`Cəmil Həsənlinin 1 faiz səs almaq imkanı belə yoxdur`

  26 Avqust 2013    Oxunub : 467
`Cəmil Həsənlinin 1 faiz səs almaq imkanı belə yoxdur`
“Prezidentliyə namizədliyini irəli sürən şəxslərin sayının çox olmasını normal qəbul edirəm”.
Bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) prezidentliyə namizədliyini irəli sürmüş sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib.

Q. Həsənquliyev bildirib ki, bu günə qədər seçki kampaniyasının gedişi ilə bağlı qanun pozuntusu ilə qarşılaşmayıblar. O, imzatoplama kampaniyasının başa çatmaq üzrə olduğunu da qeyd edib.

Cəmil Həsənlinin Milli Şuranın ehtiyat vahid namizədi seçilməsi məsələsinə münasibət bildirən Q. Həsənquliyev bu qurum İctimai Palata formatında olanda belə, “Cəmil Həsənli və ya Ərəstun Oruclunun uğurlu namizəd” ola biləcəyini dediyini xatırladıb: “Onda mənim məsləhətimə qulaq asmadılar. Hətta Ərəstun Orucluya qarşı xoşagəlməz, iyrənc kampaniya başladıldı. Ərəstun Oruclu da necə bir bataqlığa düşdüyünü gördü, ətrafındakı insanların nə qədər qeyri-səmimi olduqlarını anladı və düşərgədən uzaqlaşdı. İndi özü müstəqil namizəd kimi seçkilərə qatılıb. Cəmil Həsənlinin namizədliyini isə çox hörmətsiz irəli sürdülər. Həm də İctimai Palatanın yox, Milli Şuranın namizədi kimi…”

BAXCP sədri Milli Şuranın “Rusiyanın layihəsi kimi ifşa olunduğunu” da qeyd edib: “Putinin Azərbaycana səfərinədək Milli Şuranın bütün siyasəti məhz Rusiya faktoru üzərində qurulmuşdu. Belə bir fikir aşılanırdı ki, Rusiya İlham Əliyevi növbəti dəfə prezident kimi görmək istəmir, buna görə də Rusiya Azərbaycanda hakimiyyəti dəyişəcək və onlar da hakimiyyətə gələcəklər. Putinin səfərindən sonra isə onlar çox sarsıdıcı bir iflas prosesi yaşadılar. Bundan sonra Milli Şuraya daxil olan partiyalar, o cümlədən İsa Qəmbər və Əli Kərimli seçkilərdə iştirakın mənasız olduğunu başa düşüb geri çəkildilər və hörmətsiz formada Cəmil Həsənlinin namizədliyinin üzərində dayandılar. İndi isə nəinki Cəmil Həsənli, dünyanın bütün siyasi texnoloqları yığışsa da, Milli Şuranı düşdüyü acınacaqlı durumdan, iflasdan xilas etmək mümkün olmayacaq”.

Q. Həsənquliyev hesab edib ki, Cəmil Həsənlinin namizədliyinin “Milli Şura ilə bağlı kartlar açılandan sonra” irəli sürülməsi onun milli güc kimi dəstək almasına şübhə yaradır: ”Əgər Cəmil Həsənli Milli Şuranın iflasından sonra seçkilərə müstəqil namizəd kimi qatılsaydı, daha çox səs qazana bilərdi, nəinki indi. Hətta Cəmil Həsənliyə şəxsi simpatiyası olan insanlar da onun seçkilərə “Yusif Sərrac missiyası” ilə qatıldığını yaxşı başa düşürlər. Bütün hallarda Milli Şuranın namizədi əgər seçicilərin 1-2 faizinin səsini ala biləcəksə, bunun yarısından çoxu Cəmil Həsənlinin cəmiyyətdə bir alim kimi tanınmasına görə olacaq. Milli Şuraya daxil olan partiyalara görə bu qurumun vahid namizədinin heç 1 faiz səs almaq imkanı belə yoxdur”.

BAXCP sədri təklif edib ki, Milli Şura C. Həsənliyə seçkidən sonra nəticələri tanımamaq kimi tələb irəli sürməsin: “Əksinə yaxşı olar ki, seçilmiş prezidenti təbrik etsinlər, ölkənin və cəmiyyətin inkişafı naminə əməkdaşlıq təklif etsinlər”.

Q. Həsənquliyevin başqa bir təklifi isə Milli Şuraya daxil olan partiyaların bir siyasi təşkilatda birləşib, Cəmil Həsənlini də həmin təşkilatın sədri seçmələri ilə bağlı olub: “Bu ideyanı qəbul edərlərsə növbəti parlament seçkilərində onların parlamentdə təmsil olunmaq imkanları yarana bilər”.(apa)

Teqlər: