AVP Zahid Oruca dəstək verir?

  27 Avqust 2013    Oxunub : 478
AVP Zahid Oruca dəstək verir?
AVP sədri: «Partiya üzvlərinə tapşırılıb ki, bu adamın seçki kampaniyasında iştirak etməsinlər»
“Ana vətən” Partiyasının keçmiş sədr müavini Zahid Orucun prezident seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürməsi haqda məlumat vermişdik. Elə buna görə də Zahid Oruc partiya sıralarından xaric edildi. Çünki “Ana vətən” Partiyası seçkilərdə İlham Əliyevi dəstəkləmək qərarı verib.

Zahid Orucun partiyanın qərarına zidd olaraq öz namizədliyini irəli sürməsi, partiya sədri Fəzail Ağamalının qəzəbləndirdi. Zahid Oruc isə öz növbəsində verdiyi qərarın konstitusiyaya uyğun olduğunu və bu qərarda israrlı olduğunu bildirmişdi.

Son günlər isə mətbuat Zahid Orucun aktiv seçki kampaniyası aparmasından yazır. Verilən məlumatlara görə, Zahid Orucun imzatoplama kampaniyası uğurla gedir və artıq 12000 imza toplanılıb. Yayılan məlumatlara görə, Zahid Orucun seçki kampaniyasında “Ana vətən” Partiyasının üzvləri fəal iştirak edir və bu imzaların toplanması da keçmiş partiya üzvlərinin dəstəyi nəticəsində mümkün olub.

Məsələyə münasibət bildirən “Ana vətən” Partiyasının sədri Fəzail Ağamalı azadliq.info-ya açıqlamasında deyilənləri yalan adlandırıb və Zahid Oruca dəstək verilməyəcəyini bildirib: “Biz yerli və rayon şöbələrinə tapşırıq vermişik ki, Zahid Orucun seçki kampaniyasında, imzatoplamada heç bir partiya üzvü iştirak etməsin. Bu adam müstəqil şəxsdir və kampaniyasını öz resursları hesabına aparmalıdır. Biz partiyanın bütün resurslarını İlham Əliyevin qələbəsi üçün səfərbər etmişik”.

Teqlər: