İranın seçkiqabağı oyunları – TƏHLİL

  27 Avqust 2013    Oxunub : 653
İranın seçkiqabağı oyunları – TƏHLİL
İranın seçki dövründə İmam Xomeyni adına İmdad Komitəsi və onun strukturlarının (İmam Əli adına xəstəxana) qeydiyyatı mövzusunu aktuallaşdırması sağlam niyyətdən xəbər vermir. İmam Xomeyni adına İmdad Komitəsinin vaxtilə yaydığı açıqlamalardan bəlli olurdu ki, onun ümumi topladığı ianə ilə Azərbaycana xərclədiyi vəsait arasında böyük fərq var.

İkincisi, Azərbaycan indi kasıb ölkə deyil, adambaşına düşən maliyyəyə görə İrandan üstündür. İran iqtisadiyyatı geriləyir, Azərbaycan iqtisadiyyatı isə irəliləyir. Belə olan təqdirdə ən yararlı Türkmənistan təcrübəsidir. M.Əhmədinecad Q.Berdumuhəmmədovun dövründə yardım etdi. Q.Berdimuhəmmədov yardımın üstünə təxminən 10% qoyub İrana hədiyyə göndərdi. İranın Türkmənistana yardımı o dövrdə idi ki, İran rəsmiləri Q. Berdımuhəmmədova İrana satdığı qazın qiymətini 10 dollar aşağı salmaqdan ötrü yalvarırdılar.

Yardım mövzusu İranın əlində öz daxilləri üçün hesablanmış siyasi hadisədir: Guya İran camaatı ona görə kasıbdır ki, İran dövləti daha kasıb müsəlmanlara yardım edir.

Azərbaycana İrandan gələn yardım siyasi tutumludur: yardım adıyla Azərbaycana keçirilən maliyyənin hesabına müəyyən siyasi prosesləri, etirazçı qüvvələri dəstəkləyir, Azərbaycanda hökumətdən narazı qüvvələrin sayının artmasına xərcləyir. Seçki dövründə İranın bu məsələni aktuallaşdırması Prezident seçkiləri dövründə çaxnaşma yaratmağa xidmət edir. İran yaxınlarda Ermənistanda keçirilən prezident seçkilərində öz namizədilə iştirak etdi. Prezident seçkilərinin legitimliyini aradan qaldırmaq üçün ikihakimiyyətliliyə cəhd etdi. Ermənistanda alınmadı. Eyni bu metoda Azərabaycanda da əl atması istisna deyil. İranın Azərbaycandakı iş adamları kiçik maliyyə imkanlarına malikdir. Maliyyə hesabları üzərində ciddi nəzarət var. Ona görə büdcəsi 200 milyon dollar hüdudlarında olan İmdad komitəsinin Azərbaycandakı hesabında 2-3 milyon dollar pul şübhə yaratmayacaq. Amma bu 2-3 milyon dollara Azərbaycanda hökuməti rüsvay etmək üçün külli miqdarda baş yardırmaq, qan tökmək olar. İran-Azərbaycan sərhədini hər hansı yerdən pozub Azərbaycana silah, əlavə pul, narkotik maddə keçirmək olar.

İmdad komitəsilə bağlı vəziyyətin ən yaxşı həlli bu məsələnin İranla açıq şəkildə müzakirə edilməsidir. İndi İranda 3-4 zəlzələ ocağı var. İran hökumətinin həmin zəlzələ ocaqlarını ləğv etməyə gücü çatmır. Bəm zəlzələ regionunda 20 il ərzində heç nə tikilməyib. Əhər zəlzələsində İran hökuməti əhaliyə sələmlə pul payladı. Azərbaycan hökuməti öz vəsaiti hesabına İmdad komitəsinin xətti ilə zəlzələdən dağılmış İran ərazilərinin bir hissəsinin bərpasını gündəliyə gətirə bilər.

İranın bu təxribatları rəsmi və dini Tehran təmsilçilərinin Azərbaycan Respublikasında aktivləşmələrinin göstəricisidir. Azərbaycanda mətbuatın, xüsusilə hakimiyyətə yaxın mətbuatın böyük bir qismi üzərində təsirini artıran, müəyyən qrup ziyalılara, hətta bəzi məmurlara maliyyə yardımları edən İran indi Azərbaycanda özünü daha sərbəst hiss edir. Reallaşdıracağına əmin olduğuna görə yeni təxribat formulları hazırlayıb ortalığa qoyur.

Kasıblayan İran varlanan Azərbaycana yardım edirsə bunun dinimizlə, humanizmlə qətiyyən əlaqəsi yoxdur. İranın bədnam məşhur mətbu orqanlarının efirə çıxan əməkdaşlarının kostyumları bir neçə ay bundan qabaq təzələnib. İrandakı redaksiyaların yardıma ehtiyacı daha çoxdur. Azərbaycandilli mətbuatın İranda inkişafına ciddi ehtiyac var. Belə fonda İranın Azərbaycandakı səfirliyi redaksiyalara, ayrı-ayrı adamlara, məmurlara pul paylayırsa, bu siyasətdir.

Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin (SİTM) Hesabatı əsasında
AzVision.az üçün

Teqlər: