Trampın adamı Rza Zərrabı həbsdən çıxarmaq istəyir

Trampın adamı Rza Zərrabı həbsdən çıxarmaq istəyir
  28 Mart 2017    Oxunub:2275
Təxminən 1 ildir ki, Nyu-Yorkda həbsdə olan azərbaycan əsilli iş adamı Rza Zərrab avqustdakı məhkəməsindən əvvəl müdafiə komandasında mühüm dəyişikliklər edib.
AzVision.az-ın məlumatına görə, Zərrab vəkilləri arasına ABŞ prezidenti Donald Trampa yaxın olan Nyu-Yorkun keçmiş meri Rudolf Gulianini daxil edib. Zərrabı müdafiə edən vəkillərdən biri isə ABŞ-ın eks naziri Maykl Mukasey olacaq. Maykl Mukasey Corc Buşun prezidentliyi dövründə ədliyyə naziri olub.

Amerikanın “The New York Times” qəzetinin iddiasına görə, keçən ay hər iki vəkil Türkiyəyə gələrək prezident Tayyib Ərdoğanla görüşüb. Nəşr qeyd edib ki, Zərrab ona istənilən cəzanın yumşaldılması ilə bağlı prokurorluqla əməkdaşlığa gedəcək. Təbii ki, bu əməkdaşlıq müəyyən “etiraflar” qarşılığında olacaq.

Xatırladaq ki, Azərbaycan əsilli iş adamı Rza Zərrab ötən il ABŞ-ın Mayami şəhərində həbs olunub. 33 yaşlı milyarder İrana tətbiq olunan sanksiyaları pozaraq ABŞ-ı aldatmaq, bank saxtakarlığı və çirkli pulların yuyulmasında ittiham olunur.

Martın 19-da tutulan R.Zərrab barəsində Mayami məhkəməsi tərəfindən həbs qərarı çıxarılıb. Onunla birlikdə Kamelya Cəmşidi və Hüseyn Nəcəfzadə adlı iki İran vətəndaşı da həbs olunub. Bu ittihamlara görə R.Zərraba 75 il həbs cəzası istənilir.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: RzaZərrab   Məhkəmə   ABŞ   Türkiyə  





Xəbər lenti