İmtahandan`iki`alan qız 559 bal toplayıb

İmtahandan`iki`alan qız 559 bal toplayıb
  27 Avqust 2013    Oxunub:1884
Buraxılış imtahanında "iki" qiyməti alan abituriyentlər III qrup üzrə əsasən ibtidai sinif müəllimliyi, IV qrup üzrə bədən tərbiyəsi ixtisası üzrə ali məktəblərə daxil olublar.

Bunu Trend-ə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, buraxılış imtahanlarında "iki" qiyməti alan 39 abituriyent I ixtisas qrupu üzrə ali məktəbə daxil olub. Həmin abituriyentlərin 5-i (onların 2-i buraxılış imtahanında ana dili fənnindən "iki" alıb) qəbul imtahanında 250-dən yüksək bal toplayıb. Bu qrup üzrə belə abituriyentlər regional ali məktəblərin xüsusi qabiliyyət tələb edən ixtisaslarına daxil olublar. Bu abituriyentlər buraxılış imtahanında əsasən ana dilindən "iki" alıblar.

M.Abbaszadənin sözlərinə görə, I qrupa sənəd vermiş belə abituriyentlərdən bir nəfəri qəbul imtahanında yüksək - 350 bal toplayıb. Həmin abituriyent buraxılış imtahanında riyaziyyat fənnindən "beş", ana dili fənnindən "iki" qiyməti alıb. Ali məktəbə qəbul imtahanının nəticələrinə əsasən isə o, riyaziyyat fənni üzrə sualların 42, fizika üzrə 74, xarici dil üzrə 32, kimya üzrə 69, ana dili üzrə 17 faizinə düzgün cavab verib. Buraxılış imtahanında "iki" alan, ancaq ali məktəbə qəbul ola bilən abituriyentlərin göstərdiyi ən aşağı nəticə 108 bal olub. Həmin abituriyent 108 bal toplayaraq dizayn ixtisasına qəbul olub.

M.Abbaszadə bildirib ki, buraxılış imtahanında "iki" alan abituriyentlərin 16-ı II ixtisas qrup üzrə ali məktəbə daxil olub. Bu qrupda çəmi bir belə abituriyent nisbətən yüksək - 301 bal toplaya bilib. II ixtisas qrupuna sənəd vermiş belə abituriyentlərin 5-i 250-dən çox bal toplayaraq ali məktəbə qəbul olub. Qalan abituriyentlər isə 150 balla müsabiqə vəziyyəti aşağı olan məktəblərə - Təfəkkür Universiteti, Azərbaycan Kooperasiya İnstitutuna, Azərbaycan Müəllimlər İnstitutuna və s. qəbul olublar.
Komissiya sədri qeyd edib ki, III ixtisas qrupunda çox maraqlı fakt qeydə alınıb. Bu qrupda buraxılış imtahanında ana dili üzrə olan 30 sualın hamısına düzgün cavab verərək "beş", riyaziyyatdan isə çəmi 6 suala cavab verməklə "iki" qiyməti alan qız abituriyent 559 bal toplayıb. Bu abituriyent qəbul imtahanında ana dili üzrə sualların 95, ədəbiyyat üzrə 90, xarici dil üzrə 95, tarix üzrə 91, riyaziyyat üzrə 2 faizinə düzgün cavab verib.
Komissiya sədrinin sözlərinə görə, III qrupda digər abituriyent 412 balla ali məktəbə qəbul olub. Bu abituriyent də qəbul imtahanlarında riyaziyyatdan yaxşı nəticə göstərməyib. III qrup üzrə buraxılış imtahanlarında "iki" qiyməti almasına baxmayaraq, ali məktəbə daxil olan abituriyentlər əsasən ibtidai sinif müəllimliyi ixtisasına qəbul olunublar.
M.Abbaszadə qeyd edib ki, III qrup üzrə 43 belə abituriyent ali məktəbə qəbul olub. Bu abituriyentlərin 29-u imtahanda 250-dən yüksək bal toplayıblar. Həmin abituriyentlərin hamısı buraxılış imtahanında yalnız riyaziyyatdan "iki" qiyməti alıblar. Bu abituriyentlər özəl ali məktəblərə-Təfəkkür Universiteti, Qızlar Universiteti, "Odlar Yurdu" Universiteti, Ali İctimai-Siyasi Universitetə qəbul olunublar.
III qrupun xüsusi qabiliyyət tələb edən ixtisaslarına-təsviri incəsənət, dizayn, aktyor sənəti, qrafika və instrumental ifaçılığa 13 abituriyent daxil olub. Bu ixtisaslara daxil olan abituriyentlərin hamısı buraxılış imtahanında ana dilindən "üç", riyaziyyatdan "iki" qiyməti alıblar.
TQDK sədri deyib ki, buraxılış imtahanında "iki" alan abituriyentlərin 30-u bu il IV ixtisas qrupu üzrə ali məktəbə qəbul olub. Onlardan yalnız 3-ü xüsusi qabiliyyət tələb etməyən ixtisaslara (2 nəfər biologiya müəllimliyi, digəri kimya müəllimliyi ixtisasına) qəbul olub.

AzVision.az


Teqlər:  





Xəbər lenti