Cüdoçularımız 3 medal qazandılar

Cüdoçularımız 3 medal qazandılar
  12 Mart 2017    Oxunub:3746
Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş cüdo üzrə “Böyük dəbilqə” turnirinin martın 11-də keçirilən ikinci günündə Azərbaycan idmançıları üç medal qazanıblar.

Turnirdə 81 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Rüfət İsmayılov özbəkistanlı Sunnatulla Azimova, Moldova təmsilçisi Dorin Gotonoagaya və bolqarıstanlı İvaylo İvanova qalib gələrək yarımfinala yüksəlib. Bu mərhələdə yaponiyalı Kenya Koharanı məğlub edən Rüfət İsmayılov finalda İran cüdoçusu Seyid Mollaeyə qalib gələrək “Böyük dəbilqə” beynəlxalq turnirinin qızıl medalına sahib olub.

Olimpiya mükafatçımız Rüstəm Orucov (73 kq) ilk görüşündə gürcüstanlı Omari Niazaşviliyə qalib gələrək dörddəbir finala yüksəlib. Növbəti mərhələdə yaponiyalı Riki Nakayyaya uduzan cüdoçumuz təsəlliverici görüşlərə qatılıb. Əvvəlcə Ukrayna təmsilçisi Dmitro Kanivetsaya, daha sonra isə gürcüstanlı Laşi Şavdatuaşviliyə qalib gələn Rüstəm Orucov bürünc medalla kifayətlənib.

Qadın cüdoçular arasında 63 kiloqram çəki dərəcəsində Azərbaycan dueli olub. Dörddəbir finalda Xanım Hüseynova Nuriyyə Axundovanı məğlub edərək yarımfinala yüksəlib. Sonra cüdoçumuz Böyük Britaniya təmsilçisi Alise Şlesingerə məğlub olub. Nərgiz Hacıyeva və Gülsədəf Kərimova ilk görüşdə Türkiyə və Sloveniyadan olan rəqiblərinə məğlub olublar. Buna baxmayaraq, cüdoçularımız bürünc medal şanslarını davam etdiriblər. Nərgiz Hacıyevaya təsəlliverici döyüşdə qalib gələn Gülsədəf Kərimova bürünc medal uğrunda komanda yoldaşı Xanım Hüseynova ilə qarşılaşıb. Görüş Xanım Hüseynovanın qələbəsi ilə yekunlaşıb.

AzVision.az


Teqlər: Cüdo   İdman   Medal  





Xəbər lenti