Bayram bitdi: dollar bahalaşacaqmı? - TƏHLİL

Bayram bitdi: dollar bahalaşacaqmı? - TƏHLİL
  27 Mart 2017    Oxunub:13622
Məlumdur ki, Mərkəzi Bank (AMB) tərəfdən manatın ABŞ dollarına nəzərən bayram tətilindən sonraya, yəni martın 27-nə olan məzənnəsi 1,7201 manat müəyyən edilmişdi. Bu isə dolların sonuncu dəfə mövcud kursu ilə müqayisədə 0,01% ucuzlaşması demək idi. Ümumiyyətlə, sonuncu dəfə dolların məzənnəsində rekord səviyyə fevralın 1-i tarixdə qeydə alınmışdı - 1,9200 manat.

İndi hamını düşündürən məsələlərdən biri də budur ki, bayramdan sonra, yəni apreldə dollar yenidən bahalaşacaqmı? Əsas fikir də məhz ondan ibarətdir ki, turistlər gəldi-getdi və guya, ona görə də yenə valyuta qıtlığı ortaya çıxacaq. Halbuki, valyuta bazarında vəziyyət ölkədə turizm ilə bağlı mövcud şəraitdən asılı deyil. Doğrudur, bayram günlərində və ümumiyyətlə, ilin müəyyən dövrlərində turistlərin axını şəraitində ölkəyə müəyyən məbləğdə valyuta vəsaiti daxil olur.

Ancaq bu, manatın məzənnəsinə ciddi şəkildə təsir göstərə bilməz. Ümumiyyətlə, ölkədə valyuta bazarında yaranmış vəziyyətlə əlaqədar məsələyə düzgün yanaşmaq tələb olunur. Əvvəla, yaranmış vəziyyətin real məğzi bundan ibarətdir ki, manatın məzənnəsi xeyli müddətdən sonra demək olar, sabitləşib ki, bunda da bir neçə faktor mühüm rol oynayıb və oynayır.

Birincisi, xarici təsirlər, yəni neftin qiyməti ilə, o cümlədən qonşu ölkələrdə, ümumiyyətlə əsas ticarət tərəfdaşlarımızda devalvasiya proseslərinin səngiməsiylə bağlı təzyiqlər azalmış, ikincisi, hökumət bütün istiqamətlər üzrə qənaətə keçməklə mövcud büdcə-vergi siyasətini dəyişmişdir, üçüncüsü, ölkədə pul-kredit siyasəti daha da sərtləşdirilmiş, dördüncüsü, valyuta alqı-satqısı mexanizminin özü də tamamilə yeni formaya transformasiya edilmişdir, beşincisi isə ölkədə dollarizasiya prosesi də zirvə nöqtəyə çatdığından xarici valyutaya tələb minimuma enmişdir.

Odur ki, manatın sanki, hətta bahalaşmağa doğru start götürdüyü də nəzərə çarpmağa başlayıb. Ancaq bu, arabir qeydə alınan bir tempdir, bütövlükdə isə vəziyyət qeyd etdiyim kimi sabit xarakter daşımaqdadır.

Yeri gəlmişkən, mart ayı başlayanda şərhlərimdə və müvafiq açıqlamalarımda proqnoz etmişdim ki, dolların məzənnəsində yenə bahalaşma müşahidə edəcəyik. Ancaq bu, əvvəlki tempdə qeydə alınmayacaq. Çünki, əvvəla, qeyd etdiyim kimi valyuta bazarına təsir göstərən şərtlər artıq, dəyişmiş, ikincisi də ki, həmişə bayram ərəfəsində xarici valyutaya tələb artsa da, bu dəfə bunun bir sıra səbəblər üzündən nisbətən az tempdə baş verəcəyi gözlənilirdi. Sözsüz ki, bunda əvvəlki illərdən fəqli olaraq bu dəfə çoxlu sayda turistlərin gəlməsinin də rolu oldu. Ancaq bu, təkrar edirəm ki, ciddi təsir gücünə malik deyil.

Odur ki, apreldən dolların yenidən bahalaşacağını gözləməyə dəyməz. Düzdür, müəyyən həftələr ərzində kiçik sıçrayışlar baş verə bilər. Ancaq bütövlükdə növbəti ay ərzində də manatın mövqeyi heç bir kəskin hücuma məruz qalmayacaq.

O ki qaldı bankların yaranmış məzənnə sabitliyinə istinadən gəlir götürmələri məsələsinə, xatırladıram ki, AMB bu ilin yanvarın 12-dən valyuta hərraclarının keçirilməsi qaydalarını növbəti dəfə dəyişdirmiş, yəni onu daha yeni formaya doğru təkmilləşdirmiş, həmçinin kommersiya bankları üçün xarici valyuta alışı və satışı üzrə tədbiq olunan -/+4-lik marja da ləğv edilmiş və bununla da manatın "tam üzən məzənnə" rejiminə keçidi təmin edilmişdir.

Odur ki, banklar alqı-satqı qiymətlərini özləri müəyyən edirlər. Və heç bir bank da vətəndaşı və yaxud da hər hansı bir subyekti məcbur etmir və edə də bilməz ki, valyuta mübadiləsini məhz onun təklif etdiyi qiymətə həyata keçirsin. Yəni, belə bir mexanizm yoxdur ortada...

Banklar dolları AMB-nin təyin etdiyi kursdan ucuz qiymətə almağı təklif edirlərsə, deməli, dollarları çoxdur. Baha qiymətə satırlarsa, demək, manatları yoxdur, yəni milli valyutaya ehtiyac duyurlar. Bax, həqiqət məhz bundan ibarətdir. Eyni vəziyyət hazırda əhali üzrə də müşahidə olunmaqdadır. Belə ki, əllərdə xarici valyuta var, amma kifayət qədər manat isə yoxdur. Yəni ki, hər şey əslində, tələb ilə təklifin nisbətinə əsasən baş verir.

Yeri gəlmişkən, ölkədə kommersiya banklarının hazırda başqa gəlir mənbələri yoxdur... Və odur ki, hələ keçən ilin dekabrında -/+ 4%-lik marjanın ləğv olunması təklifini ilk dəfə irəli sürərkən də yazmışdım ki, bunun ləğvi həm də qeyd olunan məqsədə xidmət naminə vacib xarakter daşıyır. Yəni ki, bankların müvəqqəti də olsa, müvafiq gəlir götürə bilmələri üçün...

Ona görə də, burada heç bir mənfi hal və manipulyasiya elementi yoxdur və bunu axtarmaq da lazım deyil. Kommersiya banklarının dolların alışı ilə satışı qiymətləri arasındakı kəskin distansiyadan əsasən, idxalçılar zərər görürlər. Və bu da dolayı yolla da olsa, bir sıra yerli istehsalçılar üçün xeyirli məqsəd daşıyır.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər: #Dollar   #Manat   #Təhlil   #MərkəziBank  





Xəbər lenti