Nazirlik film qalmaqalına reaksiya verdi

Nazirlik film qalmaqalına reaksiya verdi
  04 Aprel 2017    Oxunub:2041
"Ölkədə müstəqil şəkildə fəaliyyət göstərən “CinemaPlus” və “Park Cinema” kinoteatr şəbəkələri və onların nəzdindəki distributor şirkətləri arasında son zamanlar yaranmış xoşagəlməz münasibətlər cəmiyyətdə və internet məkanında müzakirələrə səbəb olub. Məntiqi izahı olmayan bu xoşagəlməz hal narahatlıq doğurmaya bilməz".
AzVision.az xəbər verir ki, bunu Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov deyib.

O, bildirib ki, statusundan, fəaliyyət növündən asılı olmayaraq hər bir mədəniyyət müəssisəsinin vəzifəsi insanların asudə vaxtlarının səmərəli keçirilməsinə şərait yaratmaq və onlara yüksək səviyyəli mədəni xidmətin göstərməkdir.

"Kino sahəsində bir növ inhisarçı mövqe tutan müəssisələr tamaşaçı marağını hər şeydən üstün tutmalı və bu marağa zərər verə biləcək addımlara yol verilməməlidir. Hazırda ölkəmizdə dövlət sifarişli filmlərlə yanaşı, müstəqil kino sahəsində də canlanma müşahidə edilməsi və milli filmlərə tamaşaçı marağının artması müsbət hal kimi xarakterizə oluna bilər. Bu prosesin inkişaf etməsi bütün maraqlı tərəflərin xoşməramlı münasibətindən asılıdır. Ona görə də kino fəaliyyəti ilə məşğul olan hər bir müəssisə özəl biznes maraqları ilə yanaşı, həm də ümumi mənafelərin qorunmasına çalışmalıdır.

Mədəniyyət və Turizm Nazirliyi tərəfləri məsələnin qarşılıqlı hörmət və anlaşma şəraitində müsbət həllinə və gələcəkdə də ictimai narazılıq doğuran halların baş verməməsi üçün son dərəcə diqqətli olmağa çağırır.

Bildiririk ki, Azərbaycan filmlərinin yayımının təşkil olunması ölkəmizdə fəaliyyət göstərən hər bir kinoteatrın vəzifə borcudur".

Şahanə Rəhimli




Teqlər: NazirlikFilm   Kinoteatr  





Xəbər lenti