Nazarbayevin Bakı səfəri haqda: "Qarabağ üçün əhəmiyyətlidir" (ŞƏRH)

Nazarbayevin Bakı səfəri haqda: "Qarabağ üçün əhəmiyyətlidir" (ŞƏRH)
  04 Aprel 2017    Oxunub:7871
Qazaxıstan prezidenti Nursultan Nazarbayev aprelin 2-3 aprel tarixlərində Azərbaycanda səfərdə olub. Səfərin yekunlarına dair Azərbaycan prezidenti İlham Əliyevlə birgə keçirilən mətbuat konfransında Qazaxıstan prezidenti önəmli fikirlər səsləndirib.
Nazarbayev vurğulayıb ki, Qazaxıstan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün əlindən gələni edir:

“Qazaxıstan Azərbaycanla olduğu kimi, Ermənistan və Gürcüstanla da mehriban münasibətlər saxlayır. Biz istərdik ki, burada sülh olsun və məsələ sülh yolu ilə həll edilsin. Biz bu yolda əlimizdən gələni edirik, necə deyərlər, hamıya məsələnin sülh yolu ilə həll olunmasını təklif edirik. Yeri gəlmişkən, bu, həm Ermənistan, həm də Azərbaycan xalqlarının, eləcə də, bizim hamımızın maraqlarına cavab verir. Hamımız bir yerdə yaşayırıq. Biz ticarət etməli, yaşamalı və inkişaf etməliyik”.

Azərbaycan Prezidenti İlham Əliyev isə vurğulayıb ki, ölkələrimiz arasında ikitərəfli münasibətlərin möhkəm təməli var.



Qazaxıstan prezidentinin Azərbaycana səfərini AzVision.az-a şərh edən millət vəkili Aydın Mirzəzadə bildirib ki, bu səfər iki ölkə arasındakı münasibətlərin dərinləşməsinə, yeni əməkdaşlıq sahələrinin tapılmasına və inkişaf etdirilməsinə ideal şərait yaradır:

“Azərbaycan və Qazaxıstan dost, qardaş ölkələrdir. Bir çox ağrılı problemli məsələlərin həllinə eyni yanaşmaları var. Qazaxıstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Azərbaycanla bağlı prinsipial məsələlərdə qətiyyətli mövqeyini ortaya qoyur. Azərbaycanda Qazaxıstan prezidenti Nursultan Nazarbayev Azərbaycanın böyük dostu kimi tanınır. Belə qarşılıqlı səfərlər iki ölkə arasındakı münasibətlərin dərinləşməsinə, yeni əməkdaşlıq sahələrinin tapılmasına və inkişaf etdirilməsinə, ən əsası isə beynəlxalq aləmdə mövcud olan problemlərin birgə müzakirəsi üçün ideal şərait yaradır. Bu səfər Azərbaycan və Qazaxıstan arasındakı dostluğun möhkəm olduğunu və hər iki tərəfin bu dostluğa sadiq olacağını göstərir.

Görüşlərdə qarşılıqlı iqtisadi əməkdaşlığın müzakirə edilməsi, birgə investisiya qoyuluşu üçün müvafiq şəraitin yaradılması məsələsi ciddi surətdə müzakirə edilib. Bu səfər göstərdi ki, Azərbaycan və Qazaxıstan iki türkdilli dövlət kimi münasibətləri ilə bütün dünyaya nümunə ola bilərlər".

A.Mirzəzadə əlavə edib ki, Qazaxıstan, konkret olaraq prezident Nursultan Nazarbayev hər zaman Dağlıq Qarabağ məsələsində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib, işğal edilmiş ərazilərimizdən Ermənistan qoşunlarının çıxarılmasını tələb edib.

"Məhz Qazaxıstan prezidenti Ermənistan Avrasiya İttifaqına üzv olarkən təşkilatın qaydalarının ancaq Ermənistan ərazilərinə şamil olunacağı tələbini qoyub. Ermənistan bununla razılaşmalı olub. Bu baxımdan Nursultan Nazarbayevin Dağlıq Qarabağla bağlı dediyi fikirlər əvvəlki prinsipial mövqeyinin daha da inkişaf etdirilməsidir. Hesab edirəm ki, beynəlxalq birlikdə Azərbaycanın Qazaxıstan kimi müttəfiqinin, ağrılı problemlərimizə beynəlxalq hüquq normaları baxımından yanaşan dövlətlərin sayının çox olması problemin həllini daha da yaxınlaşdırır” – deyə A. Mirzəzadə vurğulayıb.



Siyasi ekspert Arzu Nağıyev qeyd edib ki, Qazaxıstan KTMT-nin üzvüdür və demək olar ki, bu üzvlük çərçivəsində Azərbaycanın mövqeyini, ərazi bütövlüyünü və suverenliyini daim dəstəkləyir:

“Biz bunun şahidi kimi dəfələrlə Nazarbayevin Sarkisyana qarşı mövqeyini görmüşük. Eyni zamanda Suriya məsələsində Astana bir müstəvi kimi seçilib və artıq dünya tərəfindən terrorla mübarizədə iştirak edən sülhsevər bir dövlət kimi tanınır. Məhz bütün bu məsələlərdən istifadə etməklə Ermənistana təzyiq etmək, Rusiya ilə Dağlıq Qarabağ münaqişəsinin həllini reallaşdırmaq üçün Qazaxıstanın Azərbaycana münasibəti mühüm əhəmiyyət kəsb edir və Qazaxıstanın yenidən bu prosesə qoşulması mühüm əhəmiyyət daşıyır. Bundan başqa birgə iqtisadi layihələrin də əhəmiyyəti danılmazdır. Bu, həm Xəzər dənizi ilə, həm də limanların birgə istismarı və istifadəsi ilə də bağlı ola bilər”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Qazaxıstan   Nazarbayev   Bakı   Səfər  





Xəbər lenti