`İbrahimbəyovun davası mülk, torpaq davasıdır`

  28 Avqust 2013    Oxunub : 365
`İbrahimbəyovun davası mülk, torpaq davasıdır`
"EL" hərəkatının Ali Məclisinin sabiq müavini Əflan İbrahimov Rüstəm İbrahimbəyovun onunla bağlı səsləndirdiyi ittihamlara cavab verib.
Ə.İbrahimov bildirib ki, Rüstəm İbrahimbəyovun bir neçə simaya qulluq etdiyi bəlli oldu: "Bu ana qədər fikirləşirdim ki, Rüstəm İbrahimbəyov yaşlı adamdır, onun səhvlərini qabartmaqla onu stressə salmaq lazım deyil. Onsuz da Seçki Məcəlləsini və Konstitusiyanı yaxşı bilməmək Rüstəm İbrahimbəyovu respublikada biabr etdi. Bununla yanaşı Eldar Namazov kimi qanunları zəif dərəcədə bilən bir insan özünü bilməməzliyə vurub Rüstəm İbrahimbəyovu savadsızcasına biabr etdi. Rüstəm bəy! Müxalifətdə kimlərin olduğunu hələ sən yaxşı bilməzsən. Siz gəlib Əli Kərimovlarnan, Eldar Namazovlarnan, Cəmillərnən özünüzü bir səviyyəyə, ondan aşağı saldınız. Mən Rüstəm İbrahimbəyovla danışanda, o mənə başqa şey demişdi, bu səbəbdən də "EL" hərəkatının yaradılmasında üzərimə böyük öhdəlik götürdüm. Bu ziyalı insan mənim fikirlərimi öyrənmədən hər şeyi alt-üst edərək özünü Eldar Namazova, Əli Kərimliyə, Cəmil Həsənliyə bağladı. Rüstəm bəy! Məndən fərqli olaraq özünüzə xaricdən dəstək axtarırsınız. Demək sizin ixtiyarınız sizin özünüzdə deyil. Üst-üstə Azərbaycanda 3 il yaşamamısınız. "EL" hərəkatını yaradıb, sizi müdafiə etməklə sizin markanızı mən və komandam qaldırmışdı".

Ə.İbrahimov deyib ki, son vaxtlar Rüstəm İbrahimbəyova görə, bütün şirvanlılar biabr olub: "Ona görə, o sözünün üstündə durmayan, əqidəsini tez-tez dəyişən bir adamdır. "Sənədlərinin düzəlib və ya düzəlməyəcəyi halda avqustun 2-də vətənə dönəcəyəm" deyən Rüstəm İbrahimbəyov Azərbaycana gəlməməklə xalqın ümidini qırdı və qorxaq simasını göstərdi. Hansı oyunu oynadığınızı özünüz fikirləşin. Bu xalqın içərisində yaşamayan, dərdini bilməyən Rüstəm İbrahimbəyov bu xalq üçün nə yaxşılıq edə bilər axı? Yalnışlıq Rüstəm İbrahimbəyovdadır. Bu hakimiyyət sənin üçün hər cür şərait yaradıb. Daha bu dövlətdən niyə narazısan? Əslində Rüstəm İbrahimbəyovun hakimiyyətlə davası mülk, torpaq davasıdır, xalqın mənafeyi deyil. Rüstəm bəy! Bilməliydiniz ki, mənimlə mübarizə aparmaq eldarların, eldənizlərin, əli kərimlilərin işi deyil".
Ə.İbrahimov vurğulayıb ki, Rüstəm İbrahimbəyovu Azərbaycanda, xüsusən Şirvanda heç də tanımırlar: "O, doğulduğu Şamaxı torpağına heç bir kömək etməyib, pullarını çürük və fəlakətli işlərə sərf edib. Rüstəm bəy! Mən sizə görə utandım, qazandığınız uğurları da itirəcəksiniz, necə mənim yaratdığım "EL" hərəkatını itirdin". (trend)

Teqlər: