra dəyişikliklərin edilməsi və s.
“Araşdırmalar göstərir ki, əgər Azərbaycan tərəfi bu deyilən dəyişikliklərə getsəydi, onda bütünlüklə təhlükəsizlik və müdafiə sektorunda fəaliyyət göstərən strukturların səlahiyyətlərində müəyyən dəyişikliklərin aparılması zərurəti ortaya çıxacaqdı. Böyük ehtimalla rəsmi Bakı ehtiyat edərək buna getməyib və bunun əvəzində özünün maraqları daxilində fəaliyyət göstərəcək yeni strukturun - TAKM-in yaradılmasına xeyir-dua verib. Beləliklə, böyük ehtimalla Azərbaycan Daxili Qoşunlarının FİEP-ə üzvlük perspektivi hələlik təxirə salınır”, - deyə C.Sümərinli bildirdi.
Rəsmi açıqlamalara görə, TAKM-ın yaradılmasına əsas məqsədlərdən biri ona üzv olan ölkələrin müvafiq qurumları arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi, kadr hazırlığı istiqamətində təcrübə mübadiləsinin aparılması, texniki, silah, avadanlıq və digər məsələlərdə əməkdaşlığın gerçəkləşdirilməsidir.
C.Sümərinli qeyd edir ki, Türk dövlətlərinin imza atdıqları bu sənədə bir az sonra digər dövlətlərin də qoşulması mümkündür: “Verilən məlumata görə, assosiasiya ilə bağlı sənədlər müxtəlif ölkələrə göndərilib və onların arasında Rusiya, Pakistan, Tacikistan, Özbəkistan və başqaları var. Beləliklə, göründüyü kimi TAKM-ın hər hansı ortaq türk ordusu kimi qələmə verilməsi ideyası yanlışdır və bu ideya imzalanmış memorandumun heç bir yerində əksini tapmayıb”.
“Doktrina” JHAM rəhbəri bildirir ki, ümumilikdə, TAKM-ın yaxın perspektivdə ciddi bir təşkilat olacağına inam çox aşağıdır. “Bu təşkilatın yaradılmasına hər hansı ciddi zərurət olmadığı açıq-aşkar görünür. FİEP-lə əməkdaşlığın dərinləşdirilməsi, bu quruma üzv olan ölkələrin hüquq-mühafizə orqanlarında həyata keçirilən islahatların araşdırılması və onların tətbiqi Azərbaycana daha çox fayda verərdi, nəinki TAKM çərçivəsində əməkdaşlıq edilməsi. Onsuz da Azərbaycanın Türkiyə ilə hərbi əməkdaşlığı çoxtərəflidir və bu əməkdaşlıq istər Müdafiə Nazirliyi, istərsə də Daxili Qoşunlar çərçivəsində həyata keçirilir və belə bir vəziyyətdə TAKM çərçivəsində əməkdaşlıq formatı yaradılmasının Azərbaycanın və Türkiyənin təhlükəsizlik maraqlarına ciddi töhfə verəcəyi inandırıcı görünmür”, - deyə o qeyd etdi.


Teqlər:  





Xəbər lenti