Həmsədrlərdən növbəti Qarabağ bəyanatı

Həmsədrlərdən növbəti Qarabağ bəyanatı
  29 Mart 2017    Oxunub:1851
ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Riçard Hoqland (ABŞ), Stefan Viskonti (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik 11 -27 martda regiona səfərlərinin yekununa dair bəyanat yayıblar.
AzVision.az xəbər verir ki, bəyanatda səfərin əsas məqsədinin qoşunlarının təmas xəttində, Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət barədə ətraflı məlumat əldə etmək, 2016-cı ildə Vyana və Sankt-Peterburq sammitlərində əldə olunmuş razılaşmaların həyata keçirilməsi üzrə müzakirələrin aparılması, eləcə də münaqişənin həlli istiqamətində növbəti addımların müzakirəsi olduğu deyilir.

Qeyd olunub ki, danışıqlarda həmsədrlər təmas xəttində baş verən gərginliklə bağlı dərin narahatlıqlarını bir daha qeyd ediblər və tərəfləri çıxışlarında və addımlarında təmkinli olmağa çağırıblar. Prezidentlər həmsədrlərin atəşkəsi gücləndirmək və xüsusilə Novruz və Pasxa bayramları ərəfəsində vəziyyətin eskalasiyasından çəkinməklə bağlı təkliflərinə dair mövqelərini açıqlayıblar. Onlar siyasi həll istiqamətində danışıqların davam etdirilməsinə sadiqliklərini ifadə ediblər.

Vasitəçilər danışıqlarda ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin missiyasına və onun genişləndirilməsinə dəstəyin davam etdirilməsinin vacibliyini vurğulayıblar. Onlar əmin olduqlarını bildiriblər ki, danışıqların davam etdirilməsi məqsədilə etimad atmosferinin yaradılması üçün atəşkəsə hörmət son dərəcə vacibdir.

Həmsədrlər tezliklə Vyanaya səfər edəcək və ATƏT-in Minsk qrupunun üzvləri ilə bir araya gələcəklər.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: ATƏT   Həmsədrlər   Qarabağ   bəyanat  





Xəbər lenti