Səfir: “Vəzifədən azad olunmaq üçün ərizə yazmışam”

  26 Avqust 2013    Oxunub : 461
Səfir: “Vəzifədən azad olunmaq üçün ərizə yazmışam”
“Mən yaranmış məsələ ilə bağlı hər hansı şərh verməyə hazır deyiləm və istəmirəm, burada müzakirə olunası heç nə yoxdur. Təxribat elə təxribatdır”.
Bunu APA-ya eksklüziv açıqlamasında litvalı diplomatların telefon danışıqlarının internetdə yayılması ilə bağlı yaranmış qalmaqalda adı hallanan Litvanın Azərbaycanda, eyni zamanda Türkmənistandakı səfiri Arturas Jurauskas deyib.

Səfirin sözlərinə görə, baş verənlərlə bağlı Litvada müəyyən fikir yaranıb, bu məsələ ətrafında işləyən institutlar var: “Mən vəzifədən azad olunmaq üçün ərizə yazmışam, etimad məsələsinin qaldırmışam. Etimad olsa, məni vəzifəmdən geri çağırmayacaqlar, olmasa, geri çağıracaqlar”.

Litva Seymin Xarici əlaqələr üzrə komitənin sədri Benediktas Yuodka isə bildirib ki, bu gün Seymdə məsələ ilə bağlı qapalı iclas keçirilib: “Buna görə iclasla bağlı geniş şərh verə bilmərəm. Seymdə müzakirələr bitib, növbəti addımları Litvanın xarici işlər naziri atacaq. Son qərarı isə müvafiq sərəncam imzalamaqla prezident verəcək”.

Qeyd edək ki, komitənin bu gün keçirilən iclasında Litva xarici işlər naziri Linas Linkyaviçüsun ölkəsinin Azərbaycan və Macarıstandakı səfirlərin geri çağırılması ilə bağlı təklifi qəbul edilməyib.

Xatırladaq ki, iyulun 8-də “YouTube” video xidmətinə iki Litva diplomatının telefon yazısı yüklənib. Söhbətin “Şərq Tərəfdaşlığı” proqramının siyasət departamentinin direktor müavini Zenonas Kumetaytis və Litvanın Macarıstandakı diplomatik nümayəndəliyində çalışan diplomat Renatas Yuşka arasında getdiyini güman edilir. Söhbət zamanı onlar Azərbaycan-Ermənistan münasibətləri, Dağlıq Qarabağ münaqişəsi barədə öz fikirlərini qeyri-formal şəkildə bölüşüb, Litva parlamentində “Dağlıq Qarabağla dostluq qrupu”nun yaradılması ilə bağlı azərbaycanlıların və ermənilərin fəallaşmasını qeyd ediblər. R. Yuşka telefon söhbətində Dağlıq Qarabağın “Artsax” adlandırılmasını düzgün saydığını və bu məsələdə ermənilərin mövqeyini müdafiə etdiyini deyib.

Teqlər: