Doktorantura və dissertanturaya qəbul vaxtı açıqlandı

  26 Avqust 2013    Oxunub : 614
Doktorantura və dissertanturaya qəbul vaxtı açıqlandı
Azərbaycan Təhsil Nazirliyi doktorantura və dissertanturaya qəbulun aparılması üçün hökumətə təqdim etdiyi plan yerlərinin sayını açıqlayıb.
AzVision.az xəbər verir ki, TN sisteminə daxil olan ali təhsil və elmi-tədqiqat müəssisələrində elmi və elmi-pedaqoji kadr hazırlığı doktorantura və dissertantlıq yolu ilə iki proqram - fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə həyata keçirilir. Fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul planının layihəsində 400 yer (dövlət sifarişli 279 yer, ödənişli 121 yer), dissertantlıq yolu ilə hazırlıq üzrə 351 yer (dövlət sifarişli 254 yer, ödənişli 97 yer) nəzərdə tutulub.

Elmlər doktoru hazırlığı üzrə doktoranturaya qəbul planının layihəsində 69 yer (dövlət sifarişli 68 yer, ödənişli 1 yer), dissertantlıq yolu ilə hazırlıq üzrə 93 yer (dövlət sifarişli 89 yer, ödənişli 4 yer) planlaşdırılıb.
Təhsil Nazirliyi tərəfindən hökumətə təqdim edilmiş layihə 25 ali təhsil müəssisəsinin və 2 elmi tədqiqat institutunun (Təhsil Problemləri İnstitutu və ADNA-nın nəzdində "Neftin, qazın geotexnoloji problemləri və kimya" Elmi-Tədqiqat İnstitutu) 2013-cü il üzrə doktoranturaya qəbul üçün sifarişləri əsasında hazırlanıb. Elmi-pedaqoji kadr hazırlığını həyata keçirən ali təhsil müəssisələrindən 6-sı özəldir (Qafqaz Universiteti, Azərbaycan Universiteti, Odlar Yurdu Universiteti, Qərb Universiteti, Xəzər Universiteti və Avrasiya Universiteti).

Nazirlikdən bildirilib ki, doktoranturaya qəbul planları hökumət tərəfindən hələ təsdiq edilməyib. Planlar təsdiq ediləndən sonra-sentyabr ayında doktoranturaya sənəd qəbulunun aparılması üçün ali təhsil və elmi-tədqiqat müəssisələri tərəfindən respublika KİV-də müvafiq elanlar veriləcək. Oktyabr-noyabr aylarında isə qəbul imtahanları keçiriləcək.

AzVision.az

Teqlər: