Sarkisyan yenə gülünc vəziyyətə düşdü

Sarkisyan yenə gülünc vəziyyətə düşdü
  01 Aprel 2017    Oxunub:7509
Ermənistan prezidenti Serj Sarkisyan növbəti dəfə sərsəm fikirlər səsləndirib.

AzVision.az xəbər verir ki, işğalçı ölkənin rəhbəri olan Sarkisyan seçki öncəsi Respublika Partiyasının Karen Demirçyan adına idman konsert kompleksində keçirilən tədbirində Qarabağ münaqişəsindən danışaraq “biz başladığımız işi sona çatdırmalıyıq” deyə separatçı mövqe nümayiş etdirib.

O, ötən gün Qarabağda məhv edilən 20 yaşlı hərbçi Artak Rafaelyanın guya “ölkəsinin sərhədini” qoruyarkən öldüyünü deyib və Qarabağda müharibənin bitmədiyini sözünə əlavə edib.

“Ötən gün öz missiyasını həyata keçirən zaman həlak olan övladımızı son mənzilə yola saldıq. Ötən gün biz müharibənin bitmədiyini anladıq. Bəli, biz hələ çox şey etməliyik! Biz başladığımız missiyanı yekunlaşdırmalıyıq. Ermənistan qurban olmaq niyyətində deyil”.

Tanrının məhkəməsini gözləməyəcəklərini deyən Sarkisyan gülünc görünsə də, Azərbaycan əskərini ölümlə hədələyib.

“Biz Tanrının məhkəməsini gözləməyəcəyik. Bunu anlamayanlar, döyüş meydanında erməni əsgərinin əli ilə cəzalanacaqlar”-deyə işğalçı rəhbər söyləyib.

Ermənistanın biabırçı aprel məğlubiyyətinin ildönümü ərəfəsində Sarkisyanın “yerə-göyə” çıxmayan pafoslu çıxışı onun necə də gülünc durumda olduğu göstərir.

Prezident İlham Əliyevin bu gün hərbçilərlə görüşündə dediyi kimi Ermənistan rəhbərliyi həqiqətən də özünü biabırçı vəziyyətə salıb.

Ali Baş Komandan İlham Əliyev deyib ki, Ermənistan rəhbərliyi aprel döyüşləri zamanı özlərini tam şəkildə ifşa edib. Onlar həm döyüş meydanında acı məğlubiyyətə uğradılar, həm də siyasi meydanda heç bir dəstək almadılar:

“Halbuki onlar o dəstəyə çox arxalanırdılar, ona bel bağlayırdılar. O dəstəyi almadıqdan sonra həmişə olduğu kimi, müxtəlif ölkələri ittiham etməyə başladılar. Axırda məcbur olub aprel döyüşlərinin məğlubiyyətini etiraf etdilər. Gah deyirdilər ki, onlar torpaqları itirməyiblər. Gah deyirdilər ki, o, əhəmiyyətsiz torpaqlardır. Gah da deyirdilər ki, onlar o torpaqları geri qaytaracaqlar. Bütün bunlar hamısı yalandır. Ermənistan rəhbərliyi özünü o qədər biabırçı vəziyyətə saldı ki, onun acı nəticələrini Ermənistan bu gün də hiss edir”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Sarkisyan   Qarabağ   Ermənistan  





Xəbər lenti