Türkiyə niyə hədəfdədir? - ŞƏRH

Türkiyə niyə hədəfdədir? - ŞƏRH
  13 Mart 2017    Oxunub:7483
Avropa İttifaqına daxil olan bir sıra ölkələrinin – Almaniya, İsveçrə və Hollandiyanın Türkiyədə aprelin 16-da keçiriləcək referenduma “yox” deməsi diplomatik qalmaqala səbəb olub. Hollandiyanın tutduğu sərt mövqe, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinin enişinə icazə verilməməsi və ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kayanın Türkiyənin Rotterdamdakı konsulluğuna buraxılmadan ölkədən çıxarılması vəziyyəti daha da kritikləşdirib.

Artıq iki ölkə münasibətlərdə diplomatik skandal yaşayır. Türkiyə məzuniyyətdə olan Hollandiya səfirinin ölkəyə gəlişini ləngitməsini istəyib. Eyni zamanda rəsmi Ankaranın bu ölkəyə qarşı sanksiyalar tətbiq edəcəyi bildirilir.

Azərbaycanlı siyasətçilər Türkiyənin nə üçün hədəf seçilməsini AzVision.az-a şərh ediblər.



Millət vəkili, politoloq Elman Nəsirov hesab edir ki, Türkiyəyə münasibətdə Avropa İttifaqı ölkələrinin, xüsusilə Hollandiyanın davranışı onu göstərir ki, bu ölkələr özlərini demokratiyanın beşiyi adlandırsalar da, demokratiyadan geninə-boluna danışsalar da, mahiyyətdə davranışları tamamilə antidemokratik məzmun kəsb edir:

“Bu gün Avropa İttifaqının daxilində bir böhran yaşanmaqdadır. Sadəcə biz son günlər bu quruma üzv dövlətlərin diplomatik böhran yaşadığının şahidi oluruq. Hesab edirəm ki, baş verən hadisələri prinsip etibarı ilə 2014-cü ilin mayında proqnozlaşdırmaq olardı. Çünki, 2014-cü ilin mayında Avropa Parlamentində seçkilər göstərdi ki, sağ radikal qüvvələr xeyli güclənməyə başlayıb. 2009-cu ildə Avropa Parlamentinə seçkilərdə sağ radikal qüvvələr 56 yerə sahib idilərsə, 5 il sonra 140 yerə sahib oldular. Bu, artıq çox ciddi bir siqnal idi. Sağ radikal qüvvələr müsəlman dünyası əleyhinə bəyanatlarla çıxış edirlər, məscidlərin tikilməsinə imkan vermirlər, müsəlam miqrantları qəbul etmək istəmirlər. Hollandiya da bu baxımdan istisna deyil. Hollandiyada “Azadlıq” adlı sağ radikal partiya çox güclənib. Mart 15-də bu ölkədə parlament seçkiləri keçiriləcək. Son məlumatlara görə, əhalinin 30-35 faizi məhz bu partiyanı dəstəkləyir. Bu partiyanın rəhbərliyi isə bir müddət öncə İslamı faşizmlə, “Qurani Kərimi” isə Hitlerin “Mənim Mübarizəm” adlı əsəri ilə bərabər tutmuşdu.

Amma, ən təhlükəli məqam ondan ibarətdir ki, sanki sağ radikal qüvvələrin Avropa cəmiyyətində nüfuzunun artdığını görən hakimiyyət qüvvələri neofaşistlərə oxşamağa çalışırlar. Bu gün çox qəribə situasiya yaranıb. Hollandiyaya rəhbərlik edən hökumətlə müxalifətdəki sağ radikallar arasında heç bir fərq yoxdur. Hər biri neofaşist şüarlarla çıxış edirlər. Müsəlman dünyasına qarşı islamafobiya dalğasını gücləndirirlər”.



E.Nəsirov bildirib ki, bu gün hədəfdə Türkiyədirsə, sabah istənilən bir müsəlman ölkəsi hədəfdə ola bilər: “Hazırda qorxulu tendensiyalar hökm sürür. Azərbaycan prezidenti İlham Əliyev faşizm üzərində qələbənin 70 illiyi ilə bağlı “Rossiya 24” telekanalına müsahibəsinə qeyd etmişdi ki, 10-15 il bundan öncə neofaşist qüvvələrin Avropada yenidən dirçələ biləcəyinə heç kim inanmazdı. Amma, bu gün onlar çox ciddi, real təhlükəyə çevriliblər. Artıq neofaşist qüvvələr Avropa küçələrində mitinqlər, piketlər keçirirlər. Prezdent İlham Əliyev, həmçinin bildirmişdi ki, bu gün neofaşistlər hakimiyyətdə deyillər, amma 3-5 ilə hakimiyyətə gələrlərsə, dünyanı heç də yaxşı şeylər gözləmir.

Faşistlər 1933-cü ildə Almaniyada hakimiyyətə gələndən sonra 70 milyon insanın məhvinə gətirib çıxaran İkinci Dünya Müharibəsi başladı. Biz belə neofaşist qüvvələrə göz yumarıqsa, bu, o deməkdir ki, Üçüncü Dünya Müharibəsinin başlanması üçün münbit şəraitin təmin olunmasına “töhfəmizi” vermiş olarıq. Hesab edirəm ki, Türkiyəyə münasibətdə Avropa İttifaqı ölkələrinin, xüsusilə Hollandiyanın bu davranışı onu göstərir ki, bu ölkələr özlərini demokratiyanın beşiyi adlandırsalar da, demokratiyadan geninə-boluna danışsalar da, mahiyyətdə tamamilə antidemokratik bir məzmun kəsb edirlər və onların bu fəaliyyəti təkcə Türkiyəni deyil, bütün sivil bəşəriyyəti hədəfə ala bilər. Bu gün sadəcə biz bunun ilkin simptomlarını görürük. Türkiyə bununla əlaqədar müəyyən rıçaqları işə salıb. Hazırda Türkiyədə Hollandiyanın səfiri yoxdur. Çünki, istirahətdə olan səfirin geri dönməsinə rəsmi Ankara etirazını bildirib. Bundan başqa 2015-ci ilin mart ayında Avropa İttifaqı ilə qaçqınlarla bağlı imzaladığı sənədə yenidən baxılmasını gündəmə gətirib. Bu vəziyyətdə ən vacib məsələ qarşı tərəfin Türkiyə ilə ultimatum, təzyiq dili ilə danışmamasıdır. Onlar sağlam məntiqlə Türkiyəyə münasibətdə buraxdıqları səhvin düzəldilməsi istiqamətində işlər görməlidirlər. Əks təqdirdə biz özümüzü çox qəliz və mürəkkəb situasiyanın astanasında hiss edəcəyik. Çünki, hadisələrin belə gedişatı son dərəcə ciddi təhlükələrdən xəbər verir. Əgər Avropa İttifaqı sağ radikal qüvvələrlə bağlı davranışlarında dəyişikliklər etməsələr, Böyük Britaniyanın birlikdən çıxmasının reallaşması Fransa, İtaliya, Hollandiya və digər ölkələrdə təkrar oluna bilər. Yəni, Avropa İttifaqının dağılması labüd şərait yaranır. Niderland Krallığının Türkiyəyə münasibətdə atdığı addımlar həmin perspektivin bir siqnalı kimi dəyərləndirilməlidir".



"Hollandiyanın atdığı addımları lənətləyən bəyanatlar versinlər"

Millət vəkili Hikmət Babaoğlu isə bildirib ki, Hollandiyanın qardaş Türkiyə Cümhuriyyətinin nazirlərinin öz vətəndaşları ilə görüşmə hüququnu məhdudlaşdırması, zorakı üsaullarla qadağan etməsi diplomatiya tarixində görünməmiş nəzakətsizlikdir: “Bu addım təməl insan hüquq və azadlıqlarına, beynəlxalq hüquqa, diplomatik münasibətlər haqqında Venesiya Konvensiyasına ziddir. Dövlətlərarası münasibətlərdə bu vaxtadək rast gəlinməyən xoşagəlməz tendensiyalar hökm sürür. Bu, hər şeydən əvvəl imperialist Qərbdə baş qaldıran və hər gün bir az daha artan islamafobiyanın təzahürüdür. Türkiyədə dövlət çevrilişinə cəhddən sonra Avropa imperializiminin bu ölkədə qarşı nümayiş etdirdiyi qərəzli münasibət açıq-aydın hiss olunur. Gürünür, Qərb imperializiminin Türkiyəni Suriyalaşdırmaq layihəsi baş tutmadığı üçün böyük narahatçılıq yaşanır. Ona görə də qardaş ölkədə referendum aktının keçirilməsindən sonra Türkiyənin daha da güclənəcəyindən qorxuya düşən islamafob mərkəzlər bunun baş tutmasını istəmirlər. Ona görə də ən böyük demokratiya aktına qarşı ən böyük antidemokrarik addım atmaqla özlərini ifşa etdilər. Məsələnin kökündə bu dayanır”.

H.Babaoğlu vurğulayıb ki, Hollandiya kimi o qədər də böyük olmayan ölkə bütün dünyanın gözü önundə dinc nümayişçini xüsusi təlim almış köpəklə vəhşicəsinə əzirsə, deməli ona bu cürəti verənlər var: “Düşünürəm ki, bu hadisədən sonra Hollandiyanın timsalında bütünlükdə Qərb imperializminin arxasında gizləndiyi demokratiya və insan hüquqları maskası düşdü. Qlobal dəyərlərin, demokratiyanın, insan hüquqlarının Qərb üçün sadəcə istismar mexanizimi, milli dövlətlərə qarşı bir silah olduğu ortaya çıxdı. Bu addım Türkiyəni daha da gücləndirdi. Bu dəfə islamafobların çılğınlığı o qədər emosional oldu ki, nəticədə özünüifşaya gətirib çıxardı. Hər fürsətdə müsəlman ölkələrini insan hüquqları və azadlıqlarını pozmaqda ittiham edən Qərbin beynəlxalq təşkilatları ifşa olunmaqlarını istəmirlərsə, Hollandiyanın atdığı addımları lənətləyən bəyanatlar versinlər, onu insan hüquq və azadlıqlarını pozmaqda ittiham etsinlər. Əks təqdirdə onların da onsuz da olduqca bərbad olan siyasi reputasiyaları daha pis olacaq”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Türkiyə   Avropa   Hollandiya   Qalmaqal  





Xəbər lenti